Azay Quliyev: Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və prinsipial mübarizə aparır

07.03.2017 15:19     A-reaksiya     1346

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda haqlı, ardıcıl və prinsipial mübarizə aparır.

Reaksiya.az-ın məlumatına görə, bunu millət vəkili Azay Quliyev bu gün parlamentin plenar iclasında çıxışında deyib.

A.Quliyev bildirib: "Hörmətli xanım Birinci vitse-prezident! İcazə verin mən də, hörmətli Mehriban xanım, Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə ürəkdən təbrik edim, belə bir mühüm və məsuliyyətli dövlət işində Sizə uğurlar arzulayım. Sizin ali dövlət vəzifəsinə təyin olunmağınız ölkə vətəndaşları və dünyada yaşayan soydaşlarımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı, beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildi. Bu da təsadüfi deyil. Ona görə ki, Siz geniş ictimai-siyasi və beynəlxalq fəailiyyətinizlə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və rəğbət qazanmısınız. Sizin ulu öndərin ölməz ideyalarını həyata keçirən, milli dövlətçilik məfkurəsini yeni nəsillərə çatdıran çoxşaxəli fəaliyyətiniz, xalq və dövlət qarşısındakı xidmətləriniz haqqında saatlarla danışmaq olar.

Mübaliğəsiz demək olar ki, təkcə Heydər Əliyev Fondunun qurucusu və prezidenti olaraq gördüyünüz işlərə və həyata keçirdiyiniz milli və beynəlxalq layihələrə görə, hər kəs Sizə hörmət edir və səmimi minnətdarlığını bildirir. Siz Azərbaycanda kimsəsizlərin və köməyə ehtiyacı olanların ümid yeri və dayağısınız. Azərbaycanda humanizm, mərhəmət və xeyriyyəçilik ənənələrinin yenidən canlanması Sizin adınızla bağlıdır. Siz Milli Məclisin deputatı kimi, məhbəsdə olan vətəndaşlarımızı da unutmamış, parlament tərəfindən qəbul edilən 4 Amnistiya aktının müəllifi olaraq, on minlərlə məhbusun azadlığa çıxmasına və onların bağışlanmasına nail olmusunuz".

Millət vəkili qeyd edib ki, bu gün qədim muğam sənəti Mehriban Əliyevanın sayənizdə özünün intibah dövrünü yaşayır və UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi və şifahi irsinin şah əsəri kimi qorunur:

"Siz, dünya mədəniyyətinə və sivilzasiyalararası dialoqa çox böyük töhfələr vermisiniz. Ümumdünya mədəni irsinin bir hissəsi olan Vatikandakı müqəddəs Marçellino və Pyetro katakombalarını bərpa etməyiniz, dünyada ilk dəfə bir müsəlman ölkəsinin dözümlülük, tolerantlıq nümayiş etdirərək xristianlıq dəyərlərinin qorunub saxlanılmasına yardımı kimi tarixə düşdü. Bütün qərb mətbuatı Sizin bu addımınızı dinlərarası və mədəniyyətlərarası dialoqa verilən sanballı töhfə, Azərbaycanı isə müasir, inkişaf etmiş və tolerant bir ölkə kimi təqdir etdi. Siz, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda haqlı, ardıcıl və prinsipial mübarizə aparırsınız. Sizin qeyri-hökumət təşkilatlarına və bütövlükdə vətəndaş cəmiyyətinə verdiyiniz hərtərəfli dəstək son dərəcə qiymətlidir. Fürsətdən istifadə edib, Azərbaycanımız üçün etdiklərinizə, dövlət və millət adına göstərdiyiniz yorulmaz fəaliyyətinizə görə Sizə ictimaiyyət adından dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Birinci vitse-prezident və cənab Prezidentin ən yaxın silahdaşı kimi, Siz bundan sonra da daha mühüm nailiyyətlərə imza atacaqsınız. Bu işdə Sizə uğurlar arzulayıram".

Reaksiya.az

Şərhlər