Türkiyə Rusiyada Bakıya sürpriz hazırlayır

07.11.2017 12:01     A-reaksiya     1982

Rusiyada Qarabağ münaqişəsinin sırf regional kontekstdə müzakirəsi gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya və Türkiyə prezidentlərinin yaxın iki həftə ərzində Rusiyada gözlənilən görüşü ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Ərdoğan və Putinin görüşünün önəmini xüsusilə vurğulayıb:

“Ötən ilin payız aylarında Rusiya və Türkiyə xarici işlər nazirlərinin ikitərəfli görüşündə Türkiyənin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirakına dair açıq müzakirələr getmişdi. Ankara Moskvanın bu təklifini maraqla qarşılasa da, bu müddət ərzində heç bir real hərəkət baş verməyib. Türkiyə və Rusiya prezidentlərinin bundan öncəki görüşlərində bu məsələ ilə bağlı müzakirələrin getdiyi istisna deyil. Görünür, son nəticədə Türkiyənin prosesdə iştirakını ayrıca müzakirə etməyə ehtiyac duyublar. Bu görüş göstərir ki, prezidentlər Qarabağla bağlı ümumi danışıqlar prosesində Türkiyənin yeri ilə kifayətlənməyiblər. Əslində, bu, müsbət hadisədir. Türkiyə Minsk Qrupunun üzvüdür, dolayısı ilə olsa da, münaqişənin iştirakçısıdır. Rusiyada Qarabağ münaqişəsinin sırf regional kontekstdə müzakirəsi gözlənilir”.

Politoloq hesab edir ki, hər iki ölkənin regionda kifayət qədər maraqları var:

“Türkiyə Rusiyada öz mövqeyini ortaya qoyacaq ki, bu, Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Moskva isə öz mövqeyini sərgiləməkdən çəkinməyəcək. Bildiyiniz kimi, Rusiya və Türkiyə arasında bir sıra mühüm layihələrinin gerçəkləşməsi üçün hava və hazırkı dəmir yolu xətləri kifayət etmir. Ancaq Qarabağ münaqişəsinin tənzimlənməsi hər iki ölkəyə yeni imkanlar aça bilər. Bu üzdən Rusiyada Qarabağla bağlı çox ciddi müzakirələrin gedəcyini istisna etmirəm. Türkiyə Rusiyada Azərbaycanın maraqlarını əks etdirməklə kifayətlənməyərək, Bakının şərtlərini də diqtə edəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Dağlıq Qarabağ məsələsinə görə bir araya gələcəyi gözlənilir.

Reaksiya.az

Şərhlər