Deputat: Ermənistan qırmızı xətti çoxdan keçib

18.11.2017 10:35     A-reaksiya     1724

Əvvəllər Ermənistan özünün ciddi problemlərini gizlətməyə çalışırdısa, indi bunu etmək çox çətindir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı qərara münasibət bildirərkən deyib.

A.Mirzəzadə bildirib ki, birinci problem Ermənistan əhalisinin gündən-günə azalması, əhalinin köç etməsidir: “Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və işğal edilmiş torpaqlarda hərbi kontingent saxlamalıdır. Bu gün Ermənistan həmin hərbi kontingeti insan resursları ilə doldurmaqda ciddi çətinliklər çəkir və son variant kimi çıxış yolunu tələbələri hərbi xidmətə çağırmaqda görür. Ancaq göründüyü kimi bu məsələ Ermənistanda böyük ictimai narazılıq yaradıb”.

Deputat bildirib ki, eyni zamanda Ermənistanın iqtisadi siyasətində çox güclü militarist amillər nəzərə çarpır: “Bir qayda olaraq ölkələr iqtisadiyyatı gücləndirmək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, tələbat olan məhsulların qiymətinin qalxmaması üçün ƏDV-ni ləğv edir, Ermənistan isə hərbi sursatların alınmasına ƏDV-ni ləğv edir. Göründüyü kimi Ermənistan iqtisadiyyatın deyil, Azərbaycan torpaqlarında hərbi kOntingentin saxlanmasını düşünür. Bu əslində Ermənistanın qırmızı xətti çoxdan keçməsidir, artıq uçuruma yuvarlanmasıdır, ciddi problemlər məngənəsində çabalamasıdır. Hesab edirəm ki, Azərbycan ərazilərinə torpaq iddiası Ermənistanı sonda bu vəziyyətə gətirib çıxarmalı idi”.

Reaksiya.az

Şərhlər