Qərb Ankaraya qarşı: - ABŞ-ın Ərdoğan planı...

21.11.2017 11:50     A-reaksiya     2234

Türkiyə-NATO münasibətlərindəki gərginliyin bu ölkənin təşkilatdan çıxacağı ilə nəticələnəcəyini gözləmirəm.

Bu sözləri axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, yalnız gərginlik bir müddət davam edə bilər:

“Artıq Qərb də Türkiyənin indiki mövqeyindən ehtiyat edərək bəzi addımlar atır. Məsələn, Səudiyyə Ərəbistanının radikallıqdan uzaqlaşdırılması, Kürdüstanın yaradılması və əvvəllər İncirlikdə və digər ərazilərdə mövcud olan hərbçilərin, bazaların funksiyasının onlara verilməsini və başqa halları deyə bilərik. AKP-yə 2019-cu il seçkilərində rəqib partiyanın yaradılmasına dəstək verilməsi onu göstərir ki, ABŞ strateqləri Ərdoğanın sürprizi ilə qarşılaşmaqdan ehtiyat edərək həm daxildə, həm xaricdə onun Qərbdən uzaqlaşmasının qarşısını almaq, eyni zamanda, belə bir ehtimal baş verərsə, vəziyyətə hazırlıqlı olmaq üzərində işləyirlər”.

Politoloq qeyd edib ki, 65 illik əlaqələri belə asanlıqla qırmaq olmaz:

“Tək ABŞ-ın Türkiyədə 60-dan çox hərbi obyekti - aerodromları, hərbi dəniz bazaları, raketlərin başlanğıc məntəqələri, xüsusi təyinatlı anbarları var. Doğrudur, Türkiyənin həm Rusiyadan S-400 alması, həm Suriyada hərbi-texniki varlığı, daxildə isə öz qüdrətinə görə NATO-da ikinci olan ordudakı islahatları və s. Qərbi narazı salır, lakin Türkiyə kimi mövqeyi olan dövləti NATO heç zaman itirmək istəməz. Ərdoğan da bunu yaxşı bildiyi üçün Qərbə öz şərtlərini qəbul etdirmək üçün indiki siyasəti yeridir. Bununla belə, NATO özü də Türkiyəyə lazımdır. Türkiyə yeri gəldikdə NATO vasitəsilə Avropa ölkələrinə təsir göstərməyə çalışır. Məsələn, Avstriyanın Türkiyənin Avropa Birliyinə üzvlüyünü blok etməsinə cavab olaraq, Türkiyə də bu ilin may ayında Vyananın NATO proqramlarında iştirakını blok etmişdi. Eyni zamanda, NATO vasitəsilə Türkiyə Avropa Birliyinin Kipr məsələsinə mövqeyinə də təsir göstərə bilir”.

Politoloq vurğulayıb ki, Türkiyə və NATO arasında hazırda mövcud olan münasibətləri dərin etimadsızlıq böhranı kimi səciyyələndirmək olar:

“Bu cür hallar istənilən dövlətlə təşkilat arasında baş verə bilər. NATO-nun özünün 60-cı illərdə Fransa ilə münasibətlərindəki gərginlik dərin uçurum yaratmışdı. Lakin onilliklər sonra əlaqələr bərpa olundu”.

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

Norveç və NATO Türkiyədən rəsmi şəkildə olaya görə üzr istəyib.

Reaksiya.az

Şərhlər