XƏZƏRİN DİBİNİN BÖLÜŞDÜRÜLMƏSİ NİYƏ GECİKİR ? - ANALİZ

21.11.2017 19:50     A-reaksiya     2258

"İndi Xəzərin statusuna münasibətdə dövlətlər iki qrupa bölünüb. Rusiya, Azərbaycan və Qazaxstan bir mövqedən, İranla Türkmənistan isə başqa mövqedən çıxış edir"

Xəzər dənizinin hüquqi statusunu təyin edilməsinə müxtəlif yanaşmalar mövcuddur”.
 
Bu barədə "Sherg.az”a dekabrın 4-5-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşü barədə danışarkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu bildirib. 
 
Görüşün əsas məğzinin Xəzərin statusu məsələsi olduğunu vurğulayan ekspert vurğulayıb ki, neft və təbii qaz ehtiyatları baxımından zənginliyi və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır:
 
"Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb.
Xəzərin statusu ilə bağlı səsləndirilən yanaşmalar isə fərqlidir. Beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə, 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq, hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə, dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur.İranın irəli sürdüyü bu həll yoluna, Xəzərlə ən uzun sahili olan dövlətlər - Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda, özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.
 
Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür. Moskva eyni zamanda Azərbaycanın ABŞ və Avropa Birliyinə yaxınlaşacağını düşünür.
 
Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq, iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi "orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Bakı ilə özü arasında orta xəttin çəkilməsi zamanı yarımadanın nəzərə alınmamasının lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə "Kəpəz" və "Azəri-Çıraq" yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində olan bu yataqlar, Türkmənistanın iddiaları qəbul olunacağı halda, türkmənlərə aid milli sektora daxil olacaq.
 
Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlayıb, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında "orta xətt" prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşıb".
 
Türkmənistanın Xəzərin statusuna münasibətdə İranla eyni mövqedə qalmaqda davam etdiyini söyləyən analitik hesab edir ki, Azərbaycanın təkliflərində Türkmənistan üçün maraqlı detallar çoxdur:  
 
"Azərbaycan Türkmənistan üçün Avropaya çıxış ola bilər. Hazırda öz neft və qaz ehtiyatlarını Rusiya ərazisi ilə ixrac edən Türkmənistan üçün belə çıxış hava və su kimi lazımdır. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçəcək dəmir yolu xətti də Türkmənistan üçün maraq kəsb edir. Çin ilə Avropanı birləşdirəcək bu xətt Orta Asiya üçün mühüm önəm kəsb edə bilər. Lakin bunlar hələ perspektivin problemləridir. Yaxın dövr üçün Türkmənistanın dəyişməsinin ən əsas göstəricisi, onun Xəzərin statusuna münasibətidir. Türkmənistan mövqeyini dəyişsə, bu, Xəzər problemi ilə bağlı yaranmış bölgünü aradan qaldıra bilər.
 
İndi Xəzərin statusuna münasibətdə dövlətlər iki qrupa bölünüb. Rusiya, Azərbaycan və Qazaxstan bir mövqedən, İranla Türkmənistan isə başqa mövqedən çıxış edir. Xəzərin Qərb üçün önəmi, ilk növbədə enerji amili ilə bağlıdır. Türkmənistanın bu mühüm məsələdə - enerji məsələsində İranla bir cərgədə olması onun üçün kifayət qədər problem yaradır. Hazırda ABŞ-ın və Avropa dövlətlərinin Türkmənistana münasibəti çox soyuqdur. Bu soyuqluğun həm siyasi, həm də geosiyasi səbəbləri var. Xəzərin statusu da bu səbəblərdən biridir”.
 
Qeyd edək ki, Rusiya XİN-in məlumatına görə, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin qarşıdakı Moskva müşavirəsinə hazırlıq kontekstində Xəzərdə əməkdaşlıq problematikası ətraflı müzakirə olunub.
 

Şərhlər