"The Washington Times": ABŞ Dağlıq Qarabağdakı separatçıları maliyyələşdirməyi dayandırmalıdır

22.11.2017 12:22     A-reaksiya     1959

ABŞ-ın nüfuzlu "The Washington Times" qəzeti rəsmi Vaşinqtonu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa maliyyə yardımını dayandırmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Dağlıq Qarabağ məsələsində mənəvi orientri itirmək" ("Losing the moral compass over Nagorno-Karabakh" ) məqaləsində bildirilib.

Müəllifin sözlərinə görə, ABŞ-ın xarici yardımı sadəcə, rəqəmlər deyil, həm də mesajdır. Buna misal Dağlıq Qarabağdır - Azərbaycanın beynəlxalq səviyyədə tanınan, Ermənistan tərəfindən qanunsuz işğal olunmuş ərazisidir.

Müəllif yazır ki, Donald Tramp administrasiyası Ermənistana maliyyə yardımını 70% azaltdığı təqdirdə Azərbaycana dəstək 90% azaldılıb. O, bununla Vaşinqtonun "mənəvi orientri" itirdiyini, Dağlıq Qarabağda ərazi işğalının qurbanı olan Azərbaycana yardımı real işğalçı Ermənistandan daha çox məhdudlaşdırdığını vurğulayıb.

Bundan əlavə, məqalədə ABŞ-ın dövlət büdcəsindən Dağlıq Qarabağda tanınmayan separatçı rejimə Birləşmiş Ştatlar üçün heç də böyük məbləğ olmasa da, 1,5 milyon dollar vəsait ayrılması xüsusi diqqətə çatdırılır: "Bu addımı atmaqla ABŞ dünyaya nə demək istəyir?"

Müəllif rəsmi Vaşinqtonun tanımadığı qondarma respublikaya maliyyə yardımı ayırması fonunda Azərbaycanın ərazi bütövlüyünü tanımasının sözdə yox, əməldə - məhz elə Dağlıq Qarabağa maliyyə yardımının dayandırılmasında göstərilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, müəllif işğal altındakı Dağlıq Qarabağın həmçinin amerikalı qanunvericilərin işğal olunmuş ərazilərə səfərləri şəklində dəstək aldığını vurğulayıb və bunun ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü haqqında açıqlamalarına zidd olduğunu qeyd edib. Məqalədə bildirilir ki, Dağlıq Qarabağ maliyyə dəstəyi almağa davam edərsə, ABŞ Konqresinin üzvləri özlərini tanınmamış ərazilərə səfərlərdə iştirak etməkdə haqlı saymağa davam edəcəklər.

Müəllif həm də Rusiyanın vassalı adlandırdığı Ermənistanın nə üçün ABŞ tərəfdən dəstəklənməsinə dair sual verir. Cavab olaraq isə deyir: "Birləşmiş Ştatlar Ermənistanın qanunsuz hərəkətlərini rədd etməklə ruslara güclü mesaj göndərməlidir. Dağlıq Qarabağa maliyyə yardımının dayandırılması ABŞ-ın dünyadakı mövqeyi üzrə həlledici əhəmiyyətə malik olacaq".

Reaksiya.az

Şərhlər