Gizli təhlükə

22.12.2017 14:58     A-reaksiya     2346

Strateji postların ermənilər tərəfindən ələ keçirilməsi ilk növbədə Rusiyanın özü üçün risklidir

Ermənilər Rusiyanın media sektorunu ələ almaq üçün dəridən qabıqdan çıxırlar. Bu işdə onlara media qurumlarında çalışan soydaşları xüsusilə yardımçı olur. Srağagün onlardan biri "Qazprom - Media Holdinq”in nəzdindəki QPM KİT (Kino və Televiziya. İstehsal, icarə distrubisiya) kompaniyalarının baş direkoru Rafael Minasbekyan Yerevanda səfərdə olub. Onu çox böyük təmtəraqla qəbul ediblər. Ermənistan prezidenti Serj Sarkisyan da R.Minasbekyanla görüşüb. Keçirilən görüşlərdə bundan sonra "Qazprom - Media Holdinq” və Ermənistanın İctimai Televiziyasının birgə filmlərin istehsalı ilə məşğul olmaları barədə razılaşma əldə edilib. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, S.Sarkisyanla görüşdə Ermənistan İctimai Teleradio Şirkəti Şurasının rəhbəri Ruben Caqirtan da iştirak edib. Məlumata görə, Minasbekyan "Qazprom-media holdinq”in Ermənistan İctimai Televiziyası ilə əməkdaşlığını, o cümlədən birgə kino istehsalı məsələlərini müzakirə edib. Minasbekyanın sözlərinə görə, bu əməkdaşlıq Ermənistan və Rusiya arasında çoxəsrlik dostluğun möhkəmləndirilməsinə yönələcək. Ermənistan prezidenti də təşəbbüsü dəstəkləyərək, bu kimi addımların vacibliyini, onun ikitərəfli əlaqələrin möhkəmlənməsinə yönəldiyini, belə planların reallaşmasına maksimal dəstək verəcəyini bildirib.
 
 
 
Rusiya Xarici İşlər Nazirliyinin ermənipərəst addımlarının, işğalçını dəstəkləmək xarakterli bəyanatlarının ardınca indi də rus mediasının Ermənistana qucaq açması təəssüf hissi doğurur. Mövzu ilə bağlı "Kaspi”yə fikirlərini bölüşən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, əməkdar jurnalist Azər Həsrət Rusiyada azərbaycanlılarla yanaşı, erməni diasporunun da fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edib ki, ermənilərin sayları bizim qədər olmasa da onlar daha çox strateji mövqeləri ələ keçirməyə çalışırlar. Onun sözlərinə görə, azərbaycanlılar sayları çox olduğu, özlərini daha rahat hiss etdikləri üçün, arxayınlıqdan irəli gələrək, bir qədər strateji düşünməkdən uzaqdırlar: "Lakin ermənilərdə belə bir arxayınlıq yoxdur. Çünki, zəifdirlər, daim əzilmək qorxusu altında yaşayırlar, komplekslidirlər. Ona görə də məcburiyyətdən irəli gələrək Rusiyada strateji məqamları ələ keçirməyə çalışırlar. Bu strateji məqamlar içərisində Rusiyanın media sektoru ön sırada gedir. Başa düşürlər ki, bu sektorda irəlidə olsalar öz təbliğatlarını daha geniş auditoriyaya çatdıra bilərlər. Bu səbəbdən "Qazprom - Media Holdinq”in nəzdindəki kompaniyaların baş direktoru Rafael Minasbekyanın Yerevana səfərini təsadüf kimi qəbul etmək olmaz. Buna qədər də Rusiyanın bir çox media qurumlarında aparıcı mövqeləri ermənilər ələ keçiriblər və bundan istifadə edirlər”.
 
 
A.Həsrət deyib ki, strateji postlarda, mövqelərdə ermənilərin yerləşdirilməsi ilk növbədə Rusiyanın özü üçün təhlükəlidir: "Rusiya bəzi strateji mövqeləri ermənilərə etibar etməklə, əslində öz ayağının altını qazır. Ermənilər özlərini Rusiya vətənpərvərləri, bu ölkə üçün çalışanlar kimi göstərmələrinə baxmayaraq, arzu etdikləri məqam, zaman gəldikdə, MOskvanın maraqlarını arxa plana keçirib bu mövqelərdən sırf öz məqsədləri üçün, Ermənistan mənafeyi üçün istifadə edəcəklər. Bu isə Rusiyanın maraqları ilə üst-üstə düşmür. Ona görə də Rusiya strateji əhəmiyyət daşıyan postları ermənilərə həvalə edərkən ciddi düşünməlidir. Azərbaycana gəldikdə isə biz də istərdik ki, Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin cəmiyyətində daha da ciddi mövqe, söz sahibi olsunlar, strateji mövqelərdə təmsil olunsunlar. Təəssüf ki, böyük millət olmağımız və bunun yaratdığı arxayınlıq fonunda azərbaycanlılar belə məsələlərdə o qədər də strateji düşünə bilmirlər. Bizdə aşağılıq, qorxu, əzilmək qorxusu, kompleksi yoxdur. Fikrimcə, bu komplekslərdən uzaq olsaq belə, strateji mövqelərdə təmsil olunmaq üçün Rusiyadakı azərbaycanlılar da ciddi çalışmalıdırlar. Bunu əks tədbir kimi də qəbul etməliyik. Çünki biz olmadığımız yerdə ermənilər olacaq və əleyhimizə çalışacaqlar, Azərbaycana təhlükə təşkil edəcəklər”. 
 
 
 
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli isə qəzetimizə açıqlamasında vurğulayıb ki, ermənilər yalnız Rusiyada deyil, dünyanın istənilən ölkəsində müxtəlif sahələrə, o cümlədən ictimai-siyasi sektora, media sahəsinə nüfuz edir, onlar üzərində təsir imkanlarına sahib olurlar. Ekspertin sözlərinə görə, ermənilər belə təsirləri mexanizm halına gətirirlər: "Ermənilər yaşadıqları ölkələrin ictimai-siyasi sektoruna nüfuz edib müxtəlif sahələrdə çalışmağa can atır, bir-birlərinə ciddi dəstək verir, əlavə qurumlar yaradır, təşkilatlanırlar. Bu təşkilatlanma xaotik formada deyil, düşünülmüş, sistemli şəkildə həyata keçirilir, Ermənistan maraqları naminə iş ortaya qoyurlar. Bütün bu proseslərdə erməni diasporu mühüm rol oynayır. Zaman-zaman Azərbaycana qarşı təşkil olunan kampaniyaları analiz edəndə bütün bu əməllərin arxasında erməni şəbəkəsinin dayandığı dərhal üzə çıxır. Ermənilər anti-Azərbaycan fəaliyyəti öz adlarından deyil, yaşadıqları cəmiyyətlərin, çalışdıqları qurumların, QHT-lərin adından həyata keçirirlər. Rusiya cəmiyyətində də biz belə mənzərənin şahidi ola bilirik. Ermənilər bu işlərə yüz illərlə vaxt sərf edib, hazırlaşıblar. Ona görə də bəzi hallarda öz "məqsədlərinə” nail də ola bilirlər. Azərbaycan isə bu kimi proseslərə müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra diqqət yetirməyə başlayıb. İki mininci illərdən sonra bu proses daha sistemli hal alıb. Düzdür, qısa zamanda Azərbaycan tərəfi də bir çox nailiyyətlər qazanıb. Amma erməni şəbəkəsi, diasporu, həmçinin bu şəbəkə və diaspordan alət kimi istifadə etmək istəyən qüvvələr bizə qarşı ciddi müqavimət göstərirlər. Çünki, böyük güclər bu prosesləri idarə edir, təmsil olunduğumuz regionda öz maraqlarını təmin etmək üçün erməni şəbəkəsindən yararlanır, onların təşkilatlanmasına dəstək verirlər”.
 

Şərhlər