SABİTLİK OLMADAN HEÇ BİR ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ

17.01.2018 13:45     A-reaksiya     2058

Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən ölkələr sırasındadır

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir çox məsələlərlə yanaşı, Azərbaycanın siyasi sabitliyinə, təhlükəsiz həyat şəraitinə də diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Prezident bildirib ki, həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib:
 
"Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Görünür, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşən dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir”. Dövlət rəhbəri bəyan edib ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır: "Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük.
 
 Sabitlik pozulan zaman inkişaf da dayanır. Ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. 
 
Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”. Prezident əminlikdə ifadə edib ki, 2018-ci ildə Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək: "Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək”.
 
 İctimaiyyət nümayəndələri də siyasi sabitliyin ən mühüm amil olduğunu hesab edirlər. Onların fikrincə, Azərbaycanda bugünədək aparılan uğurlu, ağıllı və balanslı siyasət ölkəmizi bir çox təhdidlərdən və təhlükələrdən xilas edib. 
 
İqtisadi İslahatların Təhlili və Kommunkasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, obyektiv sorğular nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Bu etimadın inkişafı ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir: 
 
"Prezident İlham Əliyevin dediyi kimi, ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, əksinə, 2017-ci ildə rekord sayda - 221 min yeni iş yerinin yaradılması əhalinin hökumətə etimadının daha da artmasına səbəb olub”. V.Qasımlının sözlərinə görə, "Siyasətçilərə ictimai etimad” adlı kateqoriya üzrə Azərbaycan "Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü geridə qoyub: "Bu kateqoriyada Azərbaycan bütün BRİCS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Azərbaycan "Qlobal rəqabətlilik hesabatında” daha bir kateqoriya - "Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə, dünyada 15-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır. Azərbaycanın yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir”.
 
Ekspert bildirib ki, xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib:
 
 "Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər. Təkcə 2017-18-ci illərdə Azərbaycan iqtisadiyyatına 30 milyard ABŞ dolları sərmayə yatırılacaq ki, bu da ölkənin ÜDM-nin 80 faizindən çoxdur. Azərbaycanda sabitliyin bir vacib təzahürü də ölkəmizə gələn turistlərin 2017-ci ildə 500 min nəfər artaraq 2,7 milyon nəfərə - rekord həddə çatmasıdır. Bütün bunlar dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürləridir. 
 
Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının daim artırılması buna təsir edən mühüm amillərdir. Prezidentin tapşırığı ilə mərkəzi hakimiyyət qurumlarının rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir”.
 

Şərhlər