TÜRKMƏNİSTANLA AZƏRBAYCANIN MÜZAKİRƏ MÖVZUSU: XƏZƏRİN STATUSU...

01.02.2018 16:46     A-reaksiya     1691

Azərbaycan prezidenti İlham Əliyevin planlaşdırılan Türkmənistan səfəri haqqında danışarkən politoloq Qabil Hüseynli deyib ki, bir müddət əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya səfər etdi:
 
"Bu səfər çərçivəsində bir sıra müqavilələr imzalandı. Türkmənistan tərəfi Azərbaycanı strateji tərəfdaş kimi tanıdığını bəyan etdi. Bu. iki ölkə arasındakı münasibətlərdə ciddi əlaqə idi və münasibətlər yeni səviyyəyə yüksəldi.
 
Azərbaycan prezidenti də Türkmənistanla Azərbaycan arasında hər hansı problem olmadığını vurğuladı. Prezident onu da əlavə etdi ki, yarana biləcək problemlərə görə, ölkə başçıları zəruri məsləhətləşmələr aparacaq.
 
Azərbaycan prezidentinin Türkmənistana planlaşdırılan səfəri bir növ cavab xarakteri daşıyır. Türkmənistanla Azərbaycan arasında əsas müzakirə mövzusu Xəzərin statusu və dənizdəki bəzi neft yataqlarının bölünməsi ilə bağlıdır. Güman edirəm ki, bu məsələlər də tezliklə həll ediləcək. Çünki tərəflər arasında artıq danışıqlar aparılır və Prezident İlham Əliyevin səfərinin nəticəsi olaraq yekun sənədə imza atıla bilər”.
 
Qeyd edək ki, Türkmənistanın Dövlət Agentliyinin məlumatına əsasən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.(sherg.az)

Şərhlər