TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN AÇILMASINDA RUSİYA NİYƏ MARAQLIDIR ?

09.03.2018 14:13     A-reaksiya     1594

"Dağlıq Qarabağ münaqişəsi həll olunmadığı müddətdə Ermənistan-Türkiyə sərhədlərinin açılması reallaşmayacaq”.
 
Bunu "Sherg.az”a Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokoldan danışarkən millət vəkili Elman Nəsirov söyləyib.
 
 O qeyd edib ki, iki dövlət arasında imzalanan Sürix protokolları diplomatik əlaqələrin bərpa olunmasını, quru sərhədlərinin açılmasını özündə ehtiva edirdi:
 
"Sonralar Türkiyənin tutduğu qətiyyətli mövqe nəticəsində protokolların icrası baş tutmadı. Türkiyə konkret şərtlərini irəli sürdü ki, sərhədlərin bağlanmasına gətirib çıxaran səbəb aradan qalxdığı halda sərhədlər açıla bilər. Nəticə olaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmadığı müddətdə sərhədlərin açılması reallaşmayacaq.
 
Həmin vaxtdan indiyə qədər Ermənistan bu şərtləri qəbul etməyib. Ona görə, məsuliyyət də bu dövlətin üzərinə düşdü. Ermənistan rəhbərliyi yaza qədər gözləyəcəyini, Türkiyə protokolları ratifikasiya etməsə xitam veriləcəyini bildirdi. Türkiyənin mövqeyi isə dəyişməz olaraq qalır”.
 
Rusiyanın bu məsələdə mövqeyinə gəlincə isə, millət vəkilinin sözlərinə görə, şimal qonşumuz Türkiyə-Ermənistan sərhədlərinin açılmasında maraqlıdır:
 
"Bu münasibət ondan qaynaqlanır ki, Rusiya Ermənistana lazımi iqtisadi dəstək verə bilmir. Bu iki dövlət əlaqə yaratmaq üçün Gürcüstan ərazisindən istifadə edir. Rusiya və Gürcüstan arasındakı münasibətlərin gərgin olması da hər kəsə məlumdur. Türkiyə ilə sərhədlər açıldığı halda Ermənistanın iqtisadi durumu yaxşılaşa bilər. Bu da Rusiyanın maraqlarına uyğundur.
 
Türkiyə NATO ölkəsidir. Ermənistan Türkiyə ilə yalnız iqtisadi ticarət əlaqələri ilə yaxınlaşa bilər. Bu, Rusiyanın dəyişməz mövqeyidir. Beləliklə, hazırkı vəziyyət göstərir ki, blokadadan çıxmaq Ermənistanın öz əlindədir”.
 
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, bu dövlət Türkiyə və Ermənistan əlaqələrinin normallaşmasını vacib hesab edir.
 

Şərhlər

Çox oxunanlar