İsrail səfiri: “Azərbaycanla müdafiə sahəsində mükəmməl əlaqələrimiz var”

27.03.2018 12:06     A-reaksiya     1804

"Biz Minsk qrupunun münaqişənin həllinə gətirib çıxaracaq səylərini və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".

Reaksiya.az xəbər verir ki, bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib. 

Səfir, Azərbaycan prezidenti İlham Əliyevin münaqişənin sülh yolu ilə həllinə dair qərarlılığını təqdirəlayiq hesab etdiyini və kənardan məsləhət verməyin çox asan olduğunu qeyd edib: "Kənarda dayanmaq və məsləhət vermək çox asandır. Mən düşünmürəm ki, bu məsələ ilə bağlı konkret məsələhətlər vermək mümkündür. Hesab edirəm ki, müəyyən prinsiplərə əməl olunmalıdır. 

Hesab edirəm ki, ərazidə vəziyyəti stabilləşdirmək çox vacibdir. Bu, təhlükənin səviyyəsini azaldır və imkan verir ki, ölkənin inkişafına daha çox resurs yönəldilsin. Əsas da qonşu ölkələrlə münqişələri sonlandırmaq arzuolunandır. Biz bunu birbaşa kontaktlarla, danışıqlar üçün əlverişli mühit yaradan üçüncü ölkələrin köməyi ilə etdik. Burada görürük ki, Azərbaycan və Ermənistan Minsk qrupunun səylərini dəstəkləyir. Biz də Minsk qrupunun səylərini dəstəkləyirik, çünki bu, hər iki tərəf üçün qəbul olunmuş formatdır. Bilirəm ki, bu istiqamətdə bir sıra danışıqlar aparılır". 

Dan Stav, 2016-cı ildə prezidentlərin iki görüşünü və ötən il keçirilən sammiti müsbət qarşıladıqlarını deyib. 

"Ümid edirik ki, bu, dönüş nöqtəsinə gətirib çıxaracaq. Ümid edirəm ki, xüsusilə seçkilərdən sonra davam edəcək danışıqlar münaqişənin həqiqətən həll olunmasına şans yaradacaq. Azərbaycan bu istimətdə haqlıdır ki, bu münaqişənin həllində hər bir tərəf qazanacaq. Yenə də deyirəm, mən o mövqedə deyiləm ki, Azərbaycan və Ermənistana diktə edim ki, nizamlanma necə olmalıdır. Mən yalnız ümid edirəm və bu, mənim ölkəmin mövqeyidir ki, biz Minsk qrupunun münaqişənin həllinə gətirib çıxaracaq səylərini dəstəkləyirik. Biz nəticə verəcək və hər iki tərəf üçün uyğun olacaq danışıqları və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", - deyə o qeyd edib. 

Azərbaycan və İsrail arasında müdafiə sahəsində mükəmməl əlaqələrin olduğunu bildirən səfir, bu sahə üzrə əlaqələrin vacib olduğunu vurğulayıb: "Müdafiə sahəsində mükəmməl əlaqələrimiz mövcuddur. Bu, davam edəcək və biz anlayırıq ki, bu sahə əlaqələrimizin vacib hissələrindən biridir".

Reaksiya.az

Şərhlər