Prezident seçkiləri: - Tarix yazanlar

06.04.2018 20:39     A-reaksiya     2207

Bir seçki marafonunun da sonuna çatdıq.
Bir aydır ki, televiziyalarımızı zəbt edən prezidentliyə namizədlər öz çıxışlarını etdilər. Məndə çalışdım ki, onların danışıqlarını qaçırmayım. Bu çıxışları sadəcə dinlədim, dinlədim, dinlədim...
Razi Nurullayev dövlətə fransız dilini öyrətməklə məşğul olacaq. Hər kəs yaxşı bilir ki, dövlət idarə etməklə, fransız dilini öyrətmək eyni deyil.
Sərdar Cəlaloğlu, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, hər üçü eyni bölgədən olsalar da, birinin sözü digərinin boğazından keçmir. Bunlar gəlib, xalqı necə idarə edəcəkdilər?! Hələ mən, hakimiyyətə gəlmədən, “Canın üçün hamınızı qırajam” deyən Hafiz Hacıyevi, vergüllərlə məşhurlaşan Zahid Orucu və nəyə xidmət etdiyi bəlli olmayan Araz Əlizadəni demirəm…
Məni qınasanız da, qınamasanız da bir gənc olaraq müşahidələrimə əsaslanaraq, əmin oldum ki, İlham Əliyevin alternativi yoxdur. Bu fikri davam etdirmək üçün səbəblərim çoxdur: Ovuc içi boyda bir Azərbaycanı Qafqazın bir nömrəli dövlətinə çevirib, Azərbaycanın beynəlxalq arenada durduğu yer bəllidir, hətta  böyük dövlətlər belə bir çox məsələlərdə bizimlə hesablaşmağa məcbur qalırlar. Ola bilər, İlham Əliyeva müxalifətdə olan bəziləri bu fikirlərimi boğazdan yuxarı deyilən söz kimi qəbul edələr, amma görünən dağa nə bələdçi?! İlham Əliyev bu gün nəyinki, regionda bütün dünyada qəbul olunan, dövlətin milli maraqlarını beynəlxalq dairələrdə müdafiə etməyi bacaran siyasi liderdir. Həqiqət budur ki, yeni Azərbaycanın təməlini ümummilli lider Heydər Əliyev qoysa da, bu günkü müasir Azərbaycanın lideri məhz, İlham Əliyevdir. Amma bu gün evinin içində üç övladını idarə edə bilməyən insanlar var ki, istər sosial şəbəkələrdə dövlət başçısını tənqid etməyə qalxır, hətta bəzən, tərbiyyəsizlik edib, təhqir də edirlər. Dövlətlə, xalqla bağlı kimisə tənqid edərkən, birinci özünə: "Mən kiməm, bu dövlət, bu xalq üçün nə etmişəm?" deyə özünə baxmalıdır. Bu yerdə məşhur bir rəssamın şagirdi ilə etdiyi təcrübəni xatırlamaq istəyirəm. "İllər öncə məşhur bir rəssam şagirdinə deyib ki, get bir gözəl əsər çək, gətir. Şagirdi əsəri çəkib gətirdikdən sonra deyib ki, götür bu tablonu bir yerə qoy və gəlib gedənə denən ki, nə əskikdirsə, əlinizə bir qələm alıb çəkin. Və gələn gedən hər kəs qələmi əlinə alıb çizməyə başlayıb. Sonda şagirdi tablonu götürüb ağlaya-ağlaya ustadının yanına gəlib. Müəllimi nə oldu deyə soruşub. Şagirdi cavab verib ki, tablodan əsər-əlamət qalmadı. Hər gələn bir dəfə çizdi getdi. Rəssam deyib ki, get tablonun eynisini çək sonra gəl. Eyni tablonu çəkib gəldikdən sonra deyib ki, indi cəftəyə qoy amma bu dəfə hər kəsə denən ki, harasında bir səhv varsa, onu düzəldin. Bu dəfə iki gün tablo orada qalıb və heçkim heçnə düzəltməyib. Və şagird geri qayıdıb müəlliminə deyib ki, heç kim toxunmadı. Müəllimi "bax oğlum, cızmaq, pozmaq, danışmaq asandır. Amma, səndən yaxşısını bacarmaq asan deyil. Hər gələn cızar, danışar, çıxıb gedər. Önəmli olan sənin etdiklərindən daha yaxşısını edə bilməkdir" deyib. Bunu niyə xatırlatdım, çünki prezidentliyə namizədlər arasında İlham Əliyevdən daha yaxşı işlər bacara bilməyən insanları bir daha gördüm. Hamısı cızdı, qaraladı… Amma "siz nə edəcəksiniz?" deyəndə, ortaya kimsə normal bir proqram qoya bilmədi. Sadəcə danışdılar...
Bir də Avropada oturub, “danışanlar”adır sözüm: Söyüş söymək gücsüzlərin işidir. Hələ uzaqdan durub, söyüş söymək çox asandır. 
 Demək ki, xalqdan dəstək alanlar, xalqın arxasınca gələcəyinə inananlar heç bir vaxt uzaqdan durub nə söyər, nə də səsini yüksəyə qaldırmaz. Sakitcə yolunda davam edər. Hər kəsin görəcəyi iş onun əməli ilə bəllidir. Xalqı arxasınca götürə bilən liderlər tarix yazanlardır. Çox sevindirici haldır ki, Azərbaycanda da tarix yazanlar var. Hazırda İlham Əliyevin həm lazımi qədər təcrübəsi, həm də işlədiyi komandası var ki, dövləti bununla idarə etmək mümkündür.
 
 
Arzu Qocayev

Şərhlər