Bakının İrəvan siyasəti: Sərkisyan elə bir etiraf etdi ki...

18.04.2018 14:58     A-reaksiya     1592

Bakı Ermənistan ictimaiyyətini düşünməyə məcbur edir və bu, gec-tez öz nəticəsini verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan parlamentindəki iqtisadi vəziyyətlə bağlı çıxışını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, sərhədlərinin 80 faizi işləməyən və dağlıq regionda yerləşən Ermənistanın heç bir gələcəyi yoxdur:

“Ermənistanda bütün problemlər hazırkı iqtidardan və Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş vəziyyətdə saxlanılmasından qaynaqlanır. Dünən Sərkisyan etiraf etdi ki, Ermənistanın insan resursu ölkəsinin sərhədlərinin təhlükəsizliyini təmin edə bilməyəcəkləri səviyyəyə qədər azala bilər. Bu etiraf əslində çox şeydən xəbər verir. Nə qədər ki, Dağlıq Qarabağ məsələsi həll edilməyib, erməni cəmiyyəti problemlərdən çıxış yolu tapa bilməyəcək. Hətta Ermənistanda siyasi və iqtisadi vəziyyət o həddə çatıb ki, İrəvanın Bakı ilə razılaşmaqdan başqa çarəsi yoxdur. Qarabağ probleminin həlli isə Ermənistanın nəinki Azərbaycanla, eyni zamanda, Türkiyə ilə sərhədlərini açmış olur, iqtisadi dirçəliş vəd edir. Ermənistan istəsə, regionda gedən iqtisadi proseslərə inteqrasiya oluna, bir tranzit ölkəsinə çevrilə və nəticədə ağır iqtisadi sosial problemlərini həll edə bilər. Görünən odur ki, Bakı iqtisadi blokadaya almaqla, Ermənistan ictimaiyyətini düşünməyə məcbur edir və bu gec-tez öz nəticəsini verəcək”.

Politoloq hesab edir ki, Bakı hazırkı siyasətini davam etdirməli və Ermənistanın çöküşünü sürətləndirməlidir:

“O zaman dağlıq regionda yerləşən Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu olmayacaq. Ermənistanın siyasi gələcəyi və iqtisadi taleyi qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaqdan keçir. Fikir verin, Ermənistandakı etiraz aksiyaları hazırda daxili məsələlərə diqqəti daha çox cəlb edir. Bu isə onu deməyə əsas verir ki, sözügedən insanlar Sərkisyandan fərqli düşünürlər və öz ölkələrinin problemlərinin həllini başqa cür görürlər. Bu isə Bakı üçün yeni şans deməkdir. Bir sözlə, Ermənistan cəmiyyəti tez-gec düzgün qərar qəbul edəcək”.

Qeyd edək ki, dünən Serj Sərkisyan Ermənistanın yeni baş naziri seçilib. Baş nazir kimi ilk çıxışında Sərkisyan bildirib ki, miqrasiya Ermənistanın ağrılı yarasıdır:

“Bizim potensialımız öz sərhədlərimizin təhlükəsizliyini təmin edə bilməyəcəyimiz səviyyəyə qədər azala bilər. Miqrasiyanın qarşısını bütün vətəndaşlarımızın rifah şəraitində yaşamasını təmin edəcək səviyyəyə çata bilmədiyimizə görə ala bilmirik”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar