Yeni Sumqayıt - 2015 - ci ildən sonra nələr dəyişdi? - FOTOLAR

04.05.2018 17:42     A-reaksiya     2749

2003 – cü ildən Azərbaycandakı davamlı inkişafı deməmək üçün məkrli, xəbis, görməmək üçün isə mənəvi cəhətdən kor olmaq lazımdır. Məhz, İlham Əliyev hakimiyyətə gələndən sonra ümummilli lider Heydər Əliyevin qoyduğu davamlı inkişaf strategiyasına dayanaraq, ölkəni regionun güc dövlətinə çevirməklə yanaşı, vizual olaraq da, ölkəmizin hər bir bölgəsi sözün əsl mənasında cənnət – məkana çevrilib. Əvvəllər regionlarda insanlarımız yolsuzluqdan, qazsız, işıqsızlıqdan şikayətlənirdisə, bu gün ən ucqar kəndlərimizə belə yeni yollar salınıb, işıq, su, qaz xətləri çəkilibdir. Lakin bununla iş bitməyib, hələ davam edir və edəcək də...

 

Bu gün Azərbaycanın ən böyük problemi torpaqlarının 20 faizinin düşmən tapdağı altında qalmasıdır. Əslində, bu kimi ölkələrdə inkişafın olması real görünmürdü. Lakin, ölkə başçısının ümummilli liderin siyasi kursundan dönmədən, siyasi iradə nümayiş etdirərək, mətin davamiyyəti bu gün nəyinki, Azərbaycanı inkişaf etdirib, hətta illər əvvəl xəyal kimi görünən Bakı – Qars dəmir yolu xətti kimi neçə-neçə beynəlxalq layihələrin müəllifi, iştirakçısı olub.

Prezident İlham Əliyev yerlərə nümayəndələrini təyin edərkən, ilk sözü: - “Xalqa xidmət edin” olur. Bunu anlayıb, dövlətə və xalqa sədaqətlə xidmət edənlər ucalır, etməyənlər isə etimaddan sui-istifadə etdiklərimi kimi də alçalırlar... Fərqinə varmısınızsa, İlham Əliyev mövzu dövlət və xalqın maraqlarıdırsa, heç bir güzəştə getmir. Bunun üçün neçə-neçə misallar çəkə bilərik ki, dövlət başçısı etimad göstərib, təyin etdiyi adamlar elə həmin qaydada da vəzifələrindən uzaqlaşdırılıb.

El arasında belə bir misal var: “Gələn gedənə rəhmət oxutdurur”. Prezident İlham Əliyev öz uğurlu kadr siyasəti ilə bu fikrin də yalnışlığını sübut etdi. Onun vəzifəsindən azad etdiyi insanları yeni, bacarıqlı, işgüzar kadrlar əvəzlədi. Hansı ki, bu kadrlar məhz ölkə başçısının tapşırığı ilə yanaşı içlərindəki milli qürur da onları xalqa vicdanla xidmət etməyə yönəltdi.

Mən bu gün 11 Aprel seçkilərindən sonrakı kadr islahatları, dəyişikliklər haqqında danışmaq istəmirəm. Yuxarıda da qeyd etdiyim kimi İlham Əliyev uğurlu kadr siyasəti ilə hər zaman daha yaxşısının olduğunu bizə göstərməkdə davam edir.

 

Yəqin hamımız xatırlayırıq ki, Xırdalan əvvəllər Bakı şəhərinin yaxınlığında olan bir qəsəbə olsa da, inkişafdan çox uzaqda, daim yol, komunal problemləri ilə gündəmdə idi. Məhz, dövlət başçısı İlham Əliyevin uğurlu kadr siyasəti nəticəsində Zakir Fərəcov Abşeron rayonuna İcra Başçısı təyin olundu. Həmin vaxt hamımız elə düşünürdük ki, heç nə dəyişməyəcək, yenə də köhnə hamam, köhnə tasla davam edəcəkdir... Artıq insanlarımız da yaşayışları ilə barışmış, mövcud şəraitlərinə öyrəşmişdilər. Yeni, heç kimin ağlına gəlmirdi və bəlkə də, istəmirdilər, daha doğrusu inanmırdılar ki, qısa müddət ərzində Abşeron rayonunun mərkəzi sayılan Xırdalan kəndi (əvvəllər belə deyirdik) qısa müddət ərzində ölkənin əsas şəhərlərindən birinə çevrilə bilər. Görünür, deyildiyi kimi ölümə çarə yoxdu. İnsan bir az milli olsa, bir az da istəsə, dağı-dağ üstə qoyar. Prezidentin təyin etdiyi Zakir Fərəcov bir az yox, daha çox milli olduğu üçün qısa müddətdə Abşeron rayonunu inkişaf etdirməklə yanaşı rayonun mərkəzi Xırdalanı da dəyişdi... Nəhayət, cənab prezidentin regionların inkişafı üçün ayırdığı pullar ünvanı üzrə istiqamətləndirilərək, məhz, Zakir Fərəcovun dövlətə olan sədaqətinin, işgüzarlığının sayəsində "kənd Xırdalan" dediyimiz şəhər statusu aldı.

Prezident İlham Əliyevin 2 sentyabr 2015 – ci il tarixli sərəncamı ilə kəndi şəhərə çevirən Z.Fərəcovu əhalisinə görə ölkənin ikinci, sahəsinə görə isə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhəri Sumqayıta İcra Başçısı təyin etdi.

Sumqayıt hər zaman zəhmətkeşlərin şəhəri olub. Sumqayıtın Azərbaycanın ikinci dəfə müstəqilliyini qazanmasında da böyük rolu olub. Bir sözlə, sumqayıtlılar milli, vətənpərvər və ən əsası dövlətçi insanlardılar.

Əvvəllər Sumqayıtda olmuşdum. Yalan nə deyim, bu şəhər hər zaman mənə köhnə, darıxdırıcı təsir bağışlayırdı. 2015 – ci ildən sonra isə demək olar ki, Sumqayıtda olmamışdım. Amma mətbuatdan izlədiyim, orda yaşayan dostların dediyi qədərilə şəhər son üç ildə tanınmayacaq qədər dəyişir, ölkənin turizm şəhərinə çevrilməyə doğru addımlayır...

Bu günlərdə yaxın bir dostumla Sumqayıtda görüşdük. Yol boyu izlədikcə, heyrətə gəldim. Bir şəhər son üç ildə necə bu qədər dəyişə bilərdi axı?! Bu nəticəni almaq üçün gərək istirahət etməyəsən, ancaq gecə-gündüz bu işləri görəsən ki, bu dəyişikliyi əldə edə biləsən...

 

Həmin gün özümə söz verdim ki, bu günlərdə yenidən Sumqayıta gələcək, girişindən çıxışına qədər diqqətlə izləyib, insanlarla danışıb, bu gözəl şəhər haqqında reportaj hazırlayacağam. Belə ki, gəldim. Həqiqətən də Sumqayıt üç il qabaqkı şəhər deyildi... Yol kənarlarının abadlaşdırılması, yeni gözəl binaların tikilməsi, Sumqayıt bulvarının salınması... Bütün bunlar Sumqayıt insanının – Azərbaycan vətəndaşının rahatlığına hesablanmış cənab prezident İlham Əliyevin uğurlu kadr siyasətinin nəticəsi idi. Zakir Fərəcov Sumqayıtı da dəyişdi deməzdim, sözün əsl mənasında dəyişməyə davam edir... Əvvəllər kimsə mənə: - “Sumqayıtda yaşayarsan?” sualını versəydi, birmənalı olaraq: “Yox, orda nə işim var” deyərdim... Amma bu gün Sumqayıt bulvarı boyunca tikilən binaları baxdıqca, göz oxşayır... Bu gün hər kəsin arzusu ən azından, həftədə bir dəfə Sumqayıtda istirahət etmək olar... Mən çox inanıram ki, Sumqayıt bu inkişafla çox yaxında ölkəmizin növbəti gözəl, turistik şəhərinə çevriləcəkdir.

 

Bəs, görən, bu gözəllikdə yaşayan insanların halı necədir, necə yaşayır, necə dolanırlar?! Sumqayıtın Heydər Parkında və Bulvarında istirahət edən sıravi vətəndaşlar – gənclər və təqaüdçülərlə görüşdüm. Onların dediklərini olduğu kimi təqdim edirəm:

Sabir  Məmmədov – 72 yaşlı təqaüdçü: “61 cı ildən bu yana Sumqayıtda yaşayıram. Sumqayıt şəhəri salınandan bu günə dövrünün ən güçlü və inkişaf dövrünü yaşayır. 9 ayda analoqu olmayan park salınıb. Bu gün Sumqayıt bulvarında  yüzlərlə minlərlə insanlar dincəlir. Məktəb və məktəbəqədər tədris müəssisələri təmir olunub, istilik sistemi ilə təhciz olunub. Evlərin dam örtükləri, liftlər əsaslı təmir olunub dəyişdirilib. Bütün bunlar birinci növbədə ölkədə sabitlik yaradan cənab prezidentimiz daha sonra isə  Sumqayıt icra başçısı Zakir  Fərəcovun əməyi sayəsində olub”.

Cavid Mehdiyev – 18 yaş: - 2015-ci ildən Sumqayıt şəhərinin görünüşündə olduqca böyük dəyişikliklər var. Parklar salınıb, abadlıq işləri görülüb, yeni-yeni binalar, stadionlar tikilib. Şəhərimizdə ucuzluqdur. Məsələn, paytaxtdan fərqli olaraq, bizdə çox şey ucuzdur. Bir problemimiz var ki, hər yerdə olduğu kimi Sumqayıtda da gənclər iş tapmaqda çətinlik çəkirlər.

 

Nərgiz Nəbiyeva  - 68 yaş, təqaüdçü: -  Allah cənab prezidentimiz İlham Əliyevə can sağlığı versin. Onun sayəsində ölkəmizin inkişafı ilə yanaşı, bizim şəhərimiz də inkişaf edir. Başçımız şəhərə və şəhər sakinlərinə qarşı çox həssasdır.

Süleyman Quliyev – 19 yaş: - Mən bir gənc olaraq, son illərdə Sumqayıtda yaşamağımla fəxr edirəm. Çünkü şəhərimiz son illərdə o qədər gözəlləşib ki, əvvəllər biz gəzməyə Bakıya gedirdiksə, indi artıq Bakıdakı dostlarımızı Sumqayıta dəvət edirik. Tələbəyə nə lazımdır, ucuzluq. Biz də şəhərin gözəl, gəzməli yerlərində gəzirik, dincəlirik, ucuzluqdan da istifadə edirik.

Gülayə Namazova – 18 yaş: Mən Sumqayıtda anadan olmuşam. Şəhərimizdə tez-tez maarifləndirmə tədbirləri keçirilir, iştirak edirik. Hər axşam da öz şəhərimizdə istirahət edirik.

Aytən Quliyeva – 20 yaş: - Mən tələbəyəm, Sumqayltda yaşayıram, burda da təhsil alıram. Eyni zamanda şəhərimizin ictimai işlərində də yaxından iştirak edirəm. Sumqayıt bu gün heç də digər şəhərlərdən geri qalmır. Davamlı inkişaf bizi sevindirir.

Elmira Məhərrəmova – 38 yaş, evdar qadın: - Uzun illərdir Sumqayıtda yaşayıram. Hər zaman bizim şəhər insanların yaşaması üçün münasib olub. Bu gün də belədir. Amma Sumqayıt heç vaxt bugünkü kimi gözəl olmayıb. İnanın, Bakıda yaşayan qohumlarımıza deyirəm,  istirahət günlərinizdə, gəlin, Sumqayıt bulvarını gəzin, istirahət edin. Sağ olsun, ölkə başçımız ki, bizim yaşayış şəraitimizin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmir. Zakir müəllim də çox işgüzar adamdı, gələndən məhz onun sayəsində şəhərimiz yaxşı mənada çox dəyişib. 

Zülfəli Şahmurov – 59 yaş: - Görürsüniz, hər axşam işdən sonra öz evimə, şəhərimə tələsirəm. Son illərdə yaradılan şərait bizi daha çox öz şəhərimizə bağlayıb. İşdən sonra dostlarla şəhərimizin parklarında dincəlir, şahmat oynayırıq.

Kamil Müslümov – 44 yaş: - Sumqayıt sakiniyəm. Əvvəllər Bakıda yaşayırdım. On il olar ki, Sumqayıta köçmüşəm. Əvvəllər bizim şəhər çox sakitlik idi. Axşam işdən sonra çox az-az adamlar görünürdü. Hamı işinə gedib, evinə gəlirdi. İndi isə gördüyünüz kimi axşam saatlarında Sumqayıt parkları, bulvarı insanla doludur. İnsanları istirahəti üçün yaradılan bu gözəlliyi deməsək, günah olar. Bütün bunları məhz, Zakir Fərəcovdan sonra gördük biz bu şəhərdə.

Gördüyümüz kimi insanlar da müəyyən çətinliklərə baxmayaraq, razıdırlar. Məsələn, Sumqayıtda bir neçə ticarət mərkəzinə və böyük marketlərdə oldum. Qiymətlər gözlə görüləcək qədər digər yerlərdən fərqli, ucuzdur. Yəni, bütün bunlar insanların yaşayışı üçün hesablanıb. Zakir Fərəcov təkcə, şəhərin görünüşünü dəyişməyib, eyni zamanda Sumqayıtda rahat sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa şərait yaradıb, insanların işləməsi üçün bir çox iş yerləri açılıb... Ən maraqlısı isə Sumqayıt bulvarında danışdığımız adamların bir çoxu da Bakıdan gəlmişdi. Onlar da Sumqayıt bulvarına heyranlıqlarını ifadə edir, burdakı yaradılan rahat şəraitdən, ucuzluqdan dolayı həftədə bir dəfə öz istirahətlərini bu şəhərdə etməyi seçiblər.

Eyni zamanda Zakir Fərəcov bir ilin içində Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi və neçə - neçə yeni mədəniyyət ocaqları tikdirib,  Üzeyir Hacıbəyov küçəsində dahi Azərbaycan bəstəkarının adını daşıyan park salaraq, həmin yerdə Üzeyir bəyin büstünü ucaldıb.Sumqayıtda son illər görülən işləri bir - bir sadalasaq, bir reportaj yox, kitab yazmaq olar. 

 

Əvvəldə də qeyd etdiyim kimi haqqı görüb deməmək, günah olar. Bütün bu işlərin müəllifi ölkə başçımız İlham Əliyevdir. Təbii ki, bu gün Azərbaycanın ən ucqar kəndləri belə yenidən qurulur, inkişaf edir. Amma biz bu gün böyük şəhərlərimizdən olan Sumqayıta nəzər saldıq. Sumqayıtın bu gününü, sabahını (ona görə sabahını ki, bu gün Sumqayıtda görülən işlər neçə-neçə sabahların töhfəsidir) başda cənab prezidentimiz İlham Əliyev olmaqla, onun uğurlu kadr siyasətinin göstəricisi olan işgüzar, vətənpərvər Başçı Zakir Fərəcova borcluyuq. Zakir Fərəcov ona göstərilən etimadı layiqincə yerinə yetirir, kəndləri, qəsəbələri şəhərlərə çevirməkdə davam edir. Cənab Başçıya çətin və şərəfli işində uğurlar arzu edirik.

 

PS: Qeyd edim ki, fəaliyyətim dövründə heç vaxt, heç kimin sifarişi ilə yazı yazmamışam. Mənə görə vicdanlı jurnalist qələmini madiyyata satmamalı, madiyyat naminə haqqı nahaqqa verməməlidir. Bu gün Sumqayıt haqqında yazımın da əsas məqsədi, haqqı görüb, haqqı deməkdir. Bu yazı üçün kimsə məni Sumqayıta dəvət etməyib, xahiş etməyib, heç Sumqayıtın idarəsində iştirak edən heç bir kəslə də əlaqəm yoxdu. Sadəcə, Sumqayıt da vətənim Azərbaycanın bir hissəsidir. Orda görülən işləri görüb deməyi özümə borc bildim. Hər bir jurnalist gördüyünü olduğu kimi – pisi pis, yaxşı yaxşı cəmiyyətə çatdırmağı özünün başlıca vəzifəsi hesab etməlidir. Könüldən arzu edirəm ki, digər cənab prezident tərəfindən vəzifələrə təyin olunan şəxslər də onun etimadını doğrultsun, vətənə, millətə, dövlətə sədaqətlə xidmət etsinlər. Çünki bu vətən bizimdir, buranın gün-gündən inkişafı da bizim – Azərbaycanın regionda güc dövlətinə çevrilməsinə xidmət edir ki, bu da Ali Baş Komandanın əsas siyasi xəttidir. Əgər, hər bir məmur bu xətti tutarsa, çox yaxında biz işğal olunmuş torpaqlarımızın da azad olunduğu günü görəcəyik...

Qarabağın - Xankəndinin, Şuşanın və digər şəhərlərimizin inkişafından yazmaq arzusu ilə...

 

Zaur Qəriboğlu, 

Bakı – Sumqayıt

Reaksiya.az

 
 
 

 

Şərhlər