Qarabağa qanunsuz səfərlərin sayı artıb

22.05.2018 12:48     A-reaksiya     1788

Elçin Mirzəbəyli: “Paşinyanın yox, bütövlükdə Ermənistan cəmiyyətinin cəzalandırılmasına yol açmalıyıq”; Elşən Mustafayev: “Bunun qarşısını almağın yolu yalnız torpaqların azad olunmasından keçir”

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın gəlişindən sonra Dağlıq Qarabağa qanunsuz səfərlərin sayı artmaqdadır. Düşmən ölkədə inqilabi proseslər gedən günlərdə Paşinyanın qalib gələcəyi təqdirdə Qarabağ məsələsində müsbət dəyişikliklərin baş verəcəyinə müəyyən ümidlər var idi. Amma necə deyərlər, “İlanın ağına da lənət, qarasına da”. Paşinyanın gəlişi özü ilə nəinki dəyişikliklər gətirdi, əksinə, əvvəlkindən daha radikal bir qüvvənin iş başına gəldiyi məlum oldu.

Baş nazir kimi ilk səfərini Qarabağa edən Paşinyanın Serj Sərkisyan rejimindən fərqli siyasət yürütməyəcəyi aydındır. Belə bir şəraitdə Azərbaycanın Dağlıq Qarabağa edilən qanunsuz səfərlərin qarşısını necə almalı? Paşinyan rejiminə öz yerini necə göstərməklə bağlı müxtəlif fikirlər var.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Ermənistanda ciddi hakimiyyət boşluğu yaranıb və Nikol Paşinyan baş nazir seçilsə də ölkə daxilindəki siyasi prosesləri nəzarət altında saxlamaq iqtidarında deyil: “Dağlıq Qarabağ məsələsində Paşinyanın ifrat radikal davranışları bu məsələnin onun ən zəif nöqtəsi olmasındadır. Paşinyan idarəetmə təcrübəsinin olmadığına və həm də bir siyasətçi kimi yetkinliyinin şübhə doğurduğuna baxmayaraq, çox güman ki, ölkə xaricindən müəyyən məsləhətlər alır. Ola bilsin ki, bu həssas nöqtə ilə bağlı ona müəyyən təlimatlar da verilib. Yəni Paşinyana Dağlıq Qarabağ məsələsində baş verə biləcək hər hansı bir uğursuzluğun Qarabağ klanına revanş üçün imkan yaradacağını anladıblar. Digər tərəfdən, mümkündür ki, Nikol Paşinyan Azərbaycanın Ermənistandakı daxili gərginliyin artmasını gözlədiyi, bu baxımdan da prosesləri səbirlə müşahidə etdiyi qənaətindədir. Bütün cəmiyyətlərdə olduğu kimi, Ermənistanda da xarici düşmən faktorunun qabardılması diqqəti digər problemlərdən yayındıra bilər. Bu təcrübə də dəfələrlə sınanıb. Mümkündür ki, Paşinyan və təlimatçıları məhz bu amili və Azərbaycanın daha öncə qeyd etdiyim səbəblərdən hələlik kəskin reaksiya verməyəcəyini nəzərə alıblar. İndiki şərait həddən artıq həssas yanaşma tələb edir. Yəni elə etmək lazımdır ki, həm xarici amillərdən istifadə olunmaqla diqqəti Ermənistandakı problemlərdən və daxili ziddiyyətlərdən yayındırmaq üçün bəhanə olmasın, həm də daxili gərginlik artsın və hakimiyyət boşluğu dərinləşsin. Zənnimcə, hazırda bütün vasitələrdən istifadə etməklə diplomatik pressinqi gücləndirmək lazımdır. Hazırda Ermənistan cəmiyyəti Avropa İttifaqı ilə münasibətlərin dərinləşəcəyinə və bu faktorun onlar üçün xilas yolu olacağına ümid bəsləyir.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

İlk baxışda belə təəssürat yarana bilər ki, bu ümidin sıradan çıxarılması daha çox effektiv nəticələrə gətirib çıxara bilər. Amma bu, qənaətimə görə, doğru yanaşma olmazdı. Əksinə, Paşinyanın məhz Qərbdən idarə olunduğu və Ermənistan cəmiyyətinin Rusiyaya nifrət üzərində kökləndiyini daha qabarıq şəkildə, həm də ciddi faktlara istinad etməklə ortaya qoymaq lazımdır. Biz Paşinyanın yox, bütövlükdə Ermənistan cəmiyyətinin cəzalandırılmasına yol açmalıyıq. Əgər Azərbaycan istisna olunmaqla, digər xarici amilləri nəzərə alsaq, Ermənistanı cəzalandıra biləcək yeganə qütb Rusiyadır. Qərb heç bir halda Ermənistanı cəzalandırmayacaq. Bunu sübuta yetirmək üçün əlavə faktlara istinad edilməsinə ehtiyac görmürəm. Kompüterin monitoru arxasında virtual qəhrəmanlıq etmək, gurultulu bəyanatlar səsləndirmək çox asandır. Belə fikirləri səsləndirən adamları cəbhə xəttinə aparsan, nəinki güllə ata, heç başlarını səngərdən belə çıxara bilməyəcəklər. Beynəlxalq hüquq tərəfindən Azərbaycanın ərazisi sayılan və hazırda işğal altında olan ərazilərdə hərbi əməliyyatlara başlamaq bizi daha az beynəlxalq təzyiqlər qarşısında qoya bilər, nəinki Ermənistanın faktiki rəhbərinin vertolyotunun vurulması. Paşinyanın Dağlıq Qarabağa vertolyotla uçması, yaxud avtomobillə getməsi nəticədir. Səbəb isə Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Bütün bu məsələlərə son qoymaq üçün isə səbəbi aradan qaldırmaq lazımdır”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev qeyd etdi ki, 25 ildən artıqdır Ermənistandan və dünyanın hər tərəfindən Dağlıq Qarabağa səfər edənlər var: “Ermənistan istisna olmaqla, səfər edən digər ölkə vətəndaşları mütəmadi olaraq qara siyahıya salınır, Azərbaycana girişi qadağan edilir. Bu günə qədər belə olub. Paşinyan gələndən sonra etdiyi səfərlər də özündən öncə edilən səfərlər kimi qəbul edilməlidir. Bizim üçün fərqi yoxdur ora Petrosyan gedir, Sarkisyan gedir , ya da Paşinyan. Gürünən odur ki, bunun qarşısını almağın yolu yalnız torpaqların azad olunmasından keçir. Ona qədər isə olan və olacaq səfərlərə reaksiyalar verib, enerjimizi sərf etməklə hədəflərimizdən yayınmamalıyıq. Çünki Ermənistandan və digər ölkələrdən Qarabağa səfərlərin qarşısını almaq mümkün deyil. Ora həm quru yolu, həm də hava yolu ilə səfərlər edilir. Quru yolu ilə olan səfərləri izləmək, onlara əngəl olmaq mümkün deyilsə, hava yolu ilə olan səfərləri əngəlləmək olar. Amma bunun da yolu Qarabağ üzərində olan təyyarə və vertolyotları vurmaqdan keçir ki, nəticəsi sərnişin hava nəqliyyatının vurulması ilə bağlı bizə olacaq ittihamlardan keçir. Eyni zamanda bu addım Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanılması kimi qəbul olunacaq. Amma Azərbaycan bu məsələdə psixoloji durumu xeyrimizə dəyişməkdən ötrü indiyə qədər beynəlxalq normalara söykənərək Dağlıq Qarabağ zonasının hava məkanını uçuşa qadağan zona elan etməli, kimə məxsus olmasından asılı olmayaraq icazəsiz hava məkanına daxil olan bütün növ uçuş vasitələrinin vurulacağı ilə bağlı xəbərdarlıq etməli və bu addımın atəşkəsin pozulması anlamına gəlməməsi ilə bağlı öncədən xəbərdarlıq etməklə lazım olan prosedurları keçməli idi. Bununla bağlı bütün beynəlxalq aviasiya təşkilatları, dövlətlər məlumatlandırılmalı idi. O zaman kimsə hava nəqliyyatı ilə ora gəlməyə cəsarət etməzdi. Yenə də təkrar edirəm ki, bu, yalnız hava vasitəsilə olunacaq səfərləri əngəlləyə bilər, işğal davam etdikcə quru yolu vasitəsilə olacaq səfərlər isə davam edəcək. Ona görə də bunu faciəyə çevirmək lazım deyil. 25 ildən artıq müddətdə torpaqlarımızın işğal altında olması bir faciədir. Bu günə qədər əməl olunmayan beynəlxalq normalara bu gündən sonra Ermənistanın əməl edəcəyini də gözləməməliyik. Onları buna əməl etməyə məcbur etməliyik”.(musavat)

Reaksiya.az

Şərhlər