Siyavuş Novruzov: “Hər bir partiya maliyyə hesabatını təqdim etməlidir”

12.06.2018 13:42     A-reaksiya     1070

“Artıq “Siyasi partiyalar haqqında” Qanunun bəzi müddəalarında geniş dəyişikliklərin həyata keçirilməsinin vaxtı çatıb”.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söylədi.

O, bildirdi ki, adıçəkilən qanunun 8-ci maddəsindəki qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır:“Orada göstərilib ki, kimlər siyasi partiya üzvü ola bilər, bu barədə göstəriş var. Amma bu maddənin müəyən hissələrində qeyri-müəyyənlik var. Tutalım maliyyə orqanlarının nümayəndələri siyasi partiya üzvü oldu, burada nə problem ola bilər? Məgər maliyyə orqanı, vergi, gömrük təhlükəsizik orqanıdır? Hakimiyyətin formalaşması seçkilər yolu ilə həyata keçirilir. Bu partiyanın nümayəndəsinin dövlət mətbuat orqanına rəhbərlik etməsində qəbahət nədən ibarətdir? Yaxud Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ilə bağlı müddəa var. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri partiya üzvü olsa, məgər onlar gedib həmin partiyaya pul verəcək? Onda pensiya fonduna da hüquq-mühafizə orqanı statusu verməliyik?”

S.Novruzov dedi ki, bu məsələ ilə bağlı hazırladığı qanun layihəsini payız sessiyasında təqdim edəcək: “Müəyyən siyasi partiyalar var ki, maliyyə dövriyyələri barədə hesabat vermir. Burada qeyri-şəffaflıq ortaya çıxır. Görürsünüz ki, bəzi partiyalarda öz aralarında pulların mənimsənildiyi barədə mübarizə aparırlar. Ona görə də hər partiya maliyyə hesabatını təqdim etməlidir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar