Rusiya-Azərbaycan arasında strateji münasibətlər dərinləşir

11.09.2018 13:13     A-reaksiya     956

"Sentyabr ayının ilk ongünlüyündə Azərbaycan prezidentinin iş qrafikinin gərgin keçməsi ölkə iqtisadiyyatı, eləcə də siyasi istiqamətdə olduqca mühüm bir çox yeni layihələr üçün uğurlu razılaşmalarla nəticələndi".

Bu sözləri politoloq Nəzakət Məmmədova deyib. O bildirdi ki, zəngin səfər proqramları nəticəsində bir çox ölkələrlə qarşılıqlı tərəfdaşlıq haqqında razılaşmalar regionda Azərbaycanın nüfuzunu daha da artırıb:

"Prezident İlham Əliyev Qırğızıstana səfər edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammitində iştirak edib. Bundan başqa, prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri də kifayət qədər yüksək qiymətləndirilməlidir. Ən mühüm isə hesab edirəm ki, sentyabr ayının ilk günü Rusiyanın Soçi şəhərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə olan görüşdür. Diqqət yetirsək görərik ki, Azərbaycan prezidenti çoxvektorlu xarici siyasət strategiyasına şəxsən rəhbərlik edərək, olduqca mürəkkəb beynəlxalq şəraitdə həm türkdilli dövlətlərin tədbirində ölkəni ən yüksək səviyyədə təmsil edib, həm də Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi, sabitlik və təhlükəsizlik məsələlərini müzakirə edib. Hazırda mürəkkəb beynəlxalq və regional münasibətlər, ziddiyyətlər fonunda ikitərəfli və regional, eləcə də qlobal əməkdaşlığa faydalı ola biləcək istənilən addım təqdirəlayiqdir. Ölkə başçımızın səfərlərinə də məhz bu kontekstdən baxaraq onun əhəmiyyətini daha dərindən anlamaq mümkündür. Azərbaycan prezidenti bu günə qədər apardığı diplomatik strategiyaya sadiqlik nümayiş etdirərək ziddiyyətli mövqedə dayanan, qarşıdurma şəraitindəki güc mərkəzlərini bir araya gətirməyə müvəffəq olub. ABŞ, Avropa, NATO - Rusiya, Türkiyə, İran münasibətləri hər nə qədər ziddiyyətli olsalar da, onları həm geosiyasi, həm enerji siyasəti baxımdan ən uğurla yaxınlaşdıran ölkə Azərbaycandır. Bu baxımdan prezidentin səfərləri indiki şəraitdə tək ikitərəfli münasibətlər baxımdan yox, həm də qlobal nöqteyi-nəzərdən olduqca əhəmiyyətlidir. Azərbaycan geosiyasi güc mərkəzlərinin hazırkı qarşıdurmasında savaş poliqonu deyil, əksinə, onların əməkdaşlıq zəncirində mühüm halqa, açar ölkədir. Prezidentin yeni diplomatik mövsümdə uğurla başlayan payız səfərləri də bunu bir daha sübut etdi".(publika)

Reaksiya.az

Şərhlər