İlham Əliyev təcrübəsiz Paşinyanı başa salacaq - Politoloq

27.03.2019 12:57     A-reaksiya     1014

"Görüşdə hansısa qərarın qəbul olunmasını düşünmək hələ tezdir".

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü martın 29-da Avstriyanın paytaxtı Vyanada nəzərdə tutulub. Bu, iki ölkənin rəhbərləri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ilk rəsmi görüş olacaq.

Mövzunu politoloq Fikrət Sadıqovla davam etdirdik. O, AzNews.az-a açıqlamasında bildirdi ki, faktiki olaraq, Paşinyanın Dağlıq Qarabağda hökmlü bəyanatları, gurultulu şüarları puça çıxdı, sabun köpüyü kimi partladı:

"Eyni zamanda, Ermənistan və onun rəhbərliyi başa düşdü ki, ölkə artıq həm iqtisadi, həm də siyasi baxımdan dalana dirənib. Ona görə də bu vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarılır. Anlayırlar ki, Azərbaycana güzəştə getmək, torpaqlarını azad etmək lazımdır".

Fikrət Sadıqov hesab edir ki, İlham Əliyev bu görüşdəki danışıqlarda açıq-aydın və konkret olaraq mövqemizi bildirəcək, yəni təcrübəsiz Paşinyanı başa salacaq, amma görüşdə hansısa qərarın qəbul olunmasını düşünmək hələ tezdir:

"Digər tərəfdən, Paşinyanın danışıqlara getməsinin özü də bir addımdır. Çünki bu vaxtadək o, çəkindiyindən danışıqlardan yayınırdı. Bunun üçün müxtəlif bəhanələr, maneələr irəli sürürdü. Ona görə də hesab edirəm ki, bu görüş ümumi danışıqlar prosesini müəyyən bir mərhələyə gətirəcək".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar