Ermənistan tarixə münasibətdə də əsl terrorçu kimi davranır - DEPUTAT

05.06.2020 12:26     A-reaksiya     1223

“Bu gün hər birimiz Azərbaycan Prezidentinin nitqində səslənən fikirləri milli çağırış kimi dəyərləndirməli, onun reallaşması üçün əlimizdən gələni etməliyik”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edən Azərbaycan Prezidentinin nitqi mühüm strateji istiqamətlər üzrə olduqca əhəmiyyətlidir:

“Bunlardan birincisi tarixi yaddaşımızın yenilənməsi baxımından vacib əhəmiyyət daşıyır. Çünki tarixi yaddaş milli yaddaşımızın əsas komponentidir və tarixi yaddaşı yarımçıq olan xalqın milli yaddaşı da bütöv olmur. Nəzərə alsaq ki, bu gün Azərbaycanın ərazisi ilə bərabər xalqımızın əsrlər boyu yaratdığı maddi, mədəni abidələr, etnoqrafik dəyərlərimiz də işğaldadır və işğalçı Ermənistan tərəfindən özününküləşdirilir. Bu məsələnin bir daha nə qədər əhəmiyyətli olduğu ortaya çıxır. Ancaq məsələ bununla da bitmir. Ermənistan bizə aid olan mədəniyyəti dünyaya öz mədəniyyəti kimi təqdim etməklə həm tarixi saxtalaşdırır, həm də dünya ictimai rəyində öz işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Beləliklə, tarixə münasibətdə də əsl terrorçu kimi davranır”.

H.Babaoğlu vurğulayıb ki, Ermənistan regionda özünü terror təşkilatı kimi aparır:

“İkincisi, terror ideologiyası əsasında formalaşan Ermənistanın bu gün də ənənələrinə sadiq qalaraq regionda bir dövlət kimi teyil, terror təşkilatı kimi davranmasıdır. Bu faktor da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, qlobal ictimai rəydə erməni terrorunun real obrazı yaradılmalıdır. İşğalçı ölkənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi anti-terror əməliyyatları zamanı aciz qalan Ermənistanın dinc əhalini və kəndlərimizi hədəf alması bir daha onların terrorist kimliyindən xəbər verir. Üçüncüsü son illər ərzində Ermənistanın terroristlər və cinayətkar ünsürlər tərəfindən idarə olunmasıdır. Bu aşkar fakt da dünya ictimaiyyətinin diqqətinə təqdim olunmalı məsələdir. Ermənistanı idarə edən, Azərbaycana qarşı soyqırımı həyata keçirən bir işğalçı prezidentin həbsdə olması, digərinin hərəkət imkanlarının məhdudlaşdırılması, birinin özü və babasının faşist olması, faşist Qaregin Njdeyə heykəl ucaldılması və generallarının oğru olması bu ölkədə bütün sahələrdə əsl terror mənəviyyatının hökm sürdüyündən xəbər verir.

Ancaq bununla belə bəzi beynəlxaq havadarların bu ölkəni açıq və gizli şəkildə müdafiə etməsi dünyada olan ikili standartların bariz nümunəsidir. Belə olan halda Azərbaycanın necə məkrli, hansı səviyyədə terrorçu olan bir ölkə ilə mübarizə apardığı açıq şəkildə ortaya çıxır. Bu, bir daha bizim daha güclü olmamızı, tariximizi, beynəlxalq hüququ daha dərindən öyrənməmizi zəruri edir. Azərbaycan Prezidenti məhz bu məsələlərə diqqət çəkərək bildirdi ki, münaqişənin bir həll yolu var. O da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bütün addımlarımız uğurla nəticələnsin”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar