Bilik Fondu Gənclər günündə kitab aksiyası keçirdi - FOTOLAR

02.02.2016 19:55     Artreaksiya     2501

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2 fevral Gənclər Günü münasibəti ilə paytaxtın bir sıra məkanlarında kitab paylama aksiyası keçirib. Fondun mətbuat xidmətinin Kulisə verdiyi məlumata görə "Ev Kitabxanası" layihəsi çərçivəsində planlaşdırılan "Oxuyaq - oxudaq" adlı aksiyada gənclərə yaşıdları olan yazarların kitabları hədiyyə edilib.

Fondun Könüllülər Birliyinin iştirakı ilə keçirilən aksiyanın orijinallığı kitabların paylandığı məkanlarla bağlıdır.

Aksiya planlaşdırılarkən belə qərara alınıb ki, əsasən iaşə xidməti sahəsində çalışanlar mütaliə mühitindən uzaq düşdüklərinə görə, kitablar bu zümrədən olan gənclərə paylansın.

Aksiya tikinti materialları satılan "Dərnəgül" bazarından başlayıb. Satıcı gənclər kitablara böyük maraq göstərərək, seçdikləri şeirləri elə oradaca uca səslə oxuyublar. Eyni mənzərə yeməkxanalarda və yanacaqdoldurma məntəqələrində də yaşanıb. Kitabları alan gənclər hədiyyədən məmnun qaldıqlarını bildirib, müştəri gözləyə-gözləyə mütaliə etməyin rahatlıq gətirdiyini, bununla yanaşı, kitabların ev kitabxanalarını bəzəyəcəyini deyiblər. Gənclərin bir qismi ümumiyyətlə şəxsi kitabxanaları olmadığını etiraf edərək, Fondun hədiyyə etdiyi kitabların kitabxana yaratmaqda stimul olacağını bildiriblər.

Bilik Fondunun "Ev Kitabxanası" layihəsi çərçivəsində "Oxuyaq - oxudaq" aksiyasına bir müddət əvvəl market satıcıları, taksi və avtobus sürücüləri cəlb olunub. Bu zümrədən olan insanlar da onlara hədiyyə edilən kitabları böyük məmnuniyyətlə qarşılayıblar.

Şərhlər