İlk erotik Azərbaycan filmi

27.02.2016 21:14     Artreaksiya     2116

“Naməlum kino” layihəsində rejissor Leo Murun 1928-ci ildə çəkdiyi “Gilan qızı” bədii filmini təqdim edir.

 

Filmin yaradıcı heyəti haqda məlumat vermədən öncə, bu ekran əsərindən aldığım təəssüratı bölüşmək istəyirəm.

 

Əvvəlcə filmin süjeti haqda: İnqilabın təbliğinə xidmət edən “Gilan qızı”nda hadisələr 1920-ci illər İranında baş verir. Film ölkədəki milli-azadlıq hərəkatından bəhs edir. Milli-azadlıq hərəkatının tərkib hissəsi olan, şah rejimi əleyhinə, ingilislərə və onları dəstəkləyənlərə qarşı mübarizə aparan partizanların lideri Hacı Zəkidər filmin mərkəzi fiqurlarından biridir. Doğma qardaşı Hacı Mübarək onu bu mübarizədə dəstəkləmir. Və Zəkidərin arvadını - filmin əsas qəhrəmanı Səkinəni öz çirkin oyunlarının qurbanına çevirir.

 

Xronometrajı 72 dəqiqə olan filmdən alınan ilk təəssürat bu oldu ki, şərqlilərin ailə, mənəvi və əxlaq dəyərləri heç vaxt olmayıb. Şərq kişiləri isə dünyaya hormonları ilə baxıblar.

 

Maddi imkanları yaxşı olan Hacı Mübarək rəqqasə Maroya sahib olmaq üçün dostu Əlsahibdən onu satın almaq istəyir. Əlsahib isə öz növbəsində onun qardaşı arvadı Səkinəyə gözü düşüyünü deyir. Hacı Mübarək qardaşını öldürtdürüb Səkinəni onun sevgilisi olmağa məcbur edir.

 

Hacı Zəkidərin silahdaşı Həsənin də Səkinəyə meyli var. Rejissor Həsənin Səkinəyə meylini daha saf hisslərə bağlamağa çalışıb. Amma alınmayıb. Məsələn, Həsənin Səkinə ilə tanışlığı epizodunda o, baxışlarıyla az qala qadını soyundurur.

 

Başqa bir epizodda isə Hacı Mübarək Səkinəyə şər atır, zinət əşyaları müqabilində onunla flirt elədiyini deyir. Haci Zəkidər qardaşının şərəfsiz olduğunu bilsə də, onun qayğısına qalan, evinə, ailəsinə bağlı olan arvadına yox, qardaşına inanır. Ölkədə inqilab eləməyə çalışan bir adam, bir lider qadına münasibətdə şüurunda inqilab eləyə bilmir, ona güvənmir, onu dinləmir, instinktləri ilə hərəkət edir. Yalnız oğlu Gülgül həqiqəti danışandan sonra arvadını bağışlayır.

 

Əlbəttə ki, müəllifin danışdığı hekayədə həqiqət məqamları da var. Şərq ölkələrində qardaşın ölmüş qardaşının arvadına sahib olması faktları kimi. Sadəcə, problem ondadır ki, Murun danışdığı əhvalatda sanki Şərqin mənəviyyatsızlığını göstərmək əsas niyyət kimi görünür.

 

Kinomütəxəssislərin də düzgün qeyd elədiyi kimi, dominant motiv inqilab, milli-azadlıq hərəkatı olsa da, ön plana Hacı Mübarəkin, Həsəni əldə etməyə çalışan Maronun, Əlsahibin ehtirasları və kişilərin qurbanına çevrilən Səkinənin taleyi keçib.

 

Belə anladım ki, filmin çəkilməsində əsas məqsəd hüquqları pozulan evdar qadın Səkinənin inqilabçıya çevrilməsi prosesini göstərmək olub. Amma filmdə bu proses demək olar ki, yoxdur, fokus tez- tez Səkinədən yayınır, başqa köməkçi xətlərə yönəlir. Səkinənin sonda inqilabçılara qoşulması şüurlu şəkildə yox, tam təsadüfi baş verir. Final səhnələrindən birində Səkinənin mübarizəsi başlamamış öldürülür.

 

Milli kinomuzda ilk dəfə olaraq məhz bu filmdə qısa və ya qırıq montajdan istifadə edilib. Amma qırıq montaja çox məqamlarda yersiz, bol müraciət olunub. İngilis zabitlərinin çəkmələrinin tez-tez iri planda, qırıq montajla göstərilməsi dramaturji baxımdan əlavə nəsə demir. Bu, filmə dinamika gətirmək məqsədilə edilsə də, dinamika təkcə montajla baş vermir, çünki, o, həm də təbii olaraq materialın içindən doğmalıdır.

 

Bu, yəqin ki, erotik məqamların olduğu ilk milli filmlərimizdən biridir: məsələn, Əlsahibin kababxanasında Maronun rəqsi, onun kişiləri öz seksuallığı ilə cəzb eləməsi və s.

 

Filmdə bədii həlli ilə diqqəti epizod ağ çadraya bürünmüş Səkinənin qara paltarlı qadınlar tərəfindən daşqalaq edilməsi idi.

 

Kinooperator Rafiq Quliyev filmin vizual nəqli haqda yazır: “Şərq mövzusu ilə bağlı “Gilan qızı”nın müəllifləri əsərin ekran həllində “Şərq ekzotika”sının tərənnümünə deyil, sərt realistik üsluba üstünlük vermiş, mərkəzi meydanda mitinq, yük limanı, şah və ingilis qoşunları ilə döyüş, Səkinənin daş-qalaq edilməsi səhnələrində milli-azadlıq şüarı altında mücadiləyə qalxmış insan kütləsinin portretini yaratmağa səy göstərmişdir. Həmin epizodlarda müəlliflərin yararlandıqları təsvir formaları, rakurslu çəkilişlər, qısa montaj və peşəkar işıqlandırma üsulları dramaturji situasiyanı, konflikti daha da kəskinləşdirmişdir.

 

... “Gilan qızı”nda aparılan yeni vizual forma axtarışları nəticəsiz qalmadı və 1928-ci ildə “Azərdövlətkino”nun çəkilişlərinə başladığı “Hacı Qara”, “Vulkan üzərində ev”, eləcə də 1929-cu ildə ekranlara çıxan “Sevil” filmlərinin görüntülərində cilalanmış əksini tapdı”.

 

Cəfər Cabbarlı “Hara gedir Azərkino” adlı məqaləsində filmlə bağlı yazırdı: “Məsələ burasındadır ki, “Azərkino” yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və qadını haqqında hər cür uydurmalar yazır, sonra da ssenarini oxuyan ilk türk elə buna etiraz edir və hər şey alt-üst olur. “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyyat yazmışdılar ki, sonra hər cürə vəziyyətdən çıxa bilmirdilər”.

 

Filmin rejissoru Leo Murun əsl adı və soyadı Leonti Muraşkodur. O, 1889-cu ildə Vitebsk quberniyasında doğulub. 1907-ci ildə inqilabda iştirak elədiyinə görə həbs olunib. Katorqada 4 il olandan sonra Amerikaya qaçıb və burada 1912-ci ilə kimi məşhur Amerika rejissoru Devid Qriffitin və digər kino şirkətlərində aktyor, rejissor köməkçisi və administrator işləyib. İnqilabdan sonra 1923-cü ildə Rusiyaya qayıdıb, Moskvada işləyib, səsli kinoya keçiddən sonra daha çox ssenarilər yazıb. Amerika kinosuna aid kitab və məqalələr müəllifidir. Repressiya qurbanı olması güman edilir. O, həmçinin 1924-cü ildə çəkilmiş milli filmlərimizdən biri “Bayquş”un ssenaristidr.

 

Filmin ssenaristi isə Yuri Slyozkin hüquq fakültəsini bitirib. 1905-ci il inqilabından bəhs edən romanı senzura tərəfindən qadağan olunub, müəllif isə həbs edilib, yüksək rütbəli qohumlarının səyi nəticəsində azadlığa buraxılıb.

 

“Gilan qızı” onun “Tunc ay” əsərinin əsasında ekranlaşdırılıb.  Romanda hadisələr İrandan bəhs eləsə də, ona yerli kino rəhbərliyi filmdəki hadisələrin Azərbaycana Müsavat dövrünə gətirməsini təklif eləyib. Filmin adı da “Qardaş qardaşa qarşı” olmalıymış. Amma sonradan film romana uyğun çəkilib.

 

Hacı Zəkidər rolunu Sidqi Ruhulla oynayıb.

 

S.Ruhulla 1906-cı ildə birinci dəfə N.Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. “Bismillah”, “Gilan qızı”, “Hacı Qara”, “Kəndlilər”, “Fətəli xan” filmlərində oynayıb.

 

Səkinə rolunun ifaçısı Makuxina haqda məlumat yoxdur.

 

Səkinənin oğlu Gülgülü isə rejissor Lətif Səfərov canlandırıb.

 

Qeyd: Bəzi faktlar kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabından götürülüb.

 

Lent.az

Şərhlər