Daha bir gənc aktrisamız Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək - FOTOLAR

12.05.2016 19:07     Artreaksiya

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi cari ilin iyun ayının 1-dən 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq.

Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə də ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndənin iştirakı nəzərdə tutulur.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil ediləcək. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyagin, eləcə də, digər peşəkar rus teatr xadimlərinin rəhbərliyi ilə baş tutacaq. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaqlar.

Start götürdüyü gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı coğrafiyasını genişləndirən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi dəyişməz olaraq qalıb. Məqsəd müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc aktyoru - Günel Məmmədova və Eşqin Quliyev 1 ay müddətində sözügedən məktəbdə iştirak ediblər.

Advertisement Banner

Şərhlər