“Kitab Hədiyyə Et!” aksiyasına start verildi

19.05.2016 19:05     Artreaksiya     2040

“LAYF” Xeyriyyə İctimai Birliyi  “Kitab hədiyyə et”  aksiyasına 2016-cı il mayın 20-dən start verəcək. Aksiya ölkədə  vətəndaş birliyi nümayiş etdirərək, insanların maariflənməsinə diqqət və qayğının artırılmasına hədəflənib. “Kitab hədiyyə et!” aksiyasının keçirilməsində məqsəd istifadəyə yararlı bədii kitabların və dərs vəsaitlərinin toplanıb, mütaliə çeşidi  və kitab  ehtiyatı az olan bölgə, qəsəbə və kənd kitabxanalarına, əsasən də cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın kitab ehtiyacının ödənilməsinə yardımçı olmaqdır. Bu haqda məlumat verən “LAYF” İB-nin sədri Emil Vəliyevin sözlərinə görə, aksiya çərçivəsində insanların könüllü surətdə  hədiyyə etdiyi kitabların ehtiyac sahiblərinə çatdırılmasında vasitəçiliyi  İctimai Birlik öz üzərinə götürüb: “Hədiyyə edilən kitabları vətəndaşlarımızın adından bölgə kitabxanalarına çatdıraraq, bölgələrimizdə kitabxanaların kitab bazasını zənginləşdirmiş olacağıq.  Bununla da, bölgələrimizdə yaşayan vətəndaşlarımızın kitablardan rahatlıqla istifadə edə bilməsini təmin edəcəyik”. Onun sözlərinə görə, kitab hədiyyə edən  vətəndaşlarımız  bununla insanların dünyagörüşünün artmasına, maariflənməsinə, hərbi-vətənpərvərliyə, orduya, özünüinkişafa,  gənclərin bədii ədəbiyyata və təhsilə marağının artmasına yardımçı olacaqlar.

Hədiyyə olunacaq kitablar aşağıdakı şərtləri ödəməlidir:

İstifadəyə yararlı;

Latın qrafikalı;

Faydalı və gənclərin inkişafına kömək edəcək kitablar;

Kitabın arxa üz qabığında kitabı hədiyyə edənin adı, soyadı və ata adı qeyd olunmalıdır.

 Bu şərtlərə uyğun gələn kitablarınızı  hədiyyə etmək istəyirsinizsə, aksiyamıza qoşula bilərsiniz.  Qeyd edək ki, aksiya müddətsizdir.

Kitabların ehtiyac sahiblərinə  və kitabxanalara çatdırılmasında bölgədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları da iştirak edə bilərlər.

 Xatırladaq ki,  aksiya “LAYF” Xeyriyyə İctimai Birliyinin vətəndaş birliyinə hədəflənmiş növbəti tədbiridir.

“LAYF” Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti

Əlaqə nömrələrimiz: (012)562-90-60, 055-310-90-71/74, Ünvan: Z. Bünyadov prospekti 9A. www.layf.az, Fb- LAYF İctimai Birliyi. [email protected]  

Şərhlər