Beynəlxalq jurnalistika kafedrasının əməkdaşları Misir Mədəniyyət Mərkəzində

11.11.2016 11:37     Artreaksiya

Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin rəhbərliyi ilə kafedranın əməkdaşları, magistrant və doktorantları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.

Mərkəzin müdiri Əhməd Sami Elaydi fakültə rəhbərliyi və kafedra əməkdaşları ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edib. Görüşü Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin davamı olaraq dəyərləndirən diplomat bildirib ki, jurnalistika fakültəsinin müəllim və tələbələri üçün ərəb dili kurslarının başlanması ilə bağlı təşkilati işlər yekunlaşıb, yaxın günlərdə kurslara start veriləcək.

Eyni zamanda Misirin məşhur “Əl-Əxbar” qəzetinin “Ədəbiyyat xəbərləri” jurnalının baş redaktoru və Yaxın Şərq Xəbər Agentliyinin (MENA) direktor müavininin Jurnalistika fakültəsində mühazirəsi təşkil ediləcək. Bundan əlavə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan Beynəlxalq jurnalistika kafedrasının müəllimləri, magistrantları və doktorantlarının bütün mümkün vəsaitlərlə təmin edilməsi, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.

Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor H.Vəliyev, öz növbəsində, Mərkəzin müdiri Ə.S.Elaydiyə qısa müddətə ərzində görülən işlərə görə təşəkkür edib və əməkdaşlıq əlaqələrinin bu istiqamətdə davam edəcəyinə əminliyini ifadə deyib.

Görüş Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası, auditoriyaları, konfrans zalı və sərgi otaqları ilə tanışlıqdan sonra başa çatıb.

 

Advertisement Banner

Şərhlər