“Aytəkin - əbədi işığa doğru” - adlı kitabın təqdimatı keçirilib - FOTOLAR

22.02.2017 15:41     Artreaksiya     2246

 Reaksiya.az xəbər verir ki, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında peşəkar pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Musiqi fənləri və dirijorluq” kafedrasının müdiri, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın anım mərasimi və “Aytəkin-əbədi işığa doğru” adlı kitabının təqdimatı keçirildi. Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün daim səylə çalışan Aytəkin xanımı ailə üzvləri, dostları, sənət yoldaşları gözəl xatirələrlə yad edirdilər. Tədbirdə müasir Azərbaycan mədəniyyətinin önəmli simaları iştirak edirdi, hamı  Aytəkin xanımın işığına toplaşmışdı.

İlk öncə Aytəkin Həsənovanın qızı Aytac Qasımova tədbir iştirakçılarını  salamlayaraq dedi :

-         Elə insanlar var ki, yaddaşlarda dərin iz buraxır, öz səmimiliyi, mehribanlığı və insansevərliyi ilə əbədi olaraq ürəklərimizdə qalır. Yəqin mənimlə bir çoxları razılaşar ki, anam belə insanlardan olub. Hətta onu ilk dəfə görən insanların yaddaşında da onun parlaq obrazı qalırdı. O,  öz sənətinə çox bağlı idi və bütün ömrünü musiqiyə, istedadlı musiqiçilərin yetişdirilməsinə həsr edib. Qürurla deyə bilərəm ki, o, zəngin yaradıcılıq fəaliyyəti dövründə böyük uğurlar əldə edib, həm solo konsertlərlə, həm də simfonik və xalq-çalğı orkestrləri ilə çıxış edib, dövlət səviyyəli konsert və tədbirlərdə iştirak edib, adları musiqi pərəstişkarlarına məlum olan onlarla istedadlı tələbəyə dərs keçib…”

Aytac xanım “Aytəkin- əbədi işığa doğru” kitabının yaranması haqqında danışaraq kitabının müəlliflərinə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Aytəkin Həsənovanın həmkarları Kamilə Dadaşzadə və Səbinə Mehdiyevaya, eləcə də nəşrin redaktoru Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyevaya və tədbirin Üzeyir bəy ocağında keçirilməsinə görə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyliyə öz dərin təşəkkürünü bildirdi. Bu fikirlərin ardı olaraq Aytac xanım tədbirin BMA-da keçirilməsinin əhəmiyyətini, Aytəkin Həsənovanın Üzeyir ocağının məzunu olduğuna görə qeyd etdi.

BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli öz çıxışında Aytəkin xanımın insani keyfiyyətlərindən danışaraq bunları vurğuladı:

- Professor Aytəkin Həsənova çox parlaq və pozitiv insan, öz işinin əsl peşəkarı və öz işini dərindən sevən bir müəllim idi. Bu cür müəllimləri bu gün tapmaq çox çətindir! Aytəkin Həsənova son vaxtlarda ağır xəstə olmasına baxmayaraq, heç vaxt şikayət etməyib və ona məxsus optimizm və ruh yüksəkliyini saxlayıb. O bizim üçün əsl həyatsevərlik nümunəsi idi, mədəniyyəti və kübarlığı isə sadəcə valeh edirdi. Puşkinin belə bir misrası var – “Mənim kədərim işıqlıdır”. Qoy bu ifadə gecənin leytmotivi olsun və biz Aytəkin Həsənovanı hər zaman öz həyatını milli musiqimizin inkişafına həsr etmiş gülərüz bir insan kimi xatırlayaq.

Mərasim digər tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etdi. Aytəkin xanımın uzun illər çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva və “Aytəkin- əbədi işığa doğru” kitabının həmmüəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadə ürək sözlərini tədbir iştirakçılarıyla bölüşdü.

Qeyd etmək lazımdır ki, “Aytəkin- əbədi işığa doğru” kitabında Aytəkin xanımın həmkarlarının onun haqqındakı fikirləri, xatirələri hər iki dildə - azərbaycan və rus dillərində yer alıb. Həmçinin kitaba Aytəkin xanımın həyatından önəmli məqamlardan fotolar və onun ifa etdiyi əsərlər, eləcə də musiqiçinin xatirəsinə həsr olunmuş əsərlərdən ibarət DVD-disk  daxil edilmişdir. Tədbirin musiqi bölümündə ilk öncə monitorda Aytəkin Həsənovanın  vaxtilə  BMA-nın səhnəsində ifa etdiyi Vasif Adıgözəlovun “Konsert №2 (3-cü hissə)” əsərinin videomaterialı təqdim olunub. Ardınca dinləyicilər Aytəkin Həsənovanın tələbələrinin ifasını və Aytəkin xanıma həsr olunmuş əsərlərinin canlı şahidi oldular. Maestro Fuad İbrahimovun rəhbərliyi, BMA-nın “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestrinin müşayiəti ilə müasir musiqi mədəniyyətimizin aparıcı ifaçıları solist qismində səhnəni bölüşdülər. Musiqili nömrələrin ardı olaraq gənc bəstəkar Eldar Babayev A.Həsənovaya həsr etdiyi və özü ifa etdiyi “Çiçəyin ətri” əsərini, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova F.Bədəlbəylinin “Prelüdiya”sını, Aytəkin Həsənovanın tələbələri Sevinc Quluzadə və Elmira Hümbətova Vitold Lyutoslavskinin “Paqanini mövzusunda variasiyalar”ını, əməkdar artist Fəridə Məmmədova, eləcə də Fəğan Həsənli və Rəfiqə Quluzadə Elnarə Dadaşovanın Aytəkin Həsənovaya həsr olunmuş “Ariya”sını, beynəlxalq müsabiqələrin laureatı Ümidə Abbasova Arif Məlikovun “İki ürəyin dastanı” baletindən “Komdenin göz yaşları” kompozisiyasını, beynəlxalq müsabiqələr laureatı Səbinə Mehdiyeva F. Listin “İspan rapsodiyası”nı, xalq artisti Murad Adıgözəlzadə F.Şopenin “Noktürn”ünü, xalq artisti Yeganə Axundova və Rövşən Quliyev D.Şostakoviçin "Fortepiano, truba və orkestr üçün konsert"ini (3-4-cü hissələr) səsləndirdilər. İfa edilən hər bir əsər Aytəkin Həsənovaya ithaf edilirdi. Fasiləsiz davam edən alqışların  ardından tədbir iştirakçılarının fikirlərini oxuculara təqdim edirik:

 Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadə:

- Zərif musiqiçi, daim axtarışda olan pedaqoq, zəngin daxili aləmə malik Aytəkin Həsənova… Onun xatirəsi, doğurdan da, nurlu rəndlərə boyanıb, onun haqqında fikir və hisslərimiz ancaq və ancaq saf və işıqlıdır. Çünki Aytəkin öz geniş ürəyini bizə səxavətlə açıb. Hamiya onun xeyirxahlığından bir pay düşüb. Odur ki, bu nəcib,mehriban, son dərəcə sadə və təvazökar xanımın adı çəkiləndə bir qayda olaraq dodaqlara xəfif təbəssüm qonur, çöhrələrin ifadəsi durulur… Keçirilən tədbir öz əhəmiyyəti etibarilə mühümdür. Çünki burada Aytəkin xanımın sevdiyi əsərlər səsləndi. Onun tək arzusu var idi- “ifa etmək, yaratmaq,yaşatmaq”.  Hiss edirəm bu gün onun ruhu burada dolaşır. Onun xatirəsinə həsr olunmuş kitab isə dəyərli, əbədi abidədir.

Əməkdar incəsənət xadimi, A.Zeynallı kolecinin rəhbəri professor Nazim Kazımov:

- Bu gün biz dəyərli pedaqoq, BMA-nın professor, ADMİU-nun “Musiqi fənləri və dirijorluq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın anım mərasiminə və “Aytəkin- əbədi işığa doğru” kitabının təqdimatına toplaşmışıq. Tədbir olduqca möhtəşəm keçdi. BMA və ADMİU anım gününə yüksək səviyyədə hazırlaşmışdı. Bu gün burada hər iki təhsil ocağının  nümayiəndələri yaxından iştirak edirdi. Aytəkin xanımı və onun ailəsini yaxından tanımışam.Gözəl ailənin nümayiəndəsi idi. Onun anası Elmira Paşayeva uzun illərdi bizim Asəf Zeynallı adına kollecdə çalışır. Deyə bilərəm ki, Aytəkin xanım çox dəyərli insan idi. Əfsuslar olsun ki, dünyamızı vaxtsız tərk etdi. Buna baxmayaraq o daim qəlblərdə yaşayacaq, yetişdirdiyi tələbələr onun ənənələrini davam etdirəcəkdir.”

İlahə Qismət

Reaksiya.az

Şərhlər