Əməkdar artist İzaməddin Bağırovun 50 illik tablosuna bir neçə rəng

14.03.2017 15:19     Artreaksiya     1730

“Məsi ağrılarını çiynində, dünyanın bir başından o başına daşıyan balaca qarışqanın  dalınca yol gəlirdi.  Boynunda toxuyub  qurtara bilmədiyi  kəndir idi, bir də elə yarımçıq kəndirin məxsus olduğu şəxs haqqında feilin zaman formasını dəyişdirəcək sərt, nainsaf, qart üzü... Qat kəsmiş  düşüncələrdən kəndirin  qart üzünü seçdi, Məsi “ – bu sətirlər Əyyub Qiyasın “Qarışqa yuvası” pyesinin qəhrəmanı  Məsi və onu canlandıran, səhnə həyatı verən İzaməddin Bağırov  haqqında Hafiz İmamnəzərlinin yazısındandır.  İndi İzaməddin Bağırov  əməkdar artistdir, həm də rejissor kimi  bir neçə maraqlı tamaşaya quruluş verib. Aktyorun 50 yaşını  qeyd etdiyi bu gün həmçinin Sumqayıt Dövlət Dram Teatrının ad günüdür. İzaməddin Bağırov  1967-ci il martın 14-də Şahbaz rayonunun Nurs kəndində müəllim ailəsində dünyaya gəlib. Teatr ailəmi ilə ilk tanışlığı da Naxçıvanda baş verib. “Dəli yığıncağı”na baxıb, az qalıb ki, dəli olsun. 8-ci sinifdə oxuyarkən Bakıya gəlib və Azdramada Səməndər Rzayevin oynunu izləyib. Dəlilik bir az da şiddətlənib. Çarəsini o vaxtki M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda axtarıb, insaf naminə deyək: tapıb da. Elə tələbəlik illərindən rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrını özünə  simsar bilib. Fəhlə də işləyib burada, musiqi sexində əməkdaş da. Arabir kütləvi səhnələrdə, epizodik rollarda gözünün qurdunu öldürüb. Bir il də Dövlət Kukla Teatrında rejissor kimi təcrübə keçib.                                                                                        1991-ci ildə üz tutub Sumqayıta. O vaxt bu yaradıcılıq təşkilatının rəsmi adı belə idi: Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı...             

              İzaməddin Bağırovun düşüncələri:

              “ Mən aktyor ştatında işləyənləri yox, həqiqi  aktyorları dərviş sayıram. Bu müridlərin həqiqi məbədi teatrdır. Mürşidi rejissor, peyğəmbəri M.F.Axundzadə olan bu dinə son nəfəsinə qədər sadiq qalanlar həmişə olub, bu gün də var. Əfsus ki, bu təriqətdə Nəsimi olmaq mümkünsüzdür”.

              Şahmar Qəribli özünün qələmə aldığı “Gəlin, açıq danışaq, lap açıq” publisistik tamaşasında jurnalist rolunu İzaməddin Bağırova tapşırır. Bu tamaşadan sonra aktyorun potensial imkanları üzə çıxır. “Xarakterik obrazlar bu oğlanın boyuna biçilib” qənaəti formalaşır. İzaməddin Bağırov Sumqayıt teatrında yalnız öz oyun tərzini tapmır, həm də ömür gün yoldaşı tapır. Daha doğrusu tələbəlikdən tanıdığı Sadəqət Nuriyeva ilə ailə həyatı qurur.             

              İzaməddin Bağırovun düşüncələri:

      “Aktrisasız səhnə bəzəksiz gəlinə oxşayır. Adam heç əl çalmaq da istəmir. Fəqət bu fədakər sənət sahiblərini sonda tənhalıq gözləyir. Bax, bu, sənətin, təbiətin və cəmiyyətin ədalətsizliyidir”.          

              “Uşağa bir üç yazın”-Albert, “Xacır şah”- Əliqulu xan, Cəfərqulu xan, “Şah İsmayıl”- Uzun kişi, “Gəl qohum olaq”- Qarakişi, “Ananın gül balası” -  Şahmar müəllim, “Subaylarınızdan görəsiniz” - Cinli Mayıl, “Müsyö Jordan və dərviş Məstəli şah”- Şahbaz bəy, “Anlaşılmazlıq” - Jan, “Kim nə deyər bizdə olan qeyrətə”- Fərhad, “Qarışqa yuvası”- Məsi bir-birindən fərqli, koloritli obrazlar İ.Bağırovun rollar qalereyasını zənginləşdirdi.                                                       Monotamaşalar da  gənc aktyorun diqqətini çəkirdi. “Aydın” tamaşasının monovariantını  rejissor F.Məhərrəmovla işlədi və uğur qazandı. Daha sonra Orxan Fikrətoğlunun “Qapı”sında İlqarın daxili tərəddüdlərini, ziddiyyətlərini məharətlə çatdırdı,  həm də özünün sənətkarlıq potensiyalını üzə çıxara bildi. Quruluşçu rejissor kimi özünü  sinamaq üçün A.Kamyunun “Anlaşılmazlıq” əsərini seçdi.

              İ.Bağərovun düşüncələri: 

               “Rejissor teatra aid bütün kitabxanaların mənbələrini oxusa belə, yenə öyrənmək üçün aktyordan zəngin kitab yoxdur”.    

              ...İndi İ.Bağırovun  50 yaşı var, bu yaşın zirvəsindən, müdrikliyindən geriyə baxanda çılğın, emosional, əl-qolla danışmağı çox sevən gənc aktyor və rejissor görür və gülümsəyir. O, son illərdə də maraqlı obrazlar yarada bilir. Hər obrazın da daxili strukturu, rəngi, çaları, koloriti.... Və əməkdar artist İ.Bağırovun ən gözəl xüsusiyyətlərindən biri də səmimiyyətdir.

 İzaməddin  müəllim! Sizə səmimi münasibət  bəsləyən dostların hamısının adından söyləyirik. Təvəllüd gününüz, yubileyiniz mübarək!

Reaksiya.az

Şərhlər