Braziliyada Türk və Latın Amerikası mədəniyyəti bir araya gəlib

25.10.2017 11:54     Artreaksiya     1560

Oktyabrın 23-də Braziliyada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirilib.

Reaksiya.az bildirir ki, tədbirdə öncə Türkiyənin Braziliyakı səfiri Əli Qaya Savut, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov, Qazaxıstanın Braziliya üzrə səfiri Kairat Sarzhanovun məruzələri dinlənilib. 

Daha sonra senator Kristomas Rikardo Kavalkanti Buark çıxış edərək qeyd edib ki, qədim türk mədəniyyəti müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynayıb.

Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mədəniyyətlərarası və qitələrarası dialoqda rəhbərlik etdiyi Fondun rolundan danışıb, Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıqdan söz açıb. Bildirib ki, qədim köklərə mənsub olan türk xalqlarının ən böyük xəzinəsi zəngin ortaq keçmişi, tarixi, mədəniyyəti, adət-ənənəsidir. Bu xəzinənin qorunması və dünyaya tanıdılması Fondun qarşısında dayanan əsas prioritetlərdəndir.

 

Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Türk xalqlarının qərbə köçü” və TÜRKSOY-un Baş katibinin müavini Firat Purtaş “TÜRKSOY və Mədəni diplomatiyası” mövzusunda çıxış ediblər.

Konfransın bədii hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunub. Azərbaycanı kamança ifaçısı Şəhriyar Musayev təmsil edib.

Konfrans çərçivəsində Parlamentin sərgi zalında “Braziliyada türk irsi” mövzusunda fotosərgi açılıb. Sərgi noyabrın 3-dək davam edəcək.

 

Reaksiya.az

Şərhlər