Dosso Dossi türk top modellərlə Bakıda şou göstərdi

06.03.2018 21:12     Artreaksiya     1677

 Dünya səviyyəli məşhur top modellərin iştirakı ilə Türkiyənin ən böyük moda tədbirinə imza atan Dosso Dossi Fashion Show ölkə xaricindəki ilk fəaliyyətini qardaş ölkə Azərbaycanda həyata keçirib. Reaksiya.az-ın xəbərinə görə, bu dəfə Türkiyənin ən məşhur manekenlərini heyətinə daxil edən Dosso Dossi Fashion Show Bakıda türk fırtınası qopartdı.

 Aralarında Çağla Şıkel, Özge Ulusoy, Vilma Elles, Şebnem Schaefer, Günay Museyeva, Merve Büyüksaraç, Tuba Melis Türk və Ege Begüm Yücetanın da olduğu manekenlər Azərbaycanın ən böyük sərgi mərkəzi olan EXPO Centerdə podyuma çıxıb. Xoreoqrafiyasını Öner Evezin hazırladığı dəfilədə türk dizaynerlərinin 2018-ci il üzrə yaz-yay kolleksiyası nümayiş etdirildi. Azərbaycanla yanaşı ətraf ölkələrdən və Türkiyədən gələn qonaqlar dəfiləni böyük maraqla izləyib.

 Dəfilənin ardınca manekenlərlə birlikdə mətbuat konfransı təşkil edən Dosso Dossi Holding şirkətinin İcraçı Direktoru Hikmet Eraslan ölkə xaricindəki ilk moda şousunu qardaş Azərbaycanda həyata keçirdikləri üçün çox xoşbəxt olduqlarını bildirdi. Hikmet Eraslan öz çıxışında bildirib: “Dosso Dossiyə xas dəfilə və konsertlər ilə Bakıda festival abu-havası yaratmışıq. Türk və Azərbaycan xalqı arasında bir çox ortaq cəhət var. Özümüzü evimizdəki kimi hiss edirik. “Bir millət, iki dövlət” devizi ilə Türkiyə ilə güclü əlaqələri olan Azərbaycanın modayla da xatırlanması üçün öz borcumuzu yerinə yetiririk. 1-3 mart tarixlərində Azərbaycanın beynəlxalq ən böyük moda tədbirini həyata keçirdik. İlk şoumuzdan sonra daha da böyük tədbirlərlə Azərbaycanda olmağı arzu edirik”.

 Dəfiləyə qatılan türk modelləri isə qardaş ölkə Azərbaycanda olduqları üçün çox xoşbəxt olduqlarını qeyd etdilər. İlk dəfə Bakıya gəldiyini bildirən Çağla Şıkel: "Çox gözəl bir təşkilatçılıqdır. Ata tərəfim azərbaycanlıdır. Buradakı danışıqları eşitdiyim zaman həmişə nənəm yadıma düşür”-, deyə qeyd edib.

 Özge Ulusoy isə bildirib ki, “belə bir gözəl tədbirdə sevdiyimiz dostlarımızla birlikdəyik. Bakı çox gözəl bir yerdir. Bizi çox sevirlər. Biz də onları çox sevirik”-, deyə qeyd edib.

 Dosso Dossi Fashion Show coşqusu moda şousu başa çatdıqdan sonra gecə də davam edib. Bakının tanınmış əyləncə mərkəzi Enerji Club-da baş tutan əyləncə tədbirində həqiqi mənada musiqi ziyafəti verildi. Azərbaycanın məşhur müğənnisi Röya və Soso Pavliaşvilinin birlikdə konsert verdiyi əyləncə tədbiri rəngli görüntülərə səhnə olub.

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər