Faiq Ağayev son illərin ən bahalı klipini təqdim etdi

02.10.2018 12:11     Artreaksiya     1137

Xalq artisti Faiq Ağayev altı illik fasilədən sonra “Gözüm dəyməsin sənə” adlı mahnısına klip çəkdirib.

Oxu.Az xəbər verir ki, ekran işinin təqdimatı isə ötən gün “Cinemaplus Ganjlik Mall”da baş tutub.

Nail Naiboğlunun rejissorluğunu etdiyi klipdə Xalq artisti Murad Dadaşov, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov, Tünzalə Əliyeva, şairə Nərminə Məmmədzadə, reper Ramil Nabran, Nadir Nağdpul və rəqqasə Fatimə Fətəliyeva ilə oğlu Hüseyn də rol alıb.

“Ekran işi üç gün ərzində qızmar istilərdə çəkilib. Montaj prosesi təqribən iki həftə çəkdi. Onu da qeyd edim ki, bu versiya hazır olana qədər yeddi dəfə dəyişiklik etmişik. Klip ayın 6-da “Youtube” kanalında yayımlanacaq. Maraqlı alınıb”, - deyə Xalq artisti klipi barədə məlumat verib.

O söyləyib ki, illərdir peşəkar musiqi kanalı olmadığı üçün klip çəkdirməyib:

“Hər insan hansısa işi görəndə rəfə atmağa heyfi gəlir. Bizim telekanallar kliplərimizi yayımlamır. Musiqi kanalımız yaransın. Rəhim Rəhimli “MTV Azərbaycan”a rəhbər keçəndən sonra kliplər yayımlanır. Mən də bundan bəhrələndim”.

Klip üçün saçlarını uzadan Ağayev sonradan bu imicin xoşuna gəldiyini bildirib:

“Bu obrazım ilk vaxtlar klip üçün düşünülmüşdü, amma sonradan çox bəyəndiyim üçün belə də qaldı. Cavanların “yaraşır” deməsi normaldır. Yaşlılar “yaraşır” deyəndə şokda oluram. 30 il ərzində saçlarımı uzatdım, qısaltdım, boyatdım və fərqli formalarda oldum. İnsan bəzən güzgüyə baxanda özü-özündən usanır. Bu illər ərzində eyni Faiq Ağayeva baxsaydınız, nə olardı? Dəyişiklik xoşuma gəlir”.

Rejissor Nail Naiboğlu isə ekran işinin son illərdə Azərbaycanda çəkilən ən bahalı klip olduğunu söyləyib:

“Faiq Ağayev klip çəkəndə pulunu vaxtında ödəyən müğənnilərdəndir. Məbləği açıqlamayacağam, amma son 3-4 ildə Azərbaycanda çəkilən ən bahalı klipdir”.

Qeyd edək ki, klipin çəkilişləri üç gün çəkib. Mahnının sözləri Cavid Şahbazbəyova, musiqisi Nadir Nağdpula aiddir.

 

 

Şərhlər