Dədə Şəmşirin yubileyi tədbirlərlə qeyd edilir - FOTOLAR

14.11.2018 17:48     Artreaksiya     1410

Son dövrün ədəbi tədqiqatları isə göstərir ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından sayılan Dədə Şəmşirin yaradıcılığı Kəlbəcərdə doğulmuş digər şairlərinkindən fərqli olaraq, daha geniş şəkildə diqqət çəkmiş və onun ilk şeirlər kitabı Osman Sarıvəllinin redaktorluğu ilə 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr edilmişdir. 1971-ci ildə ustad sənətkarın "Qoşmalar"ı, iki ildən sonra isə "Seçilmiş əsərləri" işıq üzü görmüşdür. Sonrakı illərdə Aşıq Şəmşirin bədii irsi tədqiqat mənbəyinə çevrilmiş, monoqrafiyalar yazılmışdır.

Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə bu böyük söz ustadının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. İndiyədək yubilyarla bağlı bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecələr keçirilib, konsertlər keçirilmiş və bu tədbirlər Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd edilməkdədir.

Bu münasibətlə noyabrın12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 12 saylı kitabxana filialı və Ə.Paşayev adına Mədəniyyət evi də birgə Azərbaycan aşıq poeziyasının tanınmış simalarından olan Aşıq Şəmşirin 125 illiyinə həsr edilən “Aşıq sənətinin Dədə Şəmşiri” adlı tədbir keçirdilər.

Sabunçu MKS-in 12 saylı filialının müdiri Vəsilə Məmmədova tədbiri açaraq qeyd etdi ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır: “Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olmuş, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. Dədə Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Dədə Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb”.

Kəlbəcərli saz-söz vurğunlarının əksəriyyəti yurd, torpaq ayrılığının həsrətinə dözmədikləri üçün Dədə Şəmşirin ruhuna üz tutur, təcnis, qoşma, gəraylıları ilə hicran nəğmələrini yazırlar. Belə müəlliflərdən biri olan Məhəmməd Nərimanoğlu yarır:

Dədə Şəmşir, bilirsənmi gül açmır,

Xəzan vurub bahar çağı dağları!

Balaları şirin-şəkər dil açmır,

Bürüyübdü fəryad, ağı dağları.

 

Köç eyləyib, ellər səndən aralı,

Sinəsindən çalın-çarpaz yaralı.

Alıbdı nişana körpə maralı,

Salıbdı kəməndə yağı dağları.

 

Məhəmmədəm, ocağım yox bu yanda,

Qılınclar pas atır hələ ki qında.

Novruz günlərində, bayram ayında

Dağlayır sinəmin dağı dağları.

 

Təşkilatçı Vəsilə Məmmədova sözü tədbirin aparıcısına - kitabxananın fəal oxucularından biri, şairə Gülmirə Şabanovaya verdi. Özünün məlahətli səsi ilə sanki məclisə yeni ovqat qatan aparıcı tamaşaçılarını xəyalən Dədə Şəmşirin sazlı-sözlü dünyasına apardı. Sazın həzin səsində aparıcı ustad dünyasına xəyali səyahət etdi.

Xanım aparıcı ssenari əsasında söz verdiyi tədbir iştirakçıları bildirdilər ki, Azərbaycan Prezidenti cənab Ilham Əliyevin 2 aprel 2018-ci il tarixli sərəncamı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. Ustad aşığın sənətdəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib: “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb, o dövrün ən yüksək dövlət mükafatlarından olan “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Ulu öndər Heydər Əliyevin də Dədə Şəmşirin sənətini yüksək qiymətləndirib. Ümummilli liderimiz ustad haqqında söylədiyi bir fikri heç zaman yaddan çıxmayacaq: “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”.

Aşıq Şəmşir şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı, kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, vətən sevgisi, torpağa bağlılıq başlıca motivlər şairin əsas məqsədlərindəndir. Kəlbəcər hər bir kəlbəcərlinin bir fiziki ömür müddətində vətəndir. Dədə Şəmşir isə bütün ömürlər müddətində Kəlbəcərin sahibidir! Aşıq Şəmşir Dəlidağın, kəlbəcərlilərin və bütövlükdə xalqımızın mənəvi dəyərlərindəndir.

Tədbirə Azərtacın müxbiri şairə, publisist Zərəngiz Dəmirçiqayalı, Aşıqlar Birliyinin üzvü aşıq Ramiz Quliyev, kitabxananın fəal oxucusu Şahbaz müəllim Eyyubov da dəvətlilər arasında idilər. Şairə, publisist Zərəngiz Dəmirçiqayalı ustad Dədə Şəmşir haqqında fikirlərini tədbir iştirakçılarına çatdırarkən bunları da vurğuladı: “Yaxın tariximizin quruculuğu olan ötən əsrin 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla dahəmahəng səslənir.

Mədəniyyətimizin digər sahələri kimi, musiqi mədəniyyətimizə, xüsusən də muğam və aşıq sənətlərinin inkişafına göstərilən qayğı və diqqətin bəhrəsini hər birimiz görürük. Bəli, muğam sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından sonra 2009-cu ildə əvəzsiz milli sərvətimiz olan aşıq sənətinin də həmin siyahıya daxil edilməsi milli-mənəvi varlığımıza ən yüksək səviyyədə böyük diqqət və qayğıdan xəbər verir”.

Zəngilan musiqi məktəbinin, eləcə də Kəlbəcər rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 84 və 75 saylı tam orta məktəblərinin şagirdləri Dədə Şəmşirin şeirlərini və saz havalarını ifa etdilər.

Aparıcının məlahətli səsində daha bir qoşma pərvazlanırdı, o da Kəlbəcər ünvanlı, Dədə soraqlı idi. Ruhu nigaran ustad, Tanrı bizi həsrətini çəkdiyimiz yurdlarımıza qaytarsın, Ağdabanla Çayqovuşan arasındakı uşaq qəbristanlığındakı müqəddəs məzarınızı yenidən ziyarət edək!

 

Qovuşdu torpağa, torpaq da ona,

Əzizi bilirdi dağları Şəmşir.

Yaylaqlardı onun körpə beşiyi,

Barından tanırdı bağları Şəmşir.

 

Silinməz yaddaşdan səsinin pəsi,

Zilinin avazı - bülbül nəfəsi.

Sədəfli sazında o şah pərdəsi,

Xatırlar Tərtərdə suları Şəmşir.

 

Ağsaqqal bilərdi oğlu Qənbəri,

Sarsıldı - itirdi cavan Əkbəri.

Ad qoydu yaşatsın, o, Ələsgəri,

İstərdi nəvəsi İlqarı Şəmşir.

 

Sevirdi vətənin kiçik daşını,

Sənətdə soruşma insan yaşını.

Qeyrəti ucaltdı enməz başını,

Daim uca tutdu Vüqarı Şəmşir.

 

Cavidin yaşatdı şeir-sənətin,

Məhəbbət tanıdı mətindən-mətin!

Dillərdə dastandı şeir-sənətin,

Əbədi yazısan-baharı, Şəmşir!

 

Məhəmməd NƏRİMANOĞLU

Reaksiya.az

Şərhlər