"KİM DEYİR Kİ, GƏNCLƏRİN MUSİQİ ZÖVQÜ KORLANIB, MƏN RAZI DEYİLƏM"

24.01.2019 13:37     Artreaksiya     1336

Fidan Hacıyeva: "Məsuliyyətimlə deyirəm ki, Azərbaycanda çox istedadlı uşaqlar yetişir. Sadəcə onlara dəstək olmaq, onların üzə çıxması üçün şərait yaratmaq lazımdır"

"Toylarımızda xalq musiqilərimizi, bəstəkar mahnılarını elə gözəl təqdim etmək olar ki, toyun rəngi dəyişər. Sadəcə səliqəli musiqilərə müraciət etmək lazımdı"

 
 
Musiqinin sərhəddi olmur. Janrından asılı olmayaraq hər musiqinin keyfiyyətli ifası könülləri fəth edir. Qonağımız da səhnəyə gəldiyi ilk gündən heç vaxt qeyri-peşəkar musiqilərə yaxın dayanmadı, toyda pul qazanım deyə bayağı bəstələrə üz tutmadı. Bəlkə onun da bəzi müğənnilər kimi daha çox pul qazanmağa ehtiyacı olub. Amma sənətini bayağı musiqilərin qurbanına çevirməyi adına, professionallığına yaraşdırmayıb. Söhbət Opera və Balet Teatrının solisti, Əməkdar artist Fidan Hacıyevadan gedir. «Şərq»in qonağı olan Fidan Hacıyeva Azərbaycan musiqisinin professional tərəflərindən danışdı.
 
- Opera səhnəsində olmaq yəqin ki, digər səhnələrdən daha fərqlidir.
 
- Peşəkar musiqiçi, sənətçi üçün professional səhnə hər zaman müqəddəs məkan sayılmalıdır. Sadəcə opera səhnəsi həqiqətən digər səhnələrdən daha fərqlidir. Opera sənətçisi səhnədə bir qədər də məsuliyyətli olmalıdır. Çünki opera ifaçısı səhnədə canlı ifa etməyə məcburdu. Adətən opera səhnəsində sənətçi mikrofondan istifadə etmir, mikrofonsuz canlı ifa vacib sayılır. Ona görə də sənətçinin səs imkanları o qədər geniş olmalıdır ki, o, opera səhnəsinə çıxmağa hazır olsun. Bir də səhnədə hərəkətlərlə paralel ifa o qədər asan deyil. Burada ifaçının potensial imkanı ilə yanaşı, musiqi texnikasından düzgün istifadəsi özünü büruzə verir. Səsin tənzimlənməsi xüsusi peşəkarlıq tələb edir.
 
- Konsert proqramı necə, nəzərdə tutulurmu?
 
- Londonda Novruz bayramı ərəfəsində solo-konsertim nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bir konsert proqramıdır. İnşallah ora hazırlaşıram. Bundan əlavə Opera və Balet Teatrında italyan operası səhnəyə qoyulur. O tamaşada əsas partiyalardan birini oynayıram.
 
- Siz eyni zamanda pedaqoq olaraq da fəaliyyət göstərirsiz. Bugünkü nəslin opera sənətinə, klassik musiqiyə marağı varmı?
 
- Təbii ki, indiki gənclərin, uşaqların klassik musiqiyə, peşəkar bəstələrə tələbatları böyükdür. Mənim yaratdığım və hazırda fəaliyyət göstərdiyimiz musiqi məktəbində 40-a yaxın tələbəm var. Onların klassik musiqiyə o qədər böyük maraqları var ki, onlar ciddi, zövqlü musiqilərlə maraqlanırlar. Kim deyir ki, gənclərin musiqi zövqü korlanıb, mən bununla razı deyiləm. Bəli, ola bilər ki, bayağı musiqilər səhnəyə ayaq açıb, bunlar müəyyən mənada gənc nəslin zövqünü korlayır. Amma sözün həqiqi mənasında ciddi musiqiyə tələbat da az deyil. Uşaqlarımız ciddi musiqi axtarır. İntellekti, savadı olan uşaqlar səviyyəli musiqilər axtarır ki, dinləsin. Mən uşaqlarla çalışan bir pedaqoq kimi, məsuliyyətimlə deyirəm ki, Azərbaycanda çox istedadlı uşaqlar yetişir. Sadəcə onlara dəstək olmaq, onların üzə çıxması üçün şərait yaratmaq lazımdır. Belə uşaqların tanınmasında televiziyaların da üzərinə böyük məsuliyyət düşür. Onlar belə uşaqların axtarışına çıxmalı, onları verilişlərə dəvət etməlidirlər. Mənim tələbələrim arasında kiçik yaşlı uşaqlar var ki, onlar italyan dilində ifaları ilə inanın insanın ruhunu oxşaya bilirlər, klassik bəstələri mükəmməl ifa edirlər, bəstəkar mahnılarımıza maraqlı tərzdə yanaşaraq o mahnılara yeni nəfəs verirlər. Onları vaxtında dəyərləndirmək lazımdı. Bir dəfə olsun heç bir kanal mənə və mənim kimi həmkarlarıma müraciət etməyiblər ki, sizin tələbələr arasında istedadlı uşaqları təqdim edin, onlar üçün efir saatı təyin edək, Azərbaycanın bəstəkar musiqilərini onların ifasında səsləndirək. Cəmiyyətin musiqi zövqü necə formalaşır? Klassik musiqiləri dinləmək, bəstəkar mahnılarını eşitmək təbii ki, zövqlərə təsir edə bilir.
 
- Fidan xanım efirlərdə az görünür? Bunun səbəbi seçim etməyinizlə bağlı ola bilərmi, ya efirlər sizi az hallarda dəvət edir?
 
- Mən deyə bilmərəm ki, efirlər məni dəvət etmir, ya az dəvət olur. Sadəcə mən seçim edərək verilişlərdə iştirak edirəm. Hər verilişə qatılmıram. Mütləq qonaqların kimliyi ilə maraqlanıram. Hər zaman seçim etmişəm. Mən Opera ifaçısıyam, Opera və Balet Teatrının solistiyəm, təbii ki, verilişdə elə sənətçi ilə oturmalıyam ki, mən ifa edəndə o məni hiss edə, başa düşə bilsin. Mən də onun ifasını başa düşüm. Heç kimin şəxsiyyətinə toxunmaq istəmirəm, hərənin bir yolu var. Amma mən o bayağı musiqiləri ifa edən ifaçı ilə eyni verilişdə necə otura bilərəm? Axı musiqi dünyalarımız fərqlidir. Amma səviyyəli verilişlər olanda qatılıram. Çalışıram ki, getdiyim verilişdə qonaqlar mənim sənətimə yaxın olsunlar.
 
- Efirlərdə baş verənlər sizi narahat etmir ki?
 
- Təbii ki, efir estetika tələb edir. Efir peşəkar ifanı təqdim etməlidir. İstəməzdim ki, efirlərimiz bugünkü görünüşdə qalsın. Axı bizim kifayət qədər peşəkar bəstəkarlarımız var, onların yaratdığı musiqilər var. Onlara müraciət etsinlər. Təbii ki, arzu edərdik ki, səviyyəli musiqilərə müraciət olunsun, efirə dəvət olunan müğənnilərdən tələb olunsun ki, peşəkar bəstələr təqdim etsinlər.
 
- Son dönəmlər hansı bəstəkarlara müraciət etmisiz. Belə bir fikir də yaranmağa başlayıb ki, Azərbaycanda bəstəkarlıq ənənəsi itir, peşəkar bəstəkar mahnıları artıq yazılmır.
 
- Mən bu fikirlə qətiyyən razılaşa bilmərəm. Bizim çox böyük bəstəkarlıq ənənəsi olan bir məktəbimiz olub. Bu gün də o məktəbin davamçıları var. Sadəcə onları tanımaq lazımdır. Mən özüm gənc, amma peşəkar bəstəkarların bir neçəsi ilə işləyirəm. Konservatoriyada o qədər istedadlı gənc bəstəkarlarımız var ki. Nailə Cəfərova, Vasif və Ceyhun Allahverdiyev qardaşları. Yəni adlarını yenə çəkə bilərəm. Onlar həm romanslar yazırlar, həm mahnı janrına müraciət edirlər. Mən özüm mahnı janrına müraciət edirəm. Sadəcə bunları təbliğ etmək lazımdı. Onların mahnılarını efirlərdə səsləndirmirlər.
 
- Nəyə görə səsləndirilmir. «Çörək gətirən mahnılar» deyillər deyə, müğənnilər bu bəstələrə müraciət etmirlər?
 
- Mən bilmirəm, niyə müğənnilər o bəstəkarlara müraciət etmir. Düzdür, mən və mənim səviyyəmdə olan bir neçə müğənnilər müraciət edir. Bir məqamı da unutmayaq ki, peşəkar bəstəkar mahnılarına hər ifaçı müraciət edə bilmir. Bunun üçün savad, musiqi texnikası olmalıdır. Bayağı dediyiniz o müğənnilər həmin bəstələri ifa edə bilməzlər axı, müraciət necə etsinlər? Axı o musiqiləri ifa etmək üçün təkcə səsin olması yetərli deyil. Eyni zamanda musiqi texnikası olmalıdır. Belə musiqiləri ifa etmək üçün musiqidən xəbərdar olmaq lazımdır. Mahnı, romans oxumaq əslində müğənnidən not bilmək, musiqi texnikasına sahib olmaq tələb edir. Notu bilmədən, musiqi texnikası olmayan ifaçı klassik bəstələri, ciddi bəstəkar musiqilərini, mahnıları ifa edə bilməz.
 
- Bəs söz haqqı olan sənətçilər niyə susur, axı onların tənqid etmək, fikir bildirmək haqları var.
 
- Mən qalmaqaldan uzaq insan olmuşam. Sadəcə efirlərimizin estetik baxımdan gözəl olmasını istəyirəm. Bizdə potensialı olan gənclər də var, ifaçılar da. Mən sizə, sizin mətbuat orqanına təşəkkür edirəm ki, bu kimi mövzuları işıqlandırırsız, peşəkarlardan müsahibə alıb onların fikirləri ilə maraqlanırsız. Niyə istedadı olanları efirlər dəvət etmirlər? Mən öz konsertlərimdə o gənclərə səhnə imkanı verirəm. Tələbələrimlə duetlər oxuyuram. Filarmoniyada keçirilən tədbirdə mən tələbələrimlə duetlər təqdim etdim. Bilirsiz, səhnədə tək oxumaq yetərli deyil. Səhnə estetikası, səhnə duruşu, mikrofondan düzgün istifadə, nitq mədəniyyəti, tələffüs bunlar ifaçı üçün vacib olan amillərdir. Ən əsası, səsin texnikasını, səsin quruluşunu tənzimləmək lazımdır. Səsi hardan götürmək lazımdır bunu bilmək vacib məqamlardandı. Səsi yükləmək, yormaq olmaz. Demirəm hamı konservatoriya bitirsin. Heç olmasa, notları bilsinlər, fərdi şəkildə peşəkar sənətçilərdən dərs alsınlar. Notu bilməyən insanın səhnədə yeri varmı? Onun səsi nə qədər güclü olsa belə səs texnikasında qüsur yaranacaq.
 
- Bir çox peşəkar müğənnilər qonorar alaraq toylara gedirlər. Siz necə toylarda iştirak edirsiz?
 
- Mən toya gedən heç bir müğənnini qınamıram. Amma özüm toylara getmirəm. Ola bilər, dost məclisində iştirak edib təbrik edim. Amma qonorarla toylara getmirəm. Yəni toy müğənnisi deyiləm.
 
- Sənətinizə yaraşdırmısız, toyda ifanı.
 
- Bilirsiz, toy bizim xalqın milli adət-ənənələrindən sayılır. Təbii ki, adətlərimizə hörmətlə yanaşıram. Toylarda klassik musiqilər də, bəstəkar mahnılarımız da səslənə bilər. Toyda oxuyanlara da pis baxmıram. Özüm də yeri gələndə dost-tanış məclisində oxuyuram. Amma insanların zövqünü bayağı musiqilərlə korlamaq olmaz. Toylarımızda xalq musiqilərimizi, bəstəkar mahnılarını elə gözəl təqdim etmək olar ki, toyun rəngi dəyişər. Sadəcə səliqəli musiqilərə müraciət etmək lazımdı. Toy olanda nə olar ki, orda səviyyəli musiqi ifa etsələr pis olar ki? Yəqin ki, yox. Sadəcə o mahnıları ifa etmək professionallıq tələb edir. Mən səviyyəli musiqilərin təbliğinin tərəfdarıyam.
 

Şərhlər