Bu gün Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür

28.02.2016 16:25     Bizim reaksiya     2002

Bu gün Azərbaycanın Milli Qəhrəmanı mayor Elman Hüseynovun anadan olduğu gündür.

Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində, 1968-1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.

Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadisələrdən sonra 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi təyin olunub. 12 noyabr 1991-ci ildə Müdafiə Nazirinin  müvafiq əmri ilə yaradılan Tərtər ərazi özünümüdafiə batalyonunun (813 saylı əlahiddə hərbi hissənin) komandiri təyin olunub. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. 

Elman Hüseynov torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb və 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə Respublikamızın ərazi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidliyə, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda və Bakı şəhəri Xəzər rayonunda küçə əbədiləşdirilib. Tərtər şəhərində qəhrəmanın büstü ucaldılıb. Evli idi, üç övladı var.

Allah rəhmət eləsin!

Gun.az

Şərhlər