Yadplanetli və Tanrı

02.06.2015 16:59     Bizim reaksiya     2308

Son zamanlarda sosial şəbəkələrdə din və terror mövzuları yeri gəldi-gəlmədi o qədər çeynənir ki, insanda ikrah hissi yaranır və bu mövzularda daha heç nə oxumaq, heç nə yazmaq istəmirsən. Mən də bezdim, “Facebook” profilimi dondurub bu mənasız və nəticəsiz müzakirələrdən uzaqlaşdım.

Lakin hara getsəm də, mövhumat yaşadığım cəmiyyətdədir. Necə ki, taksidə Hacı Şahinin moizə diskini “oxutduran” sürücüdən soruşdum: “necə olur ki, Allahın və “dilə gələn” Kəbənin adından dialoq hədisi uydurur, Allahın da dilindən deyir ki, Kəbənin ziyarətinin fəziləti Kərbalanı ziyarətin yanında bir dərya dalmasıdır? Nəyə əsaslanır? İmam Hüseynə sevgini belə təbliğ edirlər?”.

Sürücü də, Masazırdan Bakıya mənim kimi 1 manata gedən sərnişinlər də qəzəbləndilər. Dilimin bəlasına düşdüm və oldum “münafiq”. O gündən içimi yedim. Həmin diskdə maraqlı olan başqa söhbət də vardı. Məsələn, İmam Həsən Əsgəri deyirdi ki, Allah dostlarını bəndələrin içində gizlədib, ona görə də, bəndələrlə danışanda diqqətli olun, hörmətsizlik etməyin…

Heyhat! Kəlamın birini unudub, digərinə görə ürək qıracaq, hətta baş kəsəcək dindarlarımız var.

Dünən isə Hindistan istehsalı olan “PK” (PiKey) adlı bir filmə baxdım. Hindistanın banal romantikası və şişirdilmiş komediya elementləri öz yerində.

Amma bu banal filmdə banal dindar həyatı, banal dini təbliğatlar çox gözəl deşifrə olundu. Düzdür, bu film də yetərincə cəsarətli deyil və dinlərdən imtina etməyə çağırmır. Elə mən də. Amma burda dinin oyuncaq olması, “Tanrının menecerləri”nin ümidini Tanrıya bəsləyən və dini liderlərə inanan fanatikləri necə aldatması açıq-aşkar ifşa olunur. Başqa planetdən çılpaq halda gələn PiKeyin gəmini idarə etmək və öz planeti ilə əlaqə saxlamaq üçün istifadə etdiyi boyunbağısı (pult) olur. Görkəmindən səthi hərəkətdə olan dəyirmi, qara daşa bənzəyir. Yerə təzə gəldiyində bir indus onun boynundan boyunbağını dartıb qaçır.

Pikey beləcə gəzə-gəzə, xalqın dilini öyrənir, yaşayışını mənimsəyir. Nyu-Dehlidə kimdən pultu soruşursa, hamı deyir ki, bir Tanrı bilər. Hər kəs onu Tanrıya inanmağa, Tanrıdan istəməyə çağırır. Pikey də üzünü bu yerlilərin Tanrısına tutur.

Amma sonra ona məlum olur ki, bu dünyada bir yox, bir neçə Tanrı varmış. Daha doğrusu, necə din. Hər Tanrının (və ya dinin) menecerləri insanlara bir cür ibadət aşılayır.

Bir Tanrının hüzurunda şərab içirlər, bir Tanrı üçün daşa süd tökürlər, digər Tanrının hüzurunda məbədə yerdə fırlana-fırlana gedirlər, digəri üçün isə hətta baş kəsirlər… Pikey dinlərin və insanların fərqini anlamaq üçün doğum evinə gedir, körpələrin bədənində hansısa dinə aid işarə axtarır, tapa bilmir. Tanrıya ibadət etməyin ən düzgün yolunu axtarır, onu da tapa bilmir…

Hər menecer bir söz deyir. Yazıq yadplanetli depressiyaya düşür. Bu dünyada özünü tapa bilmir. Xırda bir planetin adamları milyardlarla planetin arasında özlərinə minlərlə Tanrı və din uydurublar.

Hər bir dinin meneceri isə iddia edir ki, Tanrını məhz o qoruyur. Belə… Pikeyə isə sadəcə pultu lazım idi, öz evinə qayıtmaq üçün. Düzdür, sonda Pikey öz planetinə qayıdır. O da ki, yalnız Tanrıyla əlaqə quran, amma “səhv nömrəyə düşən” bir qurunu ifşa edib öz pultunu (quru onu “göydən düşən müqəddəs daş” adlandırırdı) geri almaqla. Pikey getdi planetinə… Biz qaldıq. Bu qədər dinlərin və dindarların arasında öz yerini tapa bilməyən “yad” dünyalılar.

Şərhlər