İctimai fikrin formalaşması və reket jurnalistika

16.12.2016 18:20     Bizim reaksiya     4335

Bu günlərdə DTX keçirdiyi əməliyyatla reket jurnalistləri yaxaladı və bir neçə gün keçəndən sonra bu jurnalistlərin villaları, bahalı maşınları mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim edildi. Həmin villaları, maşınları görüb, həmkarlarım kimi məndə də haqlı bir sual yarandı ki, bu “jurnalistlərdə” bu qədər pul hardan idi ki, belə bahalı evlərdə yaşayıb, bahalı maşınlarda gəzirdilər? Görünür az sayda olsa belə, bu cür hallara görədir ki, bizlər də dövlətdən ev istəyəndə, düşünürlər ki, jurnalistin heç nəyə ehtiyyacı yoxdur, hər şeyi var. Amma göründüyü kimi, yaxşı yaşamaq ancaq reketçiliklə məşğul olan jurnalistlərin bəxtinə yazılıbmış. Sizə “yaxşı yaşamaq” deyirəm...

Daha sonra mətbautdan oxudum ki, həmin bu iki reket jurnalist iki il öncə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi müşavirədə də iştirak ediblər. Anlamadım ki, bu adamları həmin müşavirəyə kimlər “sırıyıblar”, ümumiyyətlə, reketçiliklə məşğul olan bu bəylərin informasiya təhlükəsizliyinə nə dəxli olub?! Sonradan ağlıma gəldi ki, bəlkə bunları da ora dəvət ediblər ki, ümumilikdə yalan informasiya yaymağın nə dərəcədə təhlükəli və cinayət xarakterli olduğunu anlatsınlar. Məsələ burasındadır ki, adamlar həmin müşavirədən sonra daha da “üstünə qoyub”, “qaz vurub, qazan doldururdular”. Nə isə, əsas odur ki, yeni yaranmış DTX bu kimi adamları zərərsizləşdirərək müqəddəs jurnalist peşəsinin üzərindən bu ləkəni götürdülər. Amma mənə çox maraqlıdır onların həmin var-dövlətlərinin sonrakı aqibəti...

Bu gün bilirsiniz ki, vətəndaş jurnalistikası kifayət qədər inkişaf edib. Mən də dəfələrlə bununla bağlı fikirlərimi bölüşmüşəm, qeyd etmişəm ki, qəzetlər heç kimə lazım deyil. Yəni, mənə bir nəfər göstərə bilməzsiniz ki, (dövlət idarələrindən başqa) qəzet alsın, oxusun. Çünki artıq dünya inkişaf edib. İnsanlar bu  gün baş verən informasiyanı sabah qəzetdən alıb, oxumaqdansa, əlindəki telefonla sosial mediadan anındaca oxuyur, məlumatlanır. Amma bu heç də o demək deyil ki, ümumilikdə qəzetlər ləğv olunmalıdır. Qəzetlərin inkişafı üçün dövlət KİV-lərə Dövlət Dəstəyi Fondu yaradıb. Bu gün qəzetlərin demək olar ki, çox hissəsi məhz bu KİVDF-nin ayırdığı qrantlar hesabına ayaqda durur. Amma gəlin görək, bu qəzetlərin ictimai fikrin formalaşmasında rolu nə qədərdir?! Bir-iki qəzeti, məsələn, “Yeni Müsavat”, “Kaspi”, “525-ci qəzet”, “Şərq” və s bu kimi bir neçə qəzeti çıxmaqla, heç nə! Hətta adlarını çəkdiyim qəzetlərin də internet saytları olduğu üçün bu gün özləri də yəqin etiraf edərlər ki, qəzetdən çox, saytlarının oxucuları var.  Digər qəzetlər isə sadəcə abunə yolu ilə dövlət idarələrinə satılmaq üçün nəşr edilir. Beləliklə də KİVDF-nin ayırdığı pullar mənasız bir kağız yığınına sərf edilir ki, onların da hamısının sonradan bazarlarda yeşiklərin içinə salındığını görə bilərik. Amma qəzetlərin oxunmağını istəyirdiksə, həmin qəzetlərin informasiya siyasətini dəyişmək lazım idi. Məsələn, bu qəzetlər daha çox insanı maraqlandıran, analitik informasiyalar dərc edə və həmin yazıların anonsunu internet mediada verməklə, ölkəmizdə qəzetə marağı da artıra bilərdilər. Amma etmədilər. “Niyə”, “nə üçün” suallarının cavabı isə tamam başqa bir mövzu olduğundan, bu barədə yazmıram. Mən düşünürəm ki, KİVDF bu qədər qəzetlərə pul ayırmaqdansa, bir neçə qəzetə ayırsa, hansı ki, həmin qəzetlərdə də prezidentin sərəncamları, qanunlar dərc edilir, daha yaxşı olar. Qalan məbləği isə elektron medianın inkişafına yönəldilsə, çox uğurlu nəticələr əldə etmək olar. Çox sağ olsun, Mətbuat Şurasının sədri Əflatun Amaşov ki, millət vəkili seçildiyi gündən bu günə qədər elektron medianın maliyyələşdirilməsi ilə bağlı Milli Məclisdə davamlı təkliflərlə çıxış edir. Amma bu gün məlumdur ki, dövlətimiz iqtisadi böhranla üz-üzədir. Həm qəzetlərə, həm də elektron mediayaya pul ayırmaq nə dərəcədə doğru olar?! Hansı ki, bu gün KİVDF-dən qrant alan qəzetlərin demək olar ki, hamısının elektron variantları – saytları var. Yəni bu gün nə qədər desəniz də ki, bu qəzetlər ictimai fikrin formalaşmasında rol oynayır, yalan olacaq. Hər halda, şəxsən mən hələ bu günə qədər heç bir qəzetin hansısa fikrin formalaşmasında rol oynadığının şahidi olmamışam. Amma baxın, müstəqil blogger Mehman Hüseynovun hər gün bir məmurun evini, var-dövlətini çəkib, sosial şəbəkələrdə paylaşması minlərlə insanın marağına səbəb olur, ictimai fikrin formalaşmasına xidmət edir. Mehman Hüseynovun bu günə qədər çəkdiyi bir çox videolara mən də baxmışam. Və onun bu fəaliyyətini alqışlamışam ki, dövlətdən oğurluq edib, özünə gün-güzəran düzəldən məmurları ifşa edir. Amma nə fayda?! Həmin məmurlar bu gün də öz çirkin əməllərinə davam edirlər. Amma Mehman Hüseynovun son video çəkilişi məni çaşdırdı. O, Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun var-dövlətini nümayiş etdirirdi. Videoya çox diqqətlə baxdım. Mehmanın Qəbələdə olduğunu iddia etdiyi Ağ evi nədənsə, onun özündən başqa Qəbələdə görən olmayıb. Daha sonra rus saytlarında yayımlanan “Rus oliqarxının evi” olan başdan-ayağa qızıldan evi Kəmaləddin Heydarovun adına yazması da yalandır. Çünki internetdə axtarış verəsniz, özünüz də şahidi olarsınız ki, Mehmanın “Kamal müəllimin lüsterlərindən tutmuş, televizoruna qədər qızıldandır” dediyi ev əslində, Rusiyada yaşayan bir oliqarxındır. Daha sonra gənc blogger Kəmaləddin Heydərovun monopoliyaasında olan obyektləri sadalayır. Mən həmin obyektlərin dəqiq Kəmaləddin Heydərova aid olub-olmamasını bilmirəm. Amma bir onu bilirəm ki, Mehmanın göstərdiyi həmin çilçıraqların, çərçivəsi qızıldan olan televizorların şəkilləri internetdə yetərincədir. Daha əvvəl də öz üzərinə araşdırmaçı jurnalist kimliyini yarlıq kimi götürüb müxtəlif şoular yaratmağa həvəs göstərən gənc bloggerin bu araşdırmasına diqqətlə baxanlar onun əslində nə qədər naşı davrandığının dərhal fərqinə varacaqlar.

Maraqlıdır ki, informasiya əldə etməyin bu qədər asan olduğu bir dövrdə bu gənc bloggeri belə primitiv addım atmağa nə vadar edib? Bəlkə o, elə düşünür ki, bu yalan və böhtan kampaniyalarını davam etdirərsə, sonunda qardaşı Emin Hüseynli kimi saçlarını sarıya boyadıb ölkədən qaçacaq və sığındığı ölkədə xoş güzəran quracaq?! Xoş güzəranı isə, məlum məsələdir, adama elə-belə vermirlər. Bunun üçün gərək Edqar Vardanyanla dilbir olub öz ölkən haqqında ali tribunalardan hərzə və hədyanlar danışasan. Bunun üçün gərək Azərbaycanda dövlətimizin hər bir vətəndaşı üçün təmin etdiyi insan hüquq və azadlıqlarını heçə sayasan. M.Hüseynov bütün bunları çox gözəl bilir, amma bir məqamı nəzərindən qaçırır. Gəlin, biz həmin məqamı onun yadına salaq: jurnalistin özünə və peşəsinə az da olsa hörməti olmalıdır. Yalandan nəyisə yazmaq elə də çətin deyil, sabah kimsə əlinə qələm alıb yalan və böhtanla dolu, eyni ilə gənc bloggerin elədiyi kimi, hərzə və hədyanlardan ibarət bir yazı qələmə alsa, sizcə, onun səsi aləmi başına götürməyəcəkmi? Dərhal çığır-bağır salıb öz “dayılarını” köməyə çağırmayacaqmı? Çağıracaq, əlbəttə, çağırmalıdır. Çünki, ona bu cür yazıları yazmağı tapşıran “dayıları” ona elə-belə də deyib: “quyruğun qapı arasında qalanda bizi çağır. Köməyinə gələrik. Necə ki, qardaşının köməyinə gəldik”.

Əslində, bu gün Azərbaycan mediasında tüğyan edən, cəmiyyətimizin bəlasına çevrilən reket jurnalistikası ilə bir sıra bloggerlərin ucundan tutub ucuzluğa getdikləri hər şeyi qara rəngdə göstərmək xəstəliyi elə bir medalyonun iki üzüdür. Yəni, bu yaxınlarda keçirilən əməliyyat nəticəsində saxlanılan reketlərlə indi bu haqqında söhbət açdığım Mehman Hüseynov kimi bloggerlərin heç bir fərqi yoxdur. Cəmiyyətdə mövcud olan hər hansı bir neqativ halı demək yaxşı haldır, amma olmayan bir faktı komputer arxasında oturub öz təxəyyülünə uyğun bir şəkildə yazı və ya video halına salmaq isə bir başa ictimaiyyəti çaşdırmağa xidmət edir. Hansısa bir məmurun mövcud olmayan villası, həm də bütün əşyaları qızıldan olan bir villası haqqında xırda, mənasız bir sujet hazırlayıb onu öz səhifəsində paylaşmaqla əslində Mehman Hüseynov bir maraqlı məqama da diqqət çəkdi. Bu gün sosial media, internet mediası o qədər ciddi insan resursu tərəfindən izlənilir ki, on dəqiqə ərzində bir yalan xəbər belə ciddi ajiotaja səbəb ola bilir. Yəqin, təqdir edərsiniz ki, buna adekvat cavabı səhəri gün çap olunacaq çap mediası verə bilməz və vermək iqtidarında da deyil. Bunun üçün isə daha səmərəli, daha kreativ internet medianın inkişafı üçün stimul olmalıdır. Stimul olmalıdır ki, hansısa kənar qüvvələrin ölkəmizdə çaxnaşma yaratma meyllərinin dərhal qarşısı alınsın. Bunun üçün isə xüsusilə müstəqil fəaliyyət göstərən internet mediasına heç bir şərtsiz, sadəcə, dəstək olmaq lazımdır. Şərt deyərkən də, onu nəzərdə tuturam ki, bu gün demək olar ki, hər bir məmurun bir neçə saytı var. Onun haqqında hər hansı bir tənqid gedən kimi həmin saytlara əmr verilir, hamısı, xorla onun müdafiəsinə qalxır. Yəqin, razılaşarsınız ki, həmin məmurların mətbuata ayırdıqları pulların arxasında dövlətin maraqları yox, öz şəxsi, balaca ambisiyaları durur. Mətbuat isə ictimai fikrin formalaşmasında ciddi rol oynayan bir təbliğat maşınıdır. Burda şəxsi maraqlar yox, dövlət və milli maraqlar öndə dayanmalıdır. 

Zaur Qəriboğlu

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri

 

Şərhlər