Müxalifətin məndən oğurladığı iki saat...

Qarabağ komitəsinin dünən ADP-nin qərargahında keçirdiyi tədbirin anonsunu eşidəndə, sevinmişdim.  Toplantı 17 noyabra - Milli Dirçəliş Gününə təsadüf edirdi deyə, düşündüm ki, Qarabağ adına bir birlik,  milli dirçəliş olacaq. Deyildiyi kimi heç bir siyasi şüar olmayacaq, ancaq Qarabağla bağlı müzakirələr və təkliflər... Tədbirə hər kəsin, istər müxalifət, istəsə də iqtidar tərəfdən hər kəsin gələ biləcəyi üçün isə axar sular durmalı, bu günə qədər iqtidar- müxalifət arasında olan bütün umu - küsü unudulmalıydı. Ən azı iki saatlıq...

Axı tədbirin təşkilatçıları özləri, bu –

“Qarabağ, Qarabağ

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!” şüarını seçmişdilər.

Amma təşkilatçılardan olan AXP sədri Pənah Hüseyn özü çıxışına başlayanda iqtidarı tənqiddən başladı.

 Düşündüm ki, bu qədər Qarabağ atəşi ilə alışıb - yanan, hər gün müharibə deyərək, iqtidarı laqeydlikdə, heç bir iş görməməkdə ittiham edən insanlar bir olacaq, Qarabağ adı ətrafında birləşəcək. Son vaxtlar sosial şəbəkələrdə, çalışdığım internet kanalının yayımladığı videolara yazılan rəylərdən aldığım təəsüratlar bunu düşünməyə vadar edirdi məni. Amma...

Gördüklərin və düşündüklərim arasında o qədər fərq, o qədər böyük uçurum var idi ki...

Tədbirə müxalifət liderlərindən böyük əksəriyyəti qatılmışdı. Bir zaman böyük kütlələri arxasınca aparmağı bacaran müxalifət liderləri həmin gün çox cılız görünürdülər. Tədbirin mahiyyəti açıqlanan kimi Qarabağı necə azad etmək yönündə müzakirələr olsa da müzakirə və təklif irəli sürəcək kimsə yox idi ortada. Yenə köhnə düşüncələr, yenə köhnə 90-cı illərin abu - havasından çıxa bilməyən müxalifət...

Himnimizlə başlayıb uvertura ilə bitən tədbir boş pafosdan başqa bir şey olmadı. Çıxış edən 10-a yaxın müxalifət liderinin birinin də dənə önə sürəcək bir təklifi olmadı.

  Milli Stateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər “keçmişi təhlil etmədən bu günü dəyərləndirə bilmərik deyir.” 30 ildir keçmişi təhlil edib bitirə bilmədikmi bəy?...

Keçmişdə ilişib qalan biri gələcəyə addımlaya bilməz.

Mirmahmud ağanın mitinq çağırışı da Qarabağ dərdindən çox iqtidara meydan oxumaq idi. “Siz bizim təklif edəcəyimiz yeri verməsəniz, biz prezident administrasiyasının önündə mitinq keçirəcəyik.” Bu söz ağızdan çıxan kimi ilk düşüncəm bir tədbirə 100 nəfəri yığa bilməyən insanlar mitinqə kiminlə hansi kütlə ilə gedir oldu. Hansı böyük kütlədən danışırlar? Bəlkə də bu sualıma deyəcəyiniz cavab o olacaq ki, tədbir müzakirə xarakterli idi. Amma bu müzakirələr zatən çay süfrəsi arxasında hər gün edilir. Ən azından, hər partiya, təşkilat sədri özünün təmsil etdiyi qurumdan 50 nəfər dəvət etməklə, tədbirin görüntüsünü dəyişə bilərdi. Bir partiyadan 50 nəfər tədbirə cəlb edə bilmirsinizsə, az qala dövlət çevrilişinə çağırış olan PA-nın qarşısına  necə adam çağırırsız?

 Gülünc və ikrah doğuran təklifləri sanki özləri - özlərinə etdi müxalifət liderləri. Müxalifət hələ də anlamır ki, mitinq dövrü keçdi. Vaxtı ilə milyonları küçəyə tökməyə qadir olan azadlıq carçılarına bu gün inam itib. Keçmişin qalığı olan bu insanlara daha əvvəlki  inam yoxdur artıq.

Tədbir boyu izlədiyim bir şeyi də qeyd edim. Öz içlərində belə bir- birlərini həzm edə bilmirlər bunlar. Bir- birlərinin fikrinə hörmətlə yanaşmayan müxalifət, bu gün Azərbaycanı bu düşdüyü durumdan çətin qurtara...

 Bu gün Azərbaycanı bu durumdan qurtara biləcək, daha dərin məntiqə sahib insanlara ehtiyac var. Ən əsas da gənclərə. İzlədiyim qədəri ilə müxalif partiyalar ancaq 50 -dən yuxarı yaşı olan insanlarla işləyir. Sıralarına gəncləri qatmır. Tədbir görüntüsü bunu deməyi vadar etdi. Barmaqla sayılacaq qədər gənc vardi tədbirdə, onların da yarısı demək olar ki, media işçiləri idi. Bu da ancaq onu göstərir ki, ölkədəki partiyalar bir sədr və iki müavindən ibarət olmaqla özlərindən başqa heç kimlə fikir mübadiləsi etmir. Sıralarına gəncləri dəvət edib daha yeni fikirlərə yol açmırlar.

 Boş pafoslu görüntü...

Mənim üçün acınacaqlı olan tərəfi isə o oldu ki, iqtidarlı, müxalifətli Qarabağ dərdinə əlac edəcək kimsə yoxdur bu ölkədə. 30 ildə iqtidarın edə bilmədiyini bir ümüd müxalifət edər düşüncəsinin üstündən dünən çarpaz xətt çəkdim. Sadəcə itirdiyim iki saatıma heyfim gəldi. Böyük həvəslə gəldiyim və boşa keçirdiyim iki saat...

Üzgünəm, oğlumun verdiyi "Şuşa bizimdirsə niyə bizi Şuşaya aparmırsız" sualına cavab tapa bilmədiyim üçün...

Rəsmiyyə Allahverdiyeva

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər