25 ildən artıq müddətdə deputat kürsüsünü boş yerə zəbt etmişlərdən biri

16.01.2020 12:28     Bizim reaksiya     2829

Son zamanlarda ölkə gündəmini zəbt etmiş mövzulardan biri də Xanhüseyn Kazımlı mövzusudur. Adıçəkilən adama olan kifayət qədər mənfi münasibətim səbəbindən bu mövzudakı müzakirəyə istəməsəm də qatılmaq məcburiyyətində qaldım.

Axır vaxtların kütləvi informasiya vasitələrində əvvəl bu şəxsin rəsmi bir dairədəki məzmunsuz, anlaşılmaz, yəni tam gərəksiz çıxışı ictimailəşdi, ardınca isə özünün əvəzinə (?!) qızının qarşıdakı parlament seçkilərində deputat seşilməsinə ölkə başçısından “icazə” istəməsinə dair onun elə öz səviyyəsinə uyğun məktubu müzakirə obyektinə çevrildi.

Amma bu sətirlərin müəllifi hələ 90-cı illərdə “Femida” qəzetində çalışarkən deputat X.Kazımlının məzmunsuz, məntiqsiz, lazımsız çıxışlarıyla bağlı sərt tənqidi məqalələrlə çıxış etmişdi.

Bir qədər irəli gedərək deyim, həyat elə gətirdi ki, 2015-ci ilin əvvəlində mən uzaqdan-uzağa tanıdığım cənab Kazımovla bir yerdə işləməli oldum.
Redaktoru olduğum və 11 il ərzində hazırlayıb rus və ingilis dillərində nəfis şəkildə buraxdığım “Голос Карабаха”-“Voice of Karabakh” qəzetlərinin fəaliyyətinin 2015-ci ilin fevralından dayandırılmasından bir ay sonra dəyərli bir dostum məni Nəsimi rayon İcra Hakimiyyətinin köhnə binasına dəvət elədi, görüşəndə bildirdi ki, deputat Xanhüseyn Kazımlı ondan xahiş edib ki, rəhbərlik etdiyi “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu” üçün savadlı rus dili mütəxəssisi lazımdır. Əvvəldən antipatiyam olan X.Kazımlıyla işləməyin nə demək olduğunu bilsəm də, işsiz olduğumdan, razılaşmalı oldum.

İlk iş günümdə mühasibi çağırıb mənim maaşımın 500 manat məbləğində yazılmasını tapşırdı, sonrakı 2-3 saatı isə o, özünü tərif mövzusunda mühazirəyə həsr elədi. İkinci ay əmək haqqımın 300 manata endirildiyini gördüm. Cənabın yanına gedib bunun səbəbini soruşdum, əvvəldən söz danışıldığını xatırlatdım. Mənə Molla Nəsrəddinin qonağına “eşşəyini dilimə bağla” cavabı ilə bağlı lətifəsini danışıb, əl-qolunu yelləyə-yelləyə kobudcasına dedi: “Ə, nə olsun ey demişəm, deməmiş olum. İmkan yoxdur!” Halbu ki, onun müxtəlif yollarla nə qədər yeyinti elədiyi, hətta bir sıra “ölü canların” maaş kartlarını özündə saxlayıb pulları özünün aldığı barədə söhbətlər eşitmişdim. Bundan başqa da onun müxtəlif yollarla külli miqdarda vəsait mənimsədiyi haqqında söz-söhbətlərin şahidi olmuşdum.

Bütün bunlar bir yana. Bu adamın işçilərlə, ətrafındakılarla münasibəti rəsmi və qeyri-rəsmi, yazılı və yazılmamış qaydaların heç yanından belə keçmirdi. Təsəvvür edin ki, danışırdılar ki, deputat, kafedra müdiri, professor, üstəlik də Hacı titullarının sahibi olan bu şəxs, gənc katibə qızı, ağsaqqal mühasibi, sürücüsünü basıb döyüb. Özünün heç bir yazı savadı olmamasına, özü heç vaxt iş görməməsinə, hər işini başqalarına gördürməsinə rəğmən adam ayrısınin real iş imkanlarını dərk edib qiymətləndirmək qabiliyyətindən məhrumdur. Məni çağırıb bir kitab verir və az qala yalvarışla deyirdi ki, bu, çox vacibdir, bunu tərcümə eləmək lazımdır (demək olar belə şeylərin əksər çoxunun işlədiyimiz qrupa heç bir aidiyyəti yox idi), sabahı, ya biri günü tərcümə olunması üçün başqa bir material verirdi. Deyirdim ki, müəllim, axı əlimdə dünən verdiyiniz iş var, bozarırdı ki, o da vacibdir, bu da. Deyirdim, başa düşürəm, amma mən bir adamam axı, iki işi eyni vaxtda görə bilmərəm, səsinin tonunu qaldırıb “olmadı da, sən artıq söz güləşdirirsən”, deyirdi. Qısa iş müddətimdə oxşar situasiyalar dəfələrlə təkrarlanmışdı. Yeri gəlmişkən deyim ki, işdən getməyim də növbəti “atışmamızdan” sonra oldu. Cənabın deputat “seçildiyi” Biləsuvar rayonundan götürüb gətirdiyi fransız dili müəlliminin (onu işə qoyacığı adı ilə gətirmişdi, bir neçə ay kirayədə qalan yazığı heç nə vermədən işlətdi, axırda onun səbri tükəndi və rayonuna qayıtdı) yanında texniki və iqtisadi terminlərdən ibərət üç cildlik material verib tələb elədi ki, bunları necə günə tərcümə edəcəyimi bildirim. Qəti sürətdə etiraz edib günü deyə bilməyəciyimi bildirdim. O dedi, mən dedim, əlini ctola çırpıb ayağa qalxdı, cürətlə hərlənib mənə doğru yeridi. Dedim hə, sən axı öyrənmisən işçilərini döyməyə, gəl məni də döy. Sanki ayıldı, dayanıb “yox, döyməyəcəm” dedi. Dedim ağsaqqalsan, deputatsan, professorsan, Hacısan, amma hərəkətini bilmirsən. Nə isə, səhəri təxminən belə məzmunda ərizə verib cavabını gözləmədən işdən getdim: “Dözülməz xasiyyətiniz, daim rəhbər-işçi münasibətləri qaydalarını kobud surətdə pozduğunuz səbəbindən sizinlə işləməyin qeyri-mümkün olduğundan məni vəzifəmdən azad etmənizi xahiş edirəm”. Bəlkə də bunlar sizin üçün, hörmətli oxucular, o qədər maraqlı deyil, amma mən son dövrdə haqqında mediada şox mənfiliklər açıqlanmış cənab Kazımlının həqiqətən dözülməz fərdi cəhətləri barəsində daha geniş məlumatlı olmanız üçün bunları misal kimi yazdım. Yazdım ki, görəsiniz, kimlər bizim müqəddaratımızı “həll edirlər”. İndi də bilir ki, daha deputat seçilmək şansı yoxdur, istəyir ki, nəsillikcə vəzifə ötürülməsi ənənəsinə uyğun olaraq “özününküləşdirdiyi” parlament kürsüsünü qızına ötürsün.
Fikir verin, bu adam nə dərəcədə qeyri-normal məfkurəyə malikdir ki, deputat seçilmək üçün ölkə rəhbərindən “icazə” alınmadığını dərk eləmir. Digər tərəfdən, bu şəxs dərk eləmir ki, özünün həmin ifadəsi ilə o, illər boyu hesabına barındığı hakimiyyəti də zərbə altına atır (yəni deputatların siyahıyla, “icazə” ilə seçildiyini təsdiqləmiş olur). Nə isə.

İndi meydana başqa sual çıxır: belə diletantın, səviyyəsizin əsrin dörddə birindən artıq müddətdə ölkənin parlamentində oturub ölkəyə, xalqa zərrə qədər xeyir vermədən dövlət büdcəsini sümürməsinə şərait yaradan səbəb nədir? Bu qədər vaxt ərzində hansı güclü əl onu müdafiə edib və onun deputat kürsüsünü qoruyub saxlayıb? Ramiz Mehdiyevmi? Əli Həsənovmu? Niyə? Nəyin qarşılığında? Ölkəmizin ali qanunverici orqanında belə xanhüseynlərin kifayət qədər olduğunu nəzərə aldıqda başqa suallar da yaranır. Misal üçün, 25 il ərzində belə bir zay parlamentin (xatirlayrsınızsa, MM-nin ölkə başçısına ünvanladığı müraciətdə növbədənkənar parlament seçkiləri keçirilməsi zəruriyyətini bu orqanın “öz səlahiyyətlərini icra edə bilməməsi şəraiti” ilə əlaqələndirilmişdi) saxlanılması kimə və nəyə lazımmış? Səbəblərin çoxunu hamı bilir (zatən, deyildiyi kimi, köhnə parlamentdə Kazımlı kimiləri, maşallah, az deyil). Adı çəkilən şəxs üçün misal kimi bir cəhəti də (rəhbərliyə yarınmaq, yaltaqlanmaq) mən deyim. Xanhüsyn Kazımlı çox baha qiymətə başa gələn Heydər və İlham Əliyevlərə həsr olunmuş “Böyük siyasətin davamı” adlı çoxcildliyini çap etdirmişdir. Mən “çap etdirmişdir” dedim, “yazmışdır” demədim, çünki kitabı o yox, tanınmış bir jurnalist yazır (yazır deyəndə ki, prezidentin imzaladığı fərman və sərəncamları, müxtəlif tədbirlərdə iştirakı və çıxışlarını və sair məlum sənədləri toplayıb kitab şəklinə salır). Yeri gəlmişkən, rus dilində, necə deyərlər, “da” ilə “net”i bilməyən cənab Kazımlı öz “müəllifliyi” ilə kiməsə “Реалии создания Армении на территориях Азербайджана” kitabını yazdırmışdı və inanılmaz dərəcədə qramatik və üslub səhflərilə dolu yığılmış bu materialı da müftə-müsəlləm mən bir dəfə redaktə etmişdim, çap edildıkdən sonra ikinci dəfə redaktə edirdim, amma işdən getdiyimə görə yarımçıq saxladım, sonrasından xəbərim olmadı.

Qısası, yuxarıda qeyd elədiyim kimi, bu yazını yazmaqda məqsədim müqəddaratımızın Xanhüsyn Kazımlının şəxsində kimlərin əlində qaldığı barəsində düşünək. Bir daha fərqinə varaq ki, biz nə gündəyik...


Qədir Nəsirov

Reaksiya.az

Şərhlər