Rusiyaya tətbiq edilən yeni sanksiyalar“atom partlayışı”effekti verəcək - Almaniya mətbuatı

06.11.2017 14:09     Dünyadan reaksiya     1707

ABŞ-ın Rusiya şirkətləri əleyhinə tətbiq etdiyi yeni sanksiyalar Avropanın başının üstündə “Domokl qılıncı” kimi asılacaq.

Bu sanksiyalar Rusiyanın müdafiə və silah sənayesində çalışan 33 şirkətin üzərinə ağır yük qoyur. İndi bu firmalara xarici kreditlərin verilməsi, o cümlədən onların idarəçilərinə giriş vizalarının təqdim edilməsi proseduru həddən artıq çətinləşəcək.

“Bu siyahıya həmçinin Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və Baş Kəşfiyyat İdarəsi (Müdafiə Nazirliyi) də daxil olmaqla 6 xüsusi xidmət orqanı aiddir. Bununla da amerikalılar ruslarla terrorizmlə mübarizə məsələsində də əməkdaşlıq etməyə can atmadıqlarını göstərmək istəyirlər”,- Almaniyanın “Die Welt” qəzetindən Eduard Ştayner yazır.

Müəllif Dövlət Departamentinin prezident Donald Tramp tərəfindən avqustun 2-də imzalanan CAATS (Countering America's Adversaries through Sanctions Act- Sanksiyalar yolu ilə ABŞ-ın düşmənlərinə qarşı akt-red.) qanununu icra etdiyini yazır: “Bu qanun yanvarın 29-da qüvvəyə minərək ticarət münasibətlərində yeni eranın başlanğıcını qoyacaq”.

Qanuna əsasən Rusiya şirkətlərinin 33%-dən çox paya sahib olduğu bütün beynəlxalq layihələrə sərmayə qoyulması vəə əməkdaşlıq edilməsinə qadağalar gətirlir.

“İndi bütün xarici şirkətlər özlərini girov götürülmüş kimi hiss edəcəklər”, - Rusiya xairici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edir.
Məqalə müəllifi alman firmalarının da Rusiya şirkətləri qədər panika və qorxu içində qaldığını vurğulayır.

Çünki “CAATS qanunu” sadəcə hərbi sahəni deyil, dəmiryol daşımaları, nəqliyyat, metallurgiya, neft-qaz və dağ-mədən sənayesini də əhatə edəcək.

“Belə olan halda yeni sanksiyalar Rusiya qazının Almaniya və başqa Avropa ölkələrinə ixracatını artıracaq “Şimal axını” layihəsini təhlükə altına qoyur”, - müəllif yazır.

“Anlamaq olmur, bir dövlət bütöv bir qitəyə fayda gətirəcək bir layihəni qadağan edir. Avropa ölkələri öz ərazilərində kommersiya xarakterli sərmayə layihələrində suverenliklərini qorumağı bacarmalıdırlar”, -Rusiya energetika naziri Aleksandr Novak müəllifə bildirib.

Məqalədə Almaniyanın da dövlət səviyyəsində sanksiyalara neqativ münasibəti olduğu təkrarlanır. Məsələn, Almaniya-Rusiya xarici ticarət palatasının sədri, Avstriyanın OMV neft-qaz şirkətinin rəhbəri Rayner Zele amerikalıların yeni sanksiyalarla öz mayeləşdirilmiş qazını Avropaya daha baha qiymətə sırımaq istədiyini söyləyib.

Ştaynerin firkincə, yeni sanksiyalar Rusiya ətrafında xarici investorları əməkdaşlıq etməkdən çəkindirəcək nəhəng “toksik zona” yaradır.
“Bu qorxu sərmayə bazarına sürətlə yayılmaqdadır. Maliyyə investorları ABŞ-ın sanksiyalarının Rusiyanın dövlət istiqrazlarına aid edilib- edilməyəcəyi gərginliyi içindədir. Çünki bir çox xarici şirkət olduqca yüksək gəlir vəd edən bu qiymətli kağızları artıq əldə edib. Xüsusilə, Rusiyanın bu cür tədbirlərə qarşı necə davranacağı barədə qeyri-müəyyənliyin davam etdiyi bir müddətdə yeni yasaqlar maliyyə bazarında əsl atom partlayışını doğuracaq”, - Rusiyanın BCS Prime maliyyə şirkətinin rəhbəri Vyaçeslav Smolyaninov məqalə müəllifinə bildirib.

Reaksiya.az

Şərhlər