Əsədin Afrin planı: Türkiyə ilə Rusiya toqquşur

19.02.2018 16:48     Dünyadan reaksiya     1462

Əsədin Afrinə girmək niyyəti Türkiyənin əl-qolunu bağlamaq və Ankaranı Moskva ilə üz-üzə qoymaq məqsədi daşıyır.

Bu sözləri Reaksiya.az-a Əsəd rejiminə bağlı olan qüvvələrin yaxın saatlarda Afrinə girəcəyi ilə bağlı yayılan informasiyaları şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, əslində, yayılan informasiyalarla bərabər ortaya bəzi suallar da çıxır:

“Suriya qoşunları Afrinə girmək niyyətindədirsə və Suriya hakimiyyətinin əsas məqsədi digər bölgələrdə nəzarəti bərpa etməkdirsə, bunu niyə indiyə qədər həyata keçirməyiblər? O biri tərəfdən Suriya ordusu kürdlərə qarşı niyə birbaşa əməliyyat aparmayıb? Tutaq ki, Afrinə girdilər. Bu bölgədə Amerikanın hərbi bazaları yoxdur. Ancaq Afrindən fərqli olaraq Menbiçdə və digər yerlərdə ABŞ-ın hərbi bazaları yerləşir. Əsəd ardıcıl siyasət aparmaq niyyətindədirsə, onda digər bölgələrə də qoşun yeritməlidir. Ancaq Əsəd bunu etməyə tələsmir. Çox güman ki, Afrinə girmək niyyəti Türkiyənin əl-qolunu bağlamaq və Ankaranı Moskva ilə üz-üzə qoymaq məqsədi daşıyır. Çünki Əsəd bu əməliyyatda daha çox rus qoşunlarına arxalanacaq və Türkiyə onlara cavab verərsə, dolayısı ilə ruslara cavab vermiş olacaq. Bu ilk belə hal deyil ki, Əsəd Türkiyə və Rusiyanı üz-üzə qoymağa cəhd edir. Görünür, Afrinə girmək məsələsi daha yeni cəhddir. Əlbəttə ki, bu cəhd regionda yeni vəziyyət yarada bilər”.

Ekspert bu cəhdin uğurlu olacağını düşünmür:

“Çünki Ankara və Moskva arasında bu cür təxribatların qarşısının alınması ilə bağlı müəyyən bir təcrübə var. Eyni zamanda, Rusiya ilə Türkiyə arasında birbaşa əlaqə xətti mövcuddur. Zənnimcə, Moskva ilə Ankara arasında birbaşa danışıqlara ehtiyac var və Suriyada hadisələrin bundan sonrakı inkişafı da məhz bu rabitədən asılı olacaq”.

Qeyd edək ki, Suriya Dövlət Televiziyası Əsəd rejiminə bağlı olan qüvvələrin yaxın saatlarda Afrinə girəcəyini açıqlayıb. Türkiyə tərəfi isə bölgədə antiterror əməliyyatları davam etdirəcəyini bildirib.

 

Reaksiya.az

Şərhlər