Kemerovoda yanğın: Qəzəbli rusiyalılar etiraz edir

27.03.2018 17:23     Dünyadan reaksiya     910

Kemerovo şəhərində hakimiyyətdən narazı yüzlərlə insan əyləncə mərkəzində yanğınla bağlı etiraza qatılıb.

Rəsmi rəqəmlərə görə, bazar günü "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzində yanğın 41 nəfər uşaq olmaqla 64 nəfərin ölümünə səbəb olub.

Hərçənd ki, Kemerovoda keçirilən etiraz aksiyasının iştirakçıları arasında rəsmi rəqəmlərə şübhə edənlər olub.

Belə ki, sosial mediada daha artıq adamın həlak olduğunu iddia edən məlumatlar yayılır.

Kemerovoda etiraz, 27 Mar 18

Mitinq iştirakçıları qurbanların sayı barədə həqiqi rəqəmlərin açıqlanmasını tələb ediblər

İnterfax agentliyi çərşənbə axşamı günü şəhər icra hakimiyyətinin binası qarşısına 300-dək insanın aksiya keçirdiyini bildirir.

Etirazçılar yanğın təhlükəsizliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərin işdən azad olunmasını tələb ediblər, məlumatlarda deyilir.

Daha öncə Kemerovoya gələn Rusiya prezidenti Vladimir Putin deyib ki, bazar günü baş vermiş yanğına səbəb "cinayətkar səhlənkarlıq"dır.

Bu arada rəsmi istintaq yanğın siqnalizasiyasının söndürüldüyünü və binadan çıxış yollarının bağlı olduğunu bildirir.

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində yanğın

Moskvadan təxminən 3,600 km məsafədə yerləşən Kemerovo şəhəri kömür istehsal edən əsas ərazidir.

Yanğının baş verdiyi ticarət və əyləncə mərkəzi 2013-cü ildə açılıb.

Burada kinoteatr ilə yanaşı, restoranlar, sauna, boulinq və xizək salonları da var.

Rəsmi məlumata görə, yanğın bazar günü yerli vaxtla 17:00 da başlayıb.

Rusiya xidmətləri hələ də yanğın ərazisində işləyir

Rusiya xidmətləri hələ də yanğın ərazisində işləyir


Rusiyada ən ölümcül yanğınlar:

2009-cü il - Perm şəhərinin gecə klubunda baş verən yanğın 156 nəfərin ölümünə səbəb olub. Bu, son illərdə Rusiyada yer alan ən dəhşətli yanğın sayılır (Səbəb kimi fişənglərin yanması göstərilir).

2007-cü il - Krasnodar bölgəsindəki yaşlılar evində yanğın 63 nəfərin ölümünə bais olub (Yanğına səbəb kimi atılmış siqaret göstərilir).

2006-cü il - Moskvanın Narkoloji Reabilitasiya Mərkəzindəki yanğında 46 nəfər ölür (Səbəb: Qəsdən od vurma).

2003-cü il - Rusiya Xalqlar Dostluğu Universitetinin yataqxanasında baş verən yanğın nəticəsində 44 nəfər həlak olub (Yanğına səbəb kimi təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması göstərilir).

1999-cü il - Samara şəhərinin polis bölməsini bürüyən yanğında 57 nəfər həyatını itirir (Rəsmi səbəb: söndürülməmiş sıqaretin atılması, hərçənd ki, od vurma da istisna olunmur). (BBC)

Reaksiya.az

 

 

Şərhlər

Çox oxunanlar