Dünyanın yaddan çıxardığı QAYNAYAN QAZAN - Müharibə hər an BAŞLAYA BİLƏR

03.04.2018 13:55     Dünyadan reaksiya     1057

Qərbi Saxara bölgəsində hər an döyüşlər başlaya bilər.

Bu haqda Mərakeşin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Ömər Hilal xəbərdarlıq edib.

O, BMT-nin baş katibi Antonio Guterresə müraciətində qeyd edib ki, Polisario Cəbhəsi son günlərdə Qərbi Saxarada sərhəd pozuntuları edir. Diplomat bunları “təxribat” olaraq xarakterizə edib.

Qeyd edilir ki, Əlcəzair sərhədlərindəki Tenduf qaçqın düşərgəsində yerləşən Polisario Cəbhəsinin şərq sərhədlərindən Mərakeşə doğru edəcəyi hər cür siyasi, hərbi və ya mülki hərəkətlər döyüşə səbəb ola bilər.

Mərakeşin xarici işlər naziri Nasir Burita da dünən yerli KİV-ə açıqlamasında Polisario Cəbhəsinin son günlərdə Qərbi Saxarada sərhəd pozuntuları etdiyini, hadisələrin təhlükəli istiqamətdə inkişaf etdiyini və buna qarşı səssiz qalmayacağını söyləmişdi.

Qeyd edək ki, Mərakeş 1975-ci ildə keçmiş İspaniya müstəmləkəsi olan Qərbi Saxaranı torpaqlarına qatmasından sonra Əlcəzairin dəstək verdiyi Polisario Cəbhəsi ilə Mərakeş arasında başlayan gərginlik davam edir. Polisario Cəbhəsi Mərakeşdən ayrılmağı tələb edir və bu ayrılığı "Qərbi Saxara xalqının öz müqəddəratını təyin etmə hüququ (self-determination)" çərçivəsində görür.

Mərakeş bölgənin öz suverenliyi altında qalmalı olduğunu bildirsə də, Polisario Cəbhəsi Qərbi Saxaranın müstəqil bir dövlət olduğunu göstərir. Polisario Cəbhəsi 1991-ci ildə BMT-nin himayəsi ilə əldə olunan atəşkəs razılaşmasına qədər Mərakeş təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparıb. Atəşkəs razılaşmasından bu yana Qərbi Saxaranın statusu ilə bağlı aparılan danışıqlar uğursuz olub.

Reaksiya.az

Şərhlər