Berlin yerlə yeksan edilə bilər - Nüvə silahlarının izi ilə

04.04.2018 12:12     Dünyadan reaksiya     1569

Rusiya prezidenti Vladimir Putin ölkəsinin ən müasir və analoqsuz silahlara malik olmasını söyləyir və bununla qürrələnir.

O bildirib ki, Rusiya hipersəsli silahlara, nüvə mühərriki ilə işləyən qanadlı raketlərə, “Sarmat” qitələrarası ballistik raketlərinə sahibdir.

Bir müddət öncə hərbi analitiklərin, nüvə sahəsi üzrə mütəxəssislərin bir qismi Putinin qanadlı raketlərlə bağlı açıqlamasını şübhə altına almışdı.

Onlar bildirirdilər ki, dünyada qanadlı raketlərin nüvə mühərriki ilə işləmə mexanizmi yoxdur. Məsələn, Kosmik Siyasət İnstitutunun rəhbəri İvan Moiseyev qeyd edib ki, nüvə enerji qurğuları ilə təchiz olunmuş qanadlı raketlər mövcud ola bilməz.

“Qanadlı raketlərə nüvə mühərrikini qoymaq olmaz və belə mühərrik yoxdur” –deyə o bildirib.

Raket texnikası üzrə alman ekspert Robert Şmuker isə bildirib ki, Putinin bəyanatları inandırıcı deyil.

“Mən təsəvvür edə bilmirəm ki, Rusiya uçan istilik nüvə reaktoru yarada bilsin”-deyə Robert Şmuker söyləyib. 

Fiziklər də deyirlər ki, raket üçün nüvə mühərriki hazırlamaq  texnologiyası yoxdur və ümumiyyətlə, əgər mühərrik mövcud olsa belə onu illərlə sınaqdan keçirmək, yalnız bundan sonra raketə bərkitmək lazım gələrdi.

Modern.az saytının məlumatına görə, Almaniyanın nüfuzlu “Bild” nəşri də Putinin Rusiyanın fantastik silahlara malik olması haqqında dediklərinin şübhəli olduğuna diqqət çəkib.

“Bild” Rusiyanın hərbi ekspertlərinə istinadən yazıb ki, Rusiyanın nüvə arsenalının dağıdıcı gücdə olmasını göstərən kadrlar simulyasiyadır və onların çoxu saxtadır.

Lakin, bu, Avropa üçün ikinci dərəcəlidir. Çünki Rusiya super silahlara malik olmasa belə, Mərkəzi Avropa üçün real təhlükədir. Yəni Putinin dediyi fantastik silahlar olmadan da Rusiya asanlıqla Mərkəzi Avropanı vura bilər. “Bild” qəzeti də Rusiyanın hazırda real olan silahları üzərində fokuslanıb.

“Bild” Putinin Federal Məclisə müraciəti zamanı kadrlarda nümayiş etdirilən bəzi raketlərlə bağlı araşdırma aparıb. Bu raketlər həqiqətən də Avropanı hədələyir, hətta onlardan birinin partlayış dalğası Berlini Yer üzündən silə bilər.

“İsgəndər” raketləri nüvə başlıqları ilə təchiz oluna bilir və onlar Frankfurta qədər uçaraq Almaniya ərazisindəki hədəfləri vurmaq qabiliyyətindədir.

Daha da təhlükəlisi isə budur ki, “İsgəndər” raketləri Avropa Birliyinin şərq hissəsinin mərkəzində -  Kalininqradda yerləşdirilib. Oradan Berlinə qədər olan məsafə 500 kilometrdir.

Hərbi ekspertlərin fikrincə, bütün Kalininqradda, Soldatov meşələri ətrafında Rusiyanın strateji nüvə gücləri yerləşdirilib.

“Bild”in Kalininqraddan hazırladığı reportajda göstərilib ki, burada meşələrdə, dərələrdə, kiçik çaylarda Rusiyanın 152-ci raket briqadası yerləşdirilib.

Lakin ağaclar və təpələr onu yaxşı maskalayır.

Reaksiya.az

Şərhlər