Məhkəmə Cənubi Koreyanın sabiq prezidentinin həbsinə qərar verib

06.04.2018 11:49     Dünyadan reaksiya     1205

Seul məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Pak Kin Heni korrupsiyada, rüşvətxorluqda, vəzifəsindən sui-istifadə etməkdə və dövlət sirrini yaymaqda təqsirli hesab edərək, onun haqqında 24 il azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Bu gün keçirilən və televiziya ilə canlı yayımlanan məhkəmə prosesində prokurorluğun tələbi ilə qeyd olunan cinayətlər üzrə sabiq prezident üçün 30 il həbs cəzası tələbinə dair məsələyə baxılıb. Pak Kin He göstərilən ittihamları rədd edərək, məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, Cənubi Koreyanın ilk qadın prezidenti 2013-cü ildə dövlət başçısı seçilib. 2016-cı ildə parlament onun haqqında impiçment qərarı çıxarmışdı. Ötən ilin martında isə konstitusiya məhkəməsi impiçment qərarını qüvvədə saxlayaraq, onu rəsmən vəzifəsindən kənarlaşdırıb.

Sabiq dövlət başçısı ilə bağlı korrupsiya qalmaqalı 2016-cı ilin oktyabrında iri kompaniyaların Pak Kın Henin yaxın rəfiqəsi Soy Sun Silin qurduğu fondlara külli miqdarda pul ödəməklə dövlətin dəstəyini qazanması xəbərlərinin yayılması ilə başlayıb. Soy Sun Sil dövlət postlarında işləmədən prezident administrasiyasının işlərinə qarışıb və varidatını artırmaq üçün əlaqələrindən istifadə edib.

Korrupsiya işi üzrə aralarında “Samsung” korporasiyasının rəhbəri də daxil olmaqla 30 nəfərə qarşı ittiham irəli sürülüb.(azərtac)

Reaksiya.az

Şərhlər