Suriya bazasını kim vurdu: ABŞ, yoxsa?.. - Rusiyadan açıqlama

09.04.2018 11:19     Dünyadan reaksiya     1279

Suriyanın Xüms vilayətinin şərqində yerləşən T-4 aviabazası kütləvi raket atışına məruz qalıb.

Suriya bazasını İsrail təyyarələri vurub.

Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik hücumun bu gün 03:25-lə 03:53 arasında gerçəkləşdiyini bildirib.

Hücumda İsrailin iki F-15 təyyarəsi iştirak edib. Onlar Livan ərazisindən istifadə edərək aviabazanı vurublar. Hücum zamanı 5 idarəolunan raket məhv edilib. Üç raket isə aerodromun qərb hissəsinə düşüb. Hücum zamanı Rusiya hərbçilərindən heç kim həlak olmayıb.

Suriyadakı T-4 aviabazasının raket atəşinə məruz qalmasından sonra İŞİD Xüms vilayətinin bir sıra rayonlarında hücuma keçməyə cəhd edib.

İsrail Müdafiə Nazirliyi T-4 bazasının vurulmasıyla bağlı məlumatları şərh etməkdən imtina edib.

Livanın “Əl Mayadin” televiziyası raketlərin Aralıq dənizindən buraxıldığı haqqında informasiya yayıb. Suriyanın hökumət qüvvələri isə bazaya 8 raketin atıldığını bəyan edib.

“RİA Novosti” agentliyi hücum zamanı bütün raketlərin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bildirib. Agentlik hücum zamanı heç kimin xəsarət almadığını qeyd edib.

ABŞ Müdafiə Nazirliyi həmçinin hücumun arxasında dayanmadığını açıqlayıb.

Qeyd edək ki, 2017-ci il 7 apreldə ABŞ qanadlı raketlərlə Suriyanın Şeyrat bazasını darmadağın etmişdi. Suriyada rejim qüvvələrinin kimyəvi silah tətbiq edəcəyi halda növbəti zərbə endiriləcəyi xəbərdarlığı edilmişdi.

Ötən gün isə Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə edildiyi, ən azı 80 nəfərin öldüyü, minlərlə insanın zəhərləndiyi xəbəri yayıldı və buna görə BMT TŞ-nin iclası çağırılıb. Trampın açıqlaması ABŞ-ın Suriyaya zərbə endirəcəyi haqda rəy yaratdığından, Rusiyanın bu ölkədəki S-400-ləri tam döyüş hazırlığına gətirildi, rus qırıcıları isə Aralıq dənizində ABŞ HHQ-ni izləməyə başladı.(axar)

 

Reaksiya.az

Şərhlər