Nalbəndyan təcili Moskvaya qaçdı

26.04.2018 13:16     Dünyadan reaksiya     1278

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Nikol Paşinyanın başlatdığı inqilab nəticəsində baş nazirin müavini Karen Karapetyanın da hakimiyyətdə saxlamağın qeyri-mümkün olduğunu anlayandan sonra təcili Moskvaya yollanıb. Virtualaz.org xəbər verir ki, Nalbəndyanın Moskvaya getdiyini Ermənistan XİN rəsmən təsdiqləməyib, amma nazirin “ezamiyyətdə olduğunu” bildirməklə kifayətlənib.

Analitiklərə görə Moskva Ermənistanda qəfil vüstət alan xalq hərəkatının nəticəsində Serj Sərkisyanı hakimiyyətdə saxlaya bilməsə də “Qazprom”un adamı Karen Karapetyanın heç olmasa keçid müddətində baş nazir postunu tutacağına ümid edirdi. Lakin ötən gün Paşinyan hakimiyyətə ultimatum verib və ölkədə artıq hökumətin olmadığını elan edib. Nəticədə Moskvada Ermənistanın nəzarətdən çıxacağına dair narahatlıqlar artıb. Proseslər başlayandan bəri ilk dəfə Putin situasiyaya müdaxilə edib və Ermənistan prezidenti Armen Sərkisyana zəng vurub. Habelə Rusiya səfirliyinin diplomatları Paşinyanla danışıqlar aparıblar. O cümlədən erməni mənşəli rusiyalı oliqarxlar Paşinyana xəbər göndəriblər ki, Karapetyanı da devirməyə qədər gedib çıxmasın. Lakin fanatik Paşinyan bütün bu şərtləri rədd edib. Bu da Ermənistanda “xarici siyasət kursunun” radikal şəkildə dəyişəcəyinə dair Moskvada narahatlıqlar yaradıb və Nalbəndyan təcili Rusiyaya yollanıb. Onun kimlərlə görüşdüyü məlum deyil.

Reaksiya.az

Şərhlər