Paşinyan: Ermənistanda keçirilən bütün seçkilər saxtalaşdırılıb

07.06.2018 13:03     Dünyadan reaksiya     842

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, indiyədək ölkədə keçirilən demək olar bütün parlament və prezident seçkiləri saxtalaşdırılıb.

 Paşinyan bunu iyunun 7-də respublika parlamentində çıxışı zamanı bildirib.

“Mən hesab edirəm ki, 1991-ci ildə keçirilən prezident seçkilərindən və 1999-cu ildə keçirilən parlament seçkilərindən başqa digər bütün seçkilər saxtalaşdırılıb. Bunun üçün fiziki məhvdən başlamış, seçki prosesi zamanı rüşvətə qədər bütün qanunsuz vasitələrdən istifadə olunub”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib. O, həmçinin bu proses səbəbindən ölkədə əxlaq qaydalarına zidd atmosferin yarandığını qeyd edib.

“Ermənistanda bütün qüsurlu hadisələrin bununla birbaşa əlaqəsi var. Yeni hökumət belə proseslərin kökünü kəsməli, azad və demokratik parlament seçkiləri keçirməlidir”, - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentində Paşinyan hökumətinin yeni proqramının müzakirəsi davam edir. Nazirlər Kabinetinin və onun rəhbərinin gələcəkdə fəaliyyət göstərməsi məsələsi və yeni parlament seçkilərinin keçirilməsi perspektivi proqramın parlament tərəfindən qəbul edilməsindən və ya rədd olunmasından asılıdır.(azərtac)

Reaksiya.az

Şərhlər