Moskvada Yerevana qarşı böyük hiddət: - Ermənistana silah satışı dayandırıla bilər

02.08.2018 12:48     Dünyadan reaksiya     853

Kommersant: "Rusiyanın Ermənistana verəcəyi silah krediti sual altındadır"

Ermənistanın yeni hakimiyyəti tərəfindən sabiq rəhbərliyin təqib olunması rəsmi Moskvanın hiddətinə səbəb olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb olunması xüsusi ilə Moskvanı qəzəbləndirib.
 

Rusiyada Ermənistanın hazırkı rəhbərliyinin hərəkətləri hərbi blokun imicinə zərbə kimi qiymətləndirilib. Moskva hesab edir ki, KTMT-nin baş katibi postuna digər üzv ölkənin vətəndaşı seçiləcək.

Bundan əlavə, Ermənistana 100 milyon dollar dəyərində silah tədarükünə dair razılaşma da sual altına düşüb. Mənbə bildirib ki, Ermənistan bu məbləğ dəyərində kredit alaraq Rusiya ilə müqaviləni uzatmalı idi: "Lakin hazırda bu ölkədə baş verənləri ümumiyyətlə anlamaq çətindir".

Qeyd edək ki, ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Ermənistan hökuməti bundan sonra da Ermənistan – Rusiya tərəfdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsində, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qarşılıqlı əlaqələrin effektivliyinin artırılmasında maraqlıdır.

O, eyni zamanda qeyd edib ki, Ermənistanın xarici siyasətində prioritetlər dəyişməyib və onlar ölkə parlamentində təsdiqlənən hökumətin proqramında aydın şəkildə göstərilir. Balayan əlavə edib ki, ölkə daxilində baş verənlərin heç bir halda Ermənistanın xarici siyasəti ilə bağlılığı yoxdur.

Onu da diqqətə çatdıraq ki, Rusiya XİN başçısı Sergey Lavrov rəsmi Yerevanı tənqid edib. O bildirib ki, Ermənistandakı hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil edir.

"Rusiya Yerevanın müttəfiqi kimi həmişə erməni dövlətinin sabitliyində maraqlı olub, ona görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Bu narahatlıq, həmçinin Ermənistanın iştirak etdiyi MDB məkanında fəaliyyət göstərən təşkilatların normal işinin təminatı baxımından da mövcuddur" — deyə o bildirib.

"Son günlər biz öz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinin nəzərinə çatdırmışıq. Ümid edirik ki, vəziyyət konstruktiv məcrada davam edəcək" — nazir əlavə edib.

Onun sözlərinə görə, Moskvada Ermənistanda may ayında baş verən böhran zamanı böyük məmnuniyyətlə bu böhranın həllinin bütün aparıcı partiyaların iştirakı ilə kompomis əsasında tapılmasını qeyd edirdilər: "Biz ümid edirdik ki, bu nəticədən çıxış edərək bütün siyasi qüvvələr, ilk növbədə Ermənistanın yeni rəhbərliyi, yeni iqtidar birləşdirici yanaşmanı davam etdirəcək, milli birliyi möhkəmləndirəcək".

 

"Lakin son günlərin olayları aşkar şəkildə belə müsbət başlanğıcı pozur, Ermənistanın yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bu yaxınlarda verdiyi bəyanatları ilə ziddiyyət təşkil edir", — deyə lavrov fikrini yekunlaşdırıb.

Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamı irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib.

Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib. Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.


Reaksiya.az

Şərhlər