Yeni Dünya Müharibəsinin mərkəzi: - İdlib niyə vacibdir?

11.09.2018 14:41     Dünyadan reaksiya     1044

İdlib əyaləti Suriya üçün böyük təhlükə kəsb etməyə başlayıb, çünki burada 50-100 min müxalif cəbhəninin nümayəndəsi cəmləşib. 

İdlibə nəzarətə bu qədər böyük diqqət yetirilməsi ilə bağlı Oxu.Az-a açıqlamasında rusiyalı ekspert Denis Korkodinov danışıb. 

Ekspertin sözlərinə görə, bu region Suriyanın suverenliyinin bərpasında strateji əhəmiyyətə malikdir, çünki İdlib əldən çıxsa, Dəməşqin vəziyyəti çox ağır olacaq. Və bütün Suriyanın taleyi bu gün məhz İdlibdə həll olunur. 

“İdlib əyalətində uzun illər boyu Bəşər Əsəd rejiminə müxalif olan müxtəlif silahlı qruplaşmalar yaradılıb. ABŞ və Rusiya, eləcə də, ABŞ və Türkiyə arasında gərgin əlaqələri nəzərə alsaq, burada vəziyyət nəzarətdən çıxa bilər. Bu əlaqələrdə Suriya çox narahat mövqe tutub. 

Dəməşqə hücum edən tərəflərin razılaşmadığını nəzərə alsaq, onların əldə olanlarla kifayətlənməyəcəyi, Suriya dövlətini tamamilə dağıdacağı riski çox yüksəkdir”, - müsahibimiz bildirib. 

Korkodinov əlavə edib ki, Türkiyə Suriya hökumət qüvvələrinin İdlibə gözlənilən hərbi əməliyyatları fonunda çətin vəziyyətə düşüb. Bir tərəfdən, Ankara regiondakı nüfuzunu itirməklə üz-üzədir, digər tərəfdən, Rusiya ilə münaqişə yaşaya bilər. 

“Suriyanın İdlib vilayətinə quru əməliyyatları məsələsi həll olunub. Rusiya tərəfindən dəstəklənən Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr ən yaxın vaxtlarda hücuma keçmək niyyətindədir. 

Türkiyənin İdlibdə hərbi varlığının olması onların Rusiya qüvvələri ilə toqquşması təhlükəsini yaradır. Tamamilə əmin olmaq lazımdır ki, İdlibə hücum zaman məsələsidir. 

Bəşər Əsəd də İdlibdə Suriyanın taleyinin həll edildiyini tamamilə anlayır. Vilayətdə baş verən hadisələr Türkiyəni narahat edir, çünki münaqişə yeni miqrant axınına səbəb ola bilər. Türkiyə isə bununla təkbaşına mübarizə apara bilməyəcək. 

Beləliklə, yaranmış vəziyyət İdlibdə Rusiya və Türkiyə maraqlarının bölünməsi üçün obyektiv şərait yaradır”, - ekspert qeyd edib. 

Arayış

Suriyanın şimalında yerləşən İdlib bölgəsi prezident Bəşər Əsəd qüvvələrinin sonuncu böyük istinadgahıdır. Ancaq bugünədək onun kimin nəzarətində olduğunu demək mümkün deyil. KİV-in məlumatlarına əsasən, İdlibdə “Əl-Qaidə” ilə əlaqəli olan 100 mindən çox terrorçu var. 

Rusiya bildirib ki, İdlibin 70 faizdən çox hissəsi terrorçuların nəzarətindədir. 

Amerikalı hərbi ekspertlər İdlibdəki terrorçuların sayının 20-30 min olduğunu bildirirlər. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bir müddət öncə terrorçuların sayının 10 min olduğunu açıqlayıb. 

Rəsmi məlumatlara görə, İdlibdə ümumilikdə üç milyon insan yaşayır. Son yeddi ildə regionun minlərlə sakini Əsədə qarşı silahlı mübarizəyə qoşulub, ancaq İdlibdəki suriyalıların böyük hissəsinin bu münaqişəyə aidiyyəti yoxdur. 

Kim kimdir?

İdlibdə əsas fəaliyyət göstərən qüvvələr:

“Hayat Təhxrir əl-Şam” (bu, “Ən-Nusra terrorçularından ibarət dəstədir);

Milli Azadlıq Cəbhəsi (Türkiyənin dəstəklədiyi qruplaşma);

“Xurras əl-Din” (“Hayat Təhxrir əl-Şam” qruplaşmasından ayrılmış dəstə):

Türkistan İslam Partiyası (Çin uyğurlarından ibarət qruplaşma).

Reaksiya.az

Şərhlər