İranda 50 şəhərdə aksiya başladı: dükan-bazar bağlandı

09.10.2018 11:49     Dünyadan reaksiya     827

Güney Azərbaycanın bir neçə şəhərində bazarın durğunluğu və ağır iqtisadi vəziyyətə etiraz olaraq bazarlar tətilə çıxıb.

Darayi xiyabanında yerləşən Təbrizin Böyük bazarı bağlanıb. Mağazalar fəaliyyətini dayandırdıqdan sonra Darayi xiyabanına çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub.

Təbrizin Böyük bazarı etirazlara qoşulsa da, mağazalar açıqdır. Ümumilikdə Təbriz bazarı yarıtətil vəziyyətindədir. Böyük bazardan başqa Təbrizin bir neçə məntəqəsində mağazaların bağlı olduğu bildirilib. Məhəmmədi və Əmir Kəbir ticarət mərkəzləri, həmçinin qızıl bazarı da etirazlara qoşulub.

***

İranda baş qaldıran etiraz aksiyaları ölkənin 50-dən çox şəhərinə yayılıb. İqtisadi durğunluğa etiraz olaraq mağaza və ticarət obyektlərini bağlayan sahibkarlar kütləvi tətilə başlayıblar.

Tehran, İsfahan, Şiraz, Məşhəd, Təbriz, Urmiya, Marağa, Qəzvin, Zəncan, Kirmanşah, Sonqur, Qəsr Şirin, Qoşaçay, Bukan, Saqqız, Banə, Mərivan, Qorqan, Sərdəşt, Bəndər Abbas, Çabahar, Zahidan, Xaş, Borazcan, Kazerun və digər şəhərlərdə bazarlar fəaliyyətini dayandırıb, minlərlə mağaza və ticarət obyekti sahibi tətilə qoşulub.

Mağaza və ticarət obyektlərinin fəaliyyətini dayandıraraq ölkə üzrə geniş tətillərə başlaması və bunun yaxın günlərdə daha geniş vüsət alması ehtimalı hakimiyyəti, o cümlədən Həsən Ruhani hökumətini təəccübləndirib.

Hökumət rəsmiləri ölkənin müxtəlif şəhərlərində başlanan kütləvi tətillərə hələlik hər hansı bir reaksiya verməyiblər.

Qeyd edək ki, kütləvi tətillər, bir neçə gün əvvəl sosial şəbəkələrdə əhalini geniş tətillərə başlamağa təşviq edən çağırışların yayılmasından sonra reallaşıb.(axar)

Reaksiya.az

Şərhlər