FRANSA AKSİYALARINDA İKİ MÜHÜM MƏQAM GÖRÜNÜR

13.12.2018 15:36     Dünyadan reaksiya     769

Əlbəttə, burada kənar qüvvələrin təsiri inkaredilməzdir

Amma ən diqqətçəkən məsələ odur ki, əgər insanlar həqiqətən narazı olmasaydı, onları heç bir qüvvə meydanlara ata bilməzdi

 
 
Fransada "sarı Jiletlilər"in davam edən nümayiş dalğaları tələbələrin etirazları fonunda daha da artıb. İnstitutların və universitetlərin tələbələri təhsil haqlarının qaldırılmasına etiraz olaraq küçələrə axın ediblər. Nəticədə 450-yə yaxın təhsil müəssisəsinin işi pozulub, onlardan 50-si tamamilə bloklanıb. Tələbə ittifaqları ən azı həftənin sonuna qədər etirazlarını davam etdirmək niyyətində olduqlarını söyləyiblər. Günlərdir cərəyan edən etiraz aksiyaları səbəbi ilə prezident Emanuel Makronun əmri ilə ölkədə fövqəladə vəziyyət elan olunub. 
 
Avropadakı qarışıqlıq Fransa ilə yekunlaşmayıb. Parisdə başlayan etirazların miqyası daha da genişlənərək qitənin digər ölkələrinə sıçrayıb. Fransadan sonra Yunanıstan, Belçika və Hollandiya da qarışıb. "Sarı Jiletlilər”dən sonra Hollandiyada "Qırmızı Jiletlilər” adlı etirazçılar küçələrə çıxmağa başlayıblar. "Qırmızı Jiletlilər” Hollandiya baş naziri Mark Ruttenin illərdir davam edən hakimiyyətinin artıq sona çatması və yerində ictimai bir Hollandiya inşa edilməsinə çağırış ediblər. Ekspertlər qlobal böhran və durğunluq səbəbindən Avropanın digər ölkələrində də xalq kütlələrinin küçələrə çıxacağını bildiriblər.
 
Avropa dövlətlərindəki proseslərlə bağlı fikirlərini "Şərq”ə bölüşən siyasi şərhçi Anar İmanov deyib ki, qitədə baş verənlərdə iki mühüm məqam var. Əlbəttə, burada kənar qüvvələrin təsiri inkaredilməzdir. Amma ən diqqətçəkən məsələ odur ki, əgər insanlar həqiqətən narazı olmasaydı, onları heç bir qüvvə meydanlara ata bilməzdi: 
 
"Avropa ölkələri özlərini "haqlı” hesab edirlər və başqa dövlətlərə ağıl öyrədirlər. Hər fürsətdə demokratiyadan danışdıqları halda öz ölkələrində baş verən ədalətsizliklərə göz yumurlar. Hadisələri başqa cür şərh edirlər. Aksiyada bir qadını fransız polisi saçından dartıb, yerlə sürüyür. Məgər budurmu onların hər bir ölkədə görmək istədiyi demokratiya?! Hardadır demokratiya carçıları? Niyə ağa ağ, qaraya qara demirlər? Bunun bir adı var - ikili standart. Xarici siyasətdə tətbiq olunan ikili standartlar zamanla həmin ölkələrin daxilində bu kimi problemləri üzə çıxarır. Sosial problemlərin içində boğulan dövlətlər öncə özlərindən başlamalıdır. 
 
Başqasının gözündə çöp görüb, öz gözündə tiri görməyənlər qəflət yuxusundan ayılmalıdır. Öz vətəndaşlarını yerdə sürüyənlər bu davranışın yanlış olduğunu dərk etməlidir. Daxili qüsurlarına "fransız” qalan Avropa dövlətləri başqalarına dərs keçə bilməzlər. Yaxşı olar ki, əvvəlcə öz insanlarının taleləri, onlara səs verənlərin dərdləri ilə maraqlansınlar”.

Şərhlər