“İnterpol”un keçmiş çinli rəhbərinin xanımı Fransadan rəsmi olaraq sığınacaq istəyib

19.01.2019 18:11     Dünyadan reaksiya     698

Çin xüsusi xidmət orqanları onu “Camal Qaşıqçı hadisəsi”ndə olduğu kimi sənəd vermək bəhanəsi ilə konsulluğa çağırıb həbs etmək istəyiblər

İnterpolun keçmiş çinli rəhbəri, hazırda Çində istintaq altında olan Men Hunveyin xanımı Fransadan sığınacaq istəyib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, Fransa hökuməti Qreys Men və ailəsinin müdafiəsini artıq təşkil edib.

Qreys Men hələ keçən ilin payızında Çin xüsusi xidmət orqanlarının onu oğurlamaq istədiyini bildirib.

2018-ci ilin oktyabr ayında iki çinli biznesmen onlaırn evlərinə gələrək birlikdə Çexiyaya getməyi təklif ediblər. İki gün sonra isə həmin adamlar xüsusi təyyarə ilə ailə üçün Avropa turu təşkil etmək istədiklərini söyləyiblər. Lakin bunun tələ olduğunu başa düşən xanım Men dərhal rədd cavabı verib.

Daha sonra isə Çinin Liondakı konsulluğu ona ərindən məktub gəldiyini və bunu almaq üçün özünün şəxsən iştirak etməli olduğu barədə bildiriş göndərib. Qadın konsulluqdan məktubu fransız polisinə verilməsini istəsə də, heç bir reaksiya verilməyib.

Hazırda Qreys Men İnterpolun mənzil-qərargahının yerəşdiyi Lion şəhərində xüsusi mühafizə ilə yaşayır.

 

Reaksiya.az

Şərhlər